Azərbaycan və Nepal: oxşar ölkələr

688

Azərbaycanın müstəqilliyini əldə etməsindən və qapılarını dünyaya geniş açmasından sonra ölkəmizə xaricdən gələnlərin sayı artıb. Təbii ki, onların hər birini Azərbaycana gətirən müəyyən səbəblər var; kimi təhsil almağa, kimi öz biznesini qurmağa, kimi işləməyə, kimi də ölkəmizi daha yaxından tanımağa, mədəniyyətimizi, incəsənətimizi daha dərindən öyrənməyə gəlir. Ölkəmizə  xoş məramla təşrif buyuranlardan biri və hazırda respublikamızda yaşayan əslən nepallı olan Nirac Qximiredir. Qximire əslində Azərbaycanda olan yeganə nepallıdır. Özünün dediyinə görə, ondan əvvəl uzaq Nepaldan Azərbaycana gələn yalnız qardaş və bacısı olub. Sinəsində Azərbaycana böyük sevgi və məhəbbət olan Qximireni redaksiyamızıa gətirən də onun azərbaycanlı tanışı oldu.  “Zaman-Azərbaycan”ın fəaliyyətə başladığı ilk günlərdən nəinki Azərbaycan və Türkiyə, həm də fərqli mədəniyyətlərə, dünyagörüşlərinə və fərqli dinlərə məxsus olan insanlar arasında dostluq körpüsü funksiyasını həyata keçirməsindən yaxşı xəbərdar olan soydaşımızın nepallını redaksiyamıza gətirməsi və qəzetimizin baş direktoru Süleyman Ünalla tanış etməsi də bununla bağlı idi. Süleyman bəy redaksiyamızın qonağına “Zaman-Azərbaycan” qəzetinin fəaliyyəti, məramı, həyata keçirdiyi dünya xalqları arasında dostluq körpüsü funksiyası, Azərbaycan barədə geniş məlumat verdi və eyni zamanda onun ölkəmiz haqqındakı fikirləri ilə maraqlandı. Biz də, öz növbəmizdə, fürsətdən istifadə edərək, nepallı qonağımızdan Azərbaycan və Nepalla bağlı fikirlərini, düşüncələrini, həmçinin onu ölkəmizə gətirən və burada yaşamağa həvəsləndirən amillər barədə soruşduq.

 Onunla söhbətimizdən məlum oldu ki, Nirac Qximire 1993-cü ildə Nepaldan  Rusiyanın Krasnodar şəhərinə ali təhsil almaq məqsədi ilə gəlib. Bir il burada rus dilini öyrəndikdən sonra 1994-cü ildə Çeboksarı Dövlət Tibb Universitetinə daxil olub. Burada bir il oxuduqdan sonra, 1995-ci ildə Belarus Tibb Universitetində təhsilini davam etdirib. Burada da ali təhsilini başa vurararaq, həkimlik diplomu alıb. Amma tale onu Bakıya – Azərbaycana gətirib çıxarıb. Nirac Qximire: “Qardaşım və bacım vaxtilə Azərbaycanda işləyib və çalışıblar. Onların Bakıda öz biznesləri var idi. Məni də Bakıya qardaş və bacım dəvət etdilər, gəldim, gördüm Bakını və buranı sevdim. Ona görə də Belarusdan Azərbaycana gəlməyi və burada yaşayaraq işləməyi qərara aldım”,-deyir.

 Azərbaycana gəldikdən sonra, 2005-ci ildə Qximire Azərbaycan Dövlət Tibb Universitetinin ordinaturasında təhsilini davam etdirib və hazırda o bu universitetin dəri-zöhrəvi kafedrasında işləyir. Ümumiyyətlə, Fximure çox maraqlı adamdır və mən bunu onunla söhbətimin ilk dəqiqələrindən anladım. Olduqca istiqanlı və söhbətcil olan Nirac Qximire Azərbaycana olan sevgisini və məhəbbətini gizlətmir. Bu sevgi və məhəbbət onun qardaş və bacısı ilə birlikdə doğma vətənə – Nepala qayıtmasının qarşısını alaraq, onu ölkəmizdə yaşamasında önəmli rol oynayıb. Nirac Qximuire özü də bunu gizlətmir. O deyir: “Qısa müddət ərzində Azərbaycanı çox sevdim, hərdən mənə elə gəlir ki, elə doğma Nepalımdayam. Burada hamıdan məhəbbət, hörmət gördüm və mənə öz doğmaları kimi baxmalarının şahidi oldum. Ona görə də bacım və qardaşım Nepala qayıdanda onlarla geri dönməyərək Azərbaycanda qalmağa üstünlük verdim”,-deyir.

 Bu məqsədlə də Nirac Qximire  Azərbaycan Tibb Universitetinin ordinaturasına daxil olub və qeyd etdiyimiz kimi, hazırda bu ali məktəbin dəri-zöhrəvi kafedrasında çalışır.

 Azərbaycan və Nepal: oxşar ölkələr

  Nepallı Azərbaycanla ölkəsinin adamlarının bir-birinə çox oxşadıqlarını xüsusi vurğulayır. Onun sözlərinə görə, azərbaycanlılar da nepallılar kimi istiqanlı, qonaqpərvər və mehribandırlar.  Bundan əlavə, Qximire Azərbaycanda tolerantlığın olduğunu, müxtəlif dinlərə və dillərə məxsus insanların burada çox mehriban yaşadıqlarını xüsusi qeyd edir. Qximire: “Mən 2004-cü ildən Bakıda yaşayıram və bu günə kimi bir dəfə də olsun dini, milli ayrı-seçkiliyin şahidi  olmadım. Dünyanın heç yerində də Azərbaycandakı kimi müxtəlif dinlərə, dillərə və mədəniyyətlərə malik olan insanlar bu qədər mehriban yaşamırlar. Eynilə bizdə də elədir, Nepalda da fərqli dillərə, mədəniyyətlərə və dinlərə mənsub olan insanlar dinc, mehriban şəraitdə yaşayırlar”,-deyir. Nepallı qonağımızı Azərbaycanda insanların günün istənilən vaxtı özlərini rahat, təhlükəsiz hiss  etməsi çox məmnun etməkdədir. “Gecənin istənilən vaxtı şəhərdə rahat, təhlükəsiz gəzə bilirsən. Dünyada bundan da böyük xoşbəxtlik ola bilməz”,-deyir Nirac Qximire.

Qximire həm də Azərbaycan və Nepalın təbiətlərinin oxşarlığını, iqlim şəraitinin, demək olar, eyni olduğunu da öz sözlərinə əlavə edir. O deyir ki, Nepalda bitən meyvə-tərəvəzin, demək olar, böyük hissəsini Azərbaycanda da yetişdirmək və məhsul almaq mümkündür. Nirac Qximire artıq bunu sınaqdan da çıxarıb. O, kirayədə qaldığı həyət evində Nepaldan gətirdiyi meyvə-tərəvəzi əkib və gündəlik yeməyində onlardan geniş istifadə edir. Qeyd edək ki, bu meyvə-tərəvəzlər Azərbaycan şəraitinə yaxşı uyğunlaşıb. Biz Qximirenin kiçik və olduqca səliqəli bağında olarkən bunun bir daha şahidi olduq. Bağda Nepaldan gətirilən müxtəlif növ bitkilər insanı özünə heyran edir.

 Nepalla Azərbaycan təbiətinin oxşarlığından danışarkən onu da deyək ki, bizdən uzaq ölkənin dağlarında yetişən dərman bitkiləri eynilə Azərbaycan dağlarında da bitir. Dərman bitkilərini toplamağın həvəskarı olan Nirac Qximire: “Azərbaycanın rayonlarını, meşələrini, dağlarını gəzərkən burada mənə Nepaldan tanış olan çoxlı  dərman bitkilərinə rast gəldim. Onların çoxunu topladım. Bu bitkilər çoxsaylı xəstəliklərə dərmandır. Mən sizin dağlarda yetişən dərman bitkilərini görəndə ölkənizlə ölkəmizin nəinki insanlarının, həm də təbiətinin nə qədər oxşar olduğunun bir daha şahidi oldum və bundan xeyli duyğulandım”,-deyir.

 Milli mətbəximizin vurğunu

 Azərbaycanda yaşadığı müddətdə Qximire milli mətbəximizi də çox sevməyə başlayıb.  O deyir ki, dünyada Azərbaycan milli mətbəxi kimi zəngin və dadlı mətbəx, bəlkə də, yoxdur.  O, milli yeməklərimizi həvəslə yediyini söyləyir. Bununla belə, ondan daha çox hansı yeməyimizi xoşladığını israrla soruşuram. O isə: “Plovunuz çox dadlıdır. Dolmanız həddindən artıq xoşuma gəlir, xüsusilə yarpaq dolmanızın dadından doya bilmirəm. Kələm, badımcan, pomidor, bibər dolmalarınız da çox dadlıdır, adam yedikcə yemək istəyir”,-deyir.

 Qonağımız öz ölkəsində isə bizdə lavaşın arasına ət qoyulan yeməyi xatırladan və nepallıların sevimli milli yeməyi olan momonu çox xoşladığını da öz sözlərinə əlavə edir. O, Azərbaycan və Nepal milli mətbəxlərinin həm oxşar, həm də fərqli cəhətlərə malik olduğunu da vurğulayır.

 Turizm önəmli sahədir

 Yeri gəlmişkən, onu da deyək ki, Nirac Qximire Azərbaycanın, demək olar, bütün rayonlarında olub. Onun sözlərinə görə, Azərbaycanın hər rayonunun özünəməxsus gözəlliyi var. Bu baxımdan Nepal və Azərbaycanın oxşar təbii gözəlliklərə malik olduqlarını deyən nepallı qonaq ölkəmizdə turizmin  inkişaf etdirilməsi üçün geniş imkanların da olduğunu xüsusi qeyd edir. Buna misal kimi, Nepalı göstərən Qximire: “Hər il yüz minlərlə turist Nepala gəlir. Turistləri Himalay daha çox özünə cəlb edir. Himalay Nepalın fəxridir”,-deyir.

 Ölkəmizdə turizmin inkişaf etdirilməsi sahəsində hazırda həyata keçirilən tədbirlərə diqqəti cəlb edən qonaq bununla belə, ilkin mərhələdə qədim, tarixi, mədəni abidələrimizin turistlərə tanıdılmasının vacibliyini söyləyir. O deyir ki, hərtərəfli şəkildə təbliğ edildiyi halda, qədim, tarixi abidələrimiz ölkəmizə daha çox turist gəlməsinə imkan verə bilər. Nirac Qximuire söhbətinin sonunda Nepalda Azərbaycanın, Azərbaycanda da Nepalın tanıdılmasına, iki ölkə arasında mədəni, elmi, texniki və digər sahələrdə işbirliyinə nail olunmasına ehtiyac olduğunu və adıçəkilən sahədə əməkdaşlığa başlanılmasının xalqlarımızın qarşılıqlı maraqlarına cavab verəcəyini də bildirdi.

Əziz Mustafa