“Azərbaycan xalqı aprel döyüşləri zamanı özünü yenidən tanıdı”

0
353

Nicat İntiqam
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında başlayan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon Ermənistan tərəfindən işğal olunub. 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalansa da, işğalçı ölkə buna əməl etmir.
Bu il aprel ayının əvvəlində də cəbhədə ermənilər növbəti təxribatlarını törətməyə çalışdılar. Amma bu dəfə ordumuz sürətli əks-həmləyə keçərək, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyi və yaşayış məntəqələrini düşməndən azad etdi. Aprel döyüşləri ilə xalqımız, ordumuz öz qəhrəmanlığını bir daha təsdiqləmiş oldu.
“Aprel müharibəsi”nin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava yəqin ki, uzun illər müzakirə mövzusu olacaq, müsbət mənada özünü hələ çox göstərəcək. Prezident İlham Əliyevin dediyi kimi, aprel döyüşləri bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirdi.
Həmsöhbət olduğumuz, mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən tanınmış ictimaiyyət nümayəndələri də bu qənaətdədirlər.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan dedi ki, Qarabağ müharibəsinin aprel mərhələsi Azərbaycan cəmiyyəti üçün sınaq oldu: “Bu problemlə maraqlanan, onun həll edilməsi istiqamətində fəaliyyət göstərən beynəlxalq institutlar üçün də bu bir test rolunu oynadı. Hamı bildi ki, Azərbaycan xalqı üçün Qarabağ vazkeçilməzdir. Həmçinin düşmən Ermənistan üçün də ordumuzun, dövlətimizin, cəmiyyətimizin reaksiyası, təpkisi ciddi görk oldu. Apreldə baş verən əməliyyatlar zamanı təkcə hərbi üstünlük bizdə deyildi, psixoloji üstünlüklə də biz düşmən ölkəni, onun dəstəkçilərini mat qoymağı bacardıq. Sıravi insanların, siyasi müxalifət nümayəndələrinin, medianın, bir sözlə, cəmiyyətin bütün təbəqələrinin o zaman tutduğu mövqe qürurverici idi”.
A. Ayxanın sözlərinə görə, şəhidlərin dəfn mərasimləri də xalqın Qarabağ məsələsində necə güzəştsiz mövqedə olduğunu göstərdi: “Azərbaycan xalqı əslində aprel döyüşləri zamanı özü-özünü yenidən tanıdı. Əksəriyyətdə belə rəy var idi ki, azərbaycanlılar Qarabağın taleyi ilə ciddi maraqlanmırlar. Bu rəy beynəlxalq təşkilatlarda da var idi. Lakin tam tərsi oldu – xalq işğaldakı torpaqları uğrunda, demək olar ki, ayağa qalxdı, səfərbər olmaq üçün cəhd etdi. İtkilərimiz oldu, əsgər və zabitlərimizi itirdik, bu, olduqca ağır itkiydi bizim üçün. Fəqət, kimsə bu itkilərə görə ruhdan düşmədi, qorxmadı, bədbinliyə qapılmadı. Müharibə aparan ölkə üçün bu, olduqca vacib amildir. İnanıram ki, Azərbaycan xalqı torpaqlarının işğalda qalması ilə barışmayacaq, gec-tez bu üzücü problemin həlli üçün ayağa qalxacaq, lazım olan addımları atacaq”.
Psixoloq Elnur Rüstəmli aprel döyüşlərinin Azərbaycan cəmiyyətində çox böyük psixoloji təsirinin olduğunu vurğuladı: “Bu psixoloji təsirlə baryerlər qırıldı. Bilirsiniz ki, aprel döyüşlərində Azərbaycan Ordusu yüksəklik əldə etdi, insanlarımız bu istiqamətdə səfərbər oldular, eyni məqsəd, eyni amal uğrunda birləşdilər. İnsanlar arasında həmrəylik baxımından, torpaqlarımızın geri alına biləcəyi, savaşın vacibliyi haqqında fikir, düşüncə formalaşdı. Bu bizim atəşkəsdən sonra ilk böyük döyüş əməliyyatımız idi və çox da uğurlu oldu. Düşmən böyük canlı qüvvə itirdi. Aprel döyüşləri Azərbaycan cəmiyyətində vətənpərvərlik, vətəni qorumaq, həmrəylik istiqamətində çox böyük təsir gücünə malik oldu. Bu hal xüsusi dəyərləndirilməlidir”.
E. Rüstəmov qeyd etdi ki, bu döyüşlərdə şəhid olanlara hörmət, diqqət xüsusi vurğulanmalıdır: “Hər bir şəhidimizin dəfn mərasimi böyük izdihamla müşahidə olundu. Bütün bunlar isə cəmiyyətimizdə çox böyük təsir gücünə malik oldu, gənclərimizin hərbi xidmətə cəlb olunmasına da müsbət təsir göstərdi”.
Əməkdar jurnalist Məzahir Süleymanzadənin aprel döyüşlərinin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava ilə bağlı sualımıza cavabı belə oldu: “Biz cəmiyyət olaraq ordumuzun gücünə inanırdıq və aprel döyüşləri göstərdi ki, Azərbaycanın, həqiqətən, güclü ordusu, düşmən qarşısında sonadək dayana biləcək əsgərləri var. İlk dəfə idi ki, son illərdə şəhid gətiriləndə biz göz yaşları tökmədik. Şəhidlərimizi öz adlarına layiq, qürurla, hörmətlə, sabaha inam hissi ilə qarşıladıq. Azərbaycan cəmiyyətində çox böyük dəyişiklik əmələ gəlib. Həmin hadisələrdən bir qədər əvvəl və sonra da müxalifət-iqtidar söhbəti getmədi. Hamı bir amal, bir istək ətrafında birləşmişdi, hamı döyüşə getmək istəyirdi və gedirdi də. Bu onu göstərdi ki, Azərbaycanda, həqiqətən, öz torpaqlarımızın işğaldan azad olunacağına inam böyükdür. Bu inamı bizdə, təbii ki, Ali Baş Komandan, Müdafiə Nazirliyi və igid əsgərlərimiz yaratdılar. Bu döyüşlər göstərdi ki, biz öz torpaqlarımızı azad eləməyə qadirik və istənilən vaxt bu əmri yerinə yetirəcəyik, torpaqlarımız işğaldan azad olunacaq. Bu döyüşlər insanlarımızda həm qürur hissi, həm sabaha inam hissi oyatdı. Şəhidlərimizin 40 mərasiminədək keçən müddət ərzində şəhidlərimizlə bağlı nə qədər mahnılar yarandı, nə qədər şeirlər yazıldı. Əvvəllər də bu cür şeirlər yazılırdı, amma bu şeirlərin məzmunu artıq dəyişdi – sabaha inam hissi, bizim igid əsgərlərimizin, zabitlərimizin göstərdikləri qəhrəmanlığın vəsfi bu şeirlərin əsas mövzusu idi”.
M. Süleymanzadə dedi ki, münaqişənin həlli ilə bağlı danışıqlar davam etdirilir və aprel döyüşlərinin nəticəsi olaraq, artıq diktə edən tərəf, öz fikrində israrla dayanan tərəf Azərbaycandır: “Əgər bundan sonrakı danışıqların nəticəsi olmasa, yenə Ali Baş Komandan əmr verəcək, yenə səngərlərimiz möhkəmdir, yenə iradəmiz qətidir”.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın sözlərinə görə, aprel döyüşləri, başda gənclər olmaqla, hər kəsin işğal altında olan torpaqlarımızı geri almaq uğrunda yalnız sözdə deyil, əməldə də tam hazır olduğunu sübuta yetirdi: “Aprel hadisələri insanlarda Vətənə sevgi, torpağa sevgi, şəhidə ehtiram hisslərini sanki daha aydın şəkildə qabardıb cəmiyyəti bir, bütöv etdi”.
Hərbi ekspert Üzeyir Cəfərov da aprel döyüşlərinin cəmiyyətimizdə doğurduğu əhvali-ruhiyyəni, birliyi çox yüksək qiymətləndirdi: “Çalışmaq lazımdır ki, ordumuza bundan sonra da dəstək olaq, ordumuzun uğurlarının üstünə uğurlar gətirək”.
Qarabağ müharibəsinin könüllü iştirakçısı, ilk snayper qadın Növrəstə Yusifovanın isə sualımıza cavabı belə oldu: “Əhvali-ruhiyyə çox gözəldir. İcazə versinlər, döyüşümüzü davam etdirək. İnsanlarımızdakı döyüş əhvali-ruhiyyəsini görüb çox sevinirəm”.
Sosioloq Cavid İmamoğlunun fikrincə, aprel döyüşləri ilə insanlarımızda kollektiv ruh, kollektiv inam, kollektiv müdafiə və kollektiv şüur hissi formalaşdı: “Bu da özünün bir sıra keyfiyyətləri ilə müşahidə olundu. Yəni insanlarda bir növ sosial məsuliyyət hissi artmağa başladı. Hər kəs bir nəfər kimi düşünməyə başladı. Hər kəs yalnız pozitiv nəticə, yəni qələbə barədə fikirləşirdi və bu istiqamətdə addımlar atırdı. Könüllü olaraq insanlar canlarından, pullarından, əməklərindən bu yolda keçməyə hazır vəziyyətə gəldilər. Çox sevindirici haldır, “aprel müharibəsi” göstərdi ki, Azərbaycan insanının, cəmiyyətinin əhvali-ruhiyyəsi tamamilə müharibə ab-havasına uyğundur və bizim cəmiyyət müharibəyə hazır vəziyyətdədir”.
Millət vəkili Fəzail İbrahimli vurğuladı ki, aprel döyüşləri Azərbaycanda müstəqillik illərindən başlayaraq mövcud olan nümunəvi psixoloji mühiti dəyişdirdi: “Təbii olaraq hər bir Azərbaycan insanının daxilində bir istək var ki, torpaqlarımızı düşmən işğalından azad edək. Amma böyük dövlətlərin ikili standartlarla yanaşması, məsələlərə səbirli münasibət, o dövrdə doğulan uşaqların artıq yetkinlik yaşına çatması və s. səbəblərdən bir unutqanlıq əhvali-ruhiyyəsi hökm sürürdü. Baxmayaraq, dövlət başçısı həmişə bəyan edirdi ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik – əgər hüquq normaları daxilində addım atılmasa, biz öz gücümüzlə torpaqlarımızı azad edəcəyik. Bu tezis həmişə mövcud idi, amma hələ ki bir düşüncə idi. Aprel döyüşləri həmin tezisləri təsdiq etdi”.
Fəzail İbrahimlinin sözlərinə görə, aprel döyüşlərindən sonra bu prosesin qarşısında sipər olan dövlətlər başa düşdülər ki, Azərbaycan onların nəzərdə tutduğu “status-kvo” ilə barışmayacaq: “Münaqişəni törədən qüvvələr hesab edirdilər ki, bu prosesə Azərbaycan tərəfi öyrəşəcək, erməni tərəfi də öz mövqeyində qalacaq. Bu düşüncədən azad oldu, bu düşüncədən xilas oldu Azərbaycan xalqı. Eyni zamanda erməni tərəfinin özü də başa düşdü ki, bu, yanlış düşüncədir. Məlum oldu ki, lazım olanda Azərbaycan bütün hədləri aşıb, öz torpağını müdafiə etməyə hazırdır. Nəhayət, bir vacib məqama toxunmaq istərdim. Topxana meşəsi ilə bağlı 1988-ci ildə Azərbaycanın birliyi var idi, bütün Azərbaycan – yaşından, siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq, hər kəsdə Vətən təəssübkeşliyi düşüncəsi var idi və bu, milyonları Azadlıq meydanına yığmışdı. Məhz o dövrdən sonra bir qədər deformasiyaya uğrayan, düşüncələrdə müxtəliflik yaradan fikirlərə aprel döyüşlərində son qoyuldu və məlum oldu ki, bu millətin torpaq sevgisində, sərhəd məsələsində, yenə də Topxanaya olan münasibəti mövcuddur. Azərbaycan xalqı vahiddir, birdir; Azərbaycan dövləti və xalq möhkəmdir, torpaq və millət düşüncələrində Azərbaycanda vahid bir mövqe var. Bu da dövlətin, dövlət başçısının və millətin, xalqın birliyini ifadə edən ən böyük cəhət idi. Aprel döyüşləri dünyaya bir mesaj oldu. Ən nəhayət, məlum oldu ki, Azərbaycan regionda, həqiqətən də, iqtisadi və hərbi cəhətdən qüdrətli dövlətdir. “Azərbaycan qüdrətli dövlətdir” tezisi aprel döyüşlərində onun qələbəsi ilə təsdiqləndi”.