“Azərbaycan və Gürcüstan KİV-ləri arasındakı əlaqələr çox zəifdir”

250

“Məqsədimiz Azərbaycanın və Gürcüstanın Kütləvi İnformasiya Vasitələri arasındakı münasibətləri daha da genişləndirmək, bu yolla dövlətlərimizin əlaqələrinə töhfə verməkdir.”

Bu sözləri jurnalistlərə müsahibəsində Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli söyləyib.

O deyib ki, fondun təşkilatçılığı ilə Azərbaycanın bir qrup KİV nümayəndəsi oktyabrın 18-də Gürcüstana səfərə gəlib. “Jurnalistlərimizin Gürcüstana səfəri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Fondun hazırladığı tədbirlər planı çərçivəsində baş tutub. Səfərin məqsədi jurnalistləri Cümhuriyyətin yaradıcılarının fəaliyyəti, zəngin ideya irsi ilə yaxından tanış etməkdir. Bizim başqa məqsədlərimiz də var. Bu gün Azərbaycan və Gürcüstan KİV-ləri arasındakı əlaqələr çox zəifdir. Biz bu əlaqələri inkişaf etdirmək niyyətindəyik. Bu məqsədlə də Tbilisidə, eləcə də Gürcüstanın regionlarında bir sıra görüşlər keçirəcək, qarşıya qoyduğumuz məqsədlə bağlı müzakirələr aparacağıq”, – deyə o bildirib.

V.Səfərli qeyd edib ki, artıq Gürcüstan parlamentində bu mövzuda keçirdikləri görüşdə müzakirələr olub və qarşı tərəf Azərbaycan jurnalistlərinin təşəbbüsünü alqışlayıb.

İcraçı direktorun fikrincə, KİV nümayəndələri arasında möhkəm dostluq əlaqələri iki dost və qardaş xalqların münasibətlərinin bütün sahələrdə inkişafına töhfə verəcəkdir.