Azərbaycana gələnlərin sayı artıb: Turizm üçün artıq pandemiya arxada qalıb?

81

Dövlət Turizm Agentliyinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 246 277  əcnəbi səfər edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.Bu dövrdə Azərbaycana gələnlərin 39 faizinin və ya 95 844-nün səfəri mart ayında baş tutub. Bu göstərici ötən ilin mart ayına nisbətən 2,1 dəfə yüksəkdir.Həmçinin yanvar və fevral aylarında ölkəmizə gələnlərin sayı da ötən ilin eyni ayları ilə müqayisədə artıb.

Mart ayında ən çox əcnəbinin gəldiyi ölkələr sırasında Türkiyə (24 244), Rusiya (17 824), İran (15 638), Gürcüstan (5483) və Ukrayna (5327) ilk beşlikdə qərarlaşıb. Ötən ilin mart ayı ilə müqayisədə Türkiyədən gələnlərin sayı 64,8 faiz, Rusiyadan gələnlərin sayı 21,1 faiz, İrandan gələnlərin sayı 1,9 dəfə, Gürcüstandan gələnlərin sayı 12,8 faiz, Ukraynadan gələnlərin sayı isə 5 dəfə artıb.

Lakin bu göstəricilər turizm sektorunun pandemiyadan əvvəlki dövrə qayıtması mənasına gəlmir. Söhbət ondan gedir ki, cari ilin yanvar-mart aylarında ölkəyə gələnlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz, o cümlədən mart ayında gələnlərin sayı 61 faiz azdır. Ölkəyə gələnlərin sayında  ən çox azalma Şimal Şərqi Asiya regionundandır (87,6 faiz). Ən az azalma isə Şərqi Avropa regionu üzrə qeydə alınıb (1,7 faiz).

Konkret ölkələrə nəzər salanda isə məlum olur ki, cari ilin birinci rübündə 2019-cu ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından ölkəmizə gələnlərin sayında artım olub. Belə ki, 2019-cu ilin birinci rübündə bu ölkədən Azərbaycana 6437 nəfər gəlmişdisə, cari ilin müvafiq dövründə  bu göstərici 20,4 faiz artımla 7751 olub. Rüblük göstəricidə artım olsa da mart ayında bu ölkədən gələnlərin sayında 14,4 faiz azalma olub.

Bu ilin martında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artım ancaq Pakistandan gələnlərin sayında qeydə alınıb. Belə ki, 2019-cu ilin üçüncü ayında bu ölkədən Azərbaycana 2733 nəfər gəlmişdisə, bu ilin martında isə bu rəqəm 46,4 faiz artaraq 4001 nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsul istehsalının 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinin payına düşüb. Bu sahədə cari ilin iki ayı ərzində ötən ilin yanvar-fevral ayları ilə müqayisə 2,4 dəfə artım qeydə alınıb.

Həmçinin bu ilin fevral ayının 1-nə olan məlumata görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 28,4 min muzdla çalışan işçi var. Bir il əvvəllə müqayisədə  bu göstərici 4,8 min nəfər çoxdur.

Cari ildə Azərbaycanın turizm sektorunda 48  faiz artım olacağı gözlənilir. Turizm postpandemiya dövründə əvvəlki göstəricilərin qısa müddətdə bərpa ediləcəyi gözləntilərinin böyük olduğu sahələrdən biridir. “İki sahil”