Azərbaycan Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

47

Azərbaycan Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, bu gün 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti hərbi təxribatının qarşısını almaq üçün başladığı cavab tədbirlərindən iki il ötür.

44 günlük Vətən müharibəsinin başlanğıcını qoyan bu tədbirlər Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirilib.

Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoyub, Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Eyni zamanda, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını bərpa edib. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin edib.

Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuzun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açıb, beynəlxalq ədaləti bərqərar edib.

Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən genişmiqyaslı qeyri-qanuni fəaliyyəti üzə çıxardı. Torpaqlarımızın kütləvi şəkildə minalanması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatlarının talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər hüquq pozuntularına dair açıq dəlillər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Ermənistanı öhdəliklərini yerinə yetirmədiyinə , habelə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciətlər edib. BƏM Azərbaycanın verdiyi vəsatətlər əsasında 2021-ci il dekabrın 7-də Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul edib.

Son iki il ərzində Azərbaycan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərini, o cümlədən böyük infrastruktur layihələrinin icrasını həyata keçirir, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz şəraitdə geri dönüşünü, bu torpaqlarda həyatın yenidən canlanmasını təmin etmək üçün məqsədyönlü addımlar atır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh və sabitliyə nail olmaq istiqamətində tədbirlər görür.

Bunun əksi olaraq Ermənistan revanşizm mövqeyi sərgiləyərək üzərinə götürdüyü öhdəlikləri tam icra etmir, silahlı birləşmələrinin qalıqlarını hələ də bölgədən çıxarmayaraq və ərazidə yeni minalar basdırmaqla təhlükəsizliyə ciddi hədə yaradır, bölgədə kommunikasiyaların açılışı üçün demək olar ki, heç bir praktiki addım atmır, hərbi təxribatlarını davam etdirir və beləliklə də normallaşma cəhdlərinə ciddi xələl gətirir.

Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasının təşəbbüskarıdır. Biz, Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Ermənistanın nəhayət ki, danışıqlarda imitasiyaya son verib, real, konstruktiv addımlar atması gərəkdir. Bölgənin sülh şəraitində inkişafının başqa alternativi mövcud deyil.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən sentyabrın 27-də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.