Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirəcəklər

508
Zakir Həsənov: “Silahlı Qüvvələrimiz daim əlaqələri gücləndirməklə ümumi düşmənimizə qarşı birgə fəaliyyət göstərməlidir”.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyə  Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri ölkələrimiz arasında hərbi-texniki, hərbi təhsil əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Müxtəlif istiqamətlərə cavabdeh olan heyətin belə geniş tərkibdə, qarşılıqlı səfərləri və əlaqəli fəaliyyətlərinin əməkdaşlığımıza töhfə verməsi görüşdə xüsusi vurğulanıb.

İşğal edilmiş torpaqlarımızın azad edilməsinin nəinki Azərbaycan, həmçinin region üçün də əhəmiyyətli olduğunu bildirən Z. Həsənov xalqın işğal faktı ilə barışmayacağını bir daha vurğulayıb: “Xalqlarımızın məqsədi regionda sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz, gücümüz və inkişafımız birliyimizdədir. Təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimiz daim əlaqələri gücləndirməklə ümumi düşmənimizə qarşı birgə fəaliyyət göstərməlidir”.

Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək, qarşılıqlı hərbi münasibətlərin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər. Görüşdə Quru Qoşunlarının may ayında Bakı və Naxçıvanda, sentyabr ayında isə Hərbi Hava Qüvvələrinin silah və texnikasının iştirakı ilə ölkəmizdə birgə hərbi təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.