Azərbaycan xalqı Sovet İttifaqına bir daha sübut etdi ki…

162

 

Azərbaycan Respublikasının Təhsil Nazirinin 13 yanvar 2022-ci il tarixli F-14 nömrəli əmri və Mingəçevir Turizm Kollecinin tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilib.

19 yanvar 2022 – ci il tarixində kollecin Tələbə Gənclər Təşkilatının aktiv üzvləri və kollecin  inzibati heyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib müstəqillik uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları qarşısında baş əyib abidələri önünə gül qoyublar.

Günün ikinci yarısında Mingəçevir Turizm Kollecində “20 Yanvar qan yaddaşımızdır” adlı nəzəri konfrans baş tutub. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Xalqımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra kollecin Mədəni–kütləvi tədbirlər üzrə təşkilatçısı Şahlar Mirzalıyev “20 Yanvar faciəsindən 32 il keçib. Bu tarix Azərbaycan xalqının iradəsini, qürurunu, birliyini sındırmaq istəyən Sovet İttifaqına bir daha sübut etdi ki, nəyin bahasına olursa-olsun bu xalqı kölə etmək mümkün deyil. Azərbaycan xalqı ölümü gözə alar nəinki köləliyi” deyə nitqinə başlayıb. Qanlı Yanvarın tarixi gerçəkləri haqqında kollecin tarix müəllimi Eldar Dərişov “20 Yanvar tariximizin qəhramanlıq səhifəsidir” mövzusunda çıxış edib. O çıxışı zamanı bu tarixin Azərbaycan xalqının həm faciə, həm də qəhrəmanlıq salnaməsi olduğunu qeyd edib.

Kollecin  ədəbiyyat müəllimi Kifayət Əliyeva “Azadlığı qanla yazan qəhrəmanlar” adlı çıxışında şair Şəmşid Rzanın 20 Yanvar haqqında yazdığı “Dedinmi?” şeirindən misralar səsləndirib. Kollecin fəal tələbələri: TGT sədri Gülnar Mirzəyeva və Hərbi Vətənpərvərlik klubunun sədri Günay Mirzəyeva 20 Yanvar faciəsinin dünyaya bəyan edilməsində dünya mediyası və Azərbaycan gəncliyinin gördüyü təbliğat işləri haqqında çıxışlar ediblər. Konfransın sonunda iştirakçılar Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli filmə baxıblar. Daha sonra tədbir iştirakçıları kollecin tələbələrinin də rəsm əsərlərinin nümayiş etdirildiyi Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssəsi və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin birgə şəhər miqyasında həyata keçirdiyi “Dəyişməyən yaddaş” adlı kitab və rəsm sərgisində iştirak ediblər.

Esmira Hidayətova, Mingəçevir