Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü olub

39

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha salamlayıram. Bu gün bizim ikitərəfli münasibətlərdə çox əlamətdar gündür – Qırğızıstan Prezidenti Azərbaycanda rəsmi səfərdədir. Biz Sizi salamlamağa və münasibətlərimizin inkişaf perspektivlərini müzakirə etmək imkanına görə çox şadıq.

Cənab Prezidentlə biz ikitərəfli gündəlik, regional məsələlər barədə fikir mübadiləsi aparmışıq və bu səfərdən istifadə edərək maksimum nəticəyə nail olmaq əzmindəyik. Bu gün çoxlu sənədlər imzalanacaq. Bu barədə biz artıq danışmışıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik.

Bu gün biz investisiya layihələri ilə bağlı çox məsələləri müzakirə etdik. Bu gün geniş tərkibdə görüşdə bu barədə daha ətraflı danışacağıq – nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü. Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir.

Əminəm ki, biz səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmaların reallaşması üçün konkret proqram müəyyən edəcəyik. Əlbəttə, düşünürəm ki, lap yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq. Həmin komissiya sonuncu dəfə üç il bundan əvvəl iclas keçirib. Fikrimcə, səfərin yekunlarına əsasən prezidentlərin verəcəyi tapşırıqlar da məhz həmin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdən keçirilməlidir.

Beləliklə, hörmətli cənab Prezident, Sizi bir daha ürəkdən salamlayıram. Xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın yaxşı və xoş keçməsini arzu edirəm.

X X X

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

-Sağ olun, hörmətli İlham Heydər oğlu. Hörmətli nümayəndə heyətinin üzvləri.

İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdaram. Azərbaycanlı qardaşlarımız tərəfindən ənənəvi qonaqpərvərliyə və səmimi qəbula görə bizim nümayəndə heyəti adından təşəkkürümü bildirirəm. Fikrimcə, rəmzi haldır ki, bizim bugünkü görüşümüz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli lideri möhtərəm Heydər Əliyev tərəfindən qoyulub.

Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub saxladığınıza görə Sizə minnətdarlığımı bildirim. Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı. Bu, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrdir. Bu baxımdan məmnunluqla qeyd edirik ki, iki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur. Buna görə biz bu əlverişli şəraitdən istifadə etməyə və qurucu səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə əməkdaşlığımızı genişləndirməyə borcluyuq.

Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli türk dəyərləridir.

Hörmətli İlham Heydər oğlu, Sizin fikrinizə şərikəm ki, bizim ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının digər ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Odur ki, biz Azərbaycanın biznes dairələrini bizim ölkədə investisiya imkanlarını fəal öyrənməyə və azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edirik. Şübhəsiz, bu, ölkələrimiz arasında işgüzar əməkdaşlığın fəallaşmasına kömək edəcək.

Fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə ölkələrimizin xalqlarının qarşılıqlı zənginləşməsini qeyd etməyə şadam. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə kömək edirlər. Bundan əlavə, ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir.

Hörmətli İlham Heydər oğlu, bu gün bizim qarşılıqlı münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şərait yaranıb. Bununla əlaqədar, Qırğızıstanın iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması barədə təşəbbüsünü dəstəklədiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Əminəm ki, bu gün yaradılan dövlətlərarası şura hökmən ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaradacaq.

Bizim böyük yazıçımız Çingiz Aytmatov deyirdi: “Okeana bənzəyən “Manas” eposu əsrlərin dərinliyindən gələn qırğız mənəvi irsinin parlaq zirvəsidir. Bu, dünyamiqyaslı ən iri eposdur, onun aparıcı mövzusu isə birlikdir. Onun dəyərləri bizim şüurumuzda dərin kök salıb, buna görə də biz birliyi, şərəfi, ədaləti dərindən qiymətləndirir və ona ehtiram bəsləyirik”. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bundan ötrü bizim hər cür ilkin şəraitimiz var. “Manas” eposunun 1000 illik yubileyi ilə bağlı şənliklərdə möhtərəm Heydər Əliyev demişdi: “Biz bir-birimizi qəlbən hiss edir və başa düşürük”.

İcazə verin, qonaqpərvərliyə və Sizinlə geniş tərkibdə görüşmək imkanına görə bir daha səmimi təşəkkürümü bildirim. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.