Azərbaycan təsviri sənətində neft mövzusu

0
652

Mövzu və janr əlvanlığı ilə seçilən Azərbaycan təsviri sənətinin XX-XXI əsr mənzərəsində neft mövzusunun özünəməxsus yeri var. Bu mövzu bir qayda olaraq ölkənin sovetləşməsindən sonra demək olar ki, rəssamların fırçaya aldıqları sənaye və əmək mövzulu əsərlərdə aparıcı olub. Zamanında bir çox xarici ölkə, xüsusilə də rus-sovet rəssamlarının Azərbaycan neft sənayesinin bədiiləşdirilməsi sahəsində atdıqları ilk addımlar sonradan yerli sənətkarlar tərəfindən uğurla davam etdirilib. Ölkəmizin müstəqillik qazanmasından sonra dünyanın aparıcı dövlətlərinin iştirakı ilə 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” neft mövzusuna marağın daha da güclənməsinə səbəb olub.

Respublikanın tanınmış təsviri sənət ustalarından M.Abdullayev, S.Bəhlulzadə, T.Salahov, C.Müfidzadə, M.Rəhmanzadə, R.Babayev, A.Hacıyev, B.Mirzəzadə, T.Nərimanbəyov,S.Çopurov, Ə.İbadullayev, R.İsmayılov, N.Qasımov və başqaları yaradıcılığında yer alan neft mövzulu süjetli tablolar və əməkçi portretləri onları əhatələyən gerçəkliyə bədii münasibət kimi maraq doğurur.

Bu gün dünyanın ən məşhur sənətkarlarından sayılan Tahir Salahovun ötən əsrin əllinci illərinin sonunda təsviri sənətə bəxş etdiyi “sərt üslub” kimi bədii üslub özünü məhz rəssamın neft mövzusunda çəkdiyi “Növbədən qayıdanlar” tablosunda ifadə olunub. Ötən 60 il ərzində o, dəfələrlə öz əsərlərində neftçilərin çətin əməyini tərənnüm edən müxtəlif janrlı əsərlər yaratmağa nail olub. Bu mənada onun “Təmirçilər”, “Quraşdırıcı”, “Neftçi”, “Çənlər parkı” və s. əsərlərinin adını çəkmək olar.

Müxtəlif mövzularda irihəcmli süjetli tablolar yaratması ilə məşhur olan Mikayıl Abdullayevin “Bakılılar” əsərində sənaye motivinin cəlbedici görüntüsü yaradılmışdır. Burada əzəmətli texniki qurğu ilə əməkçi insan arasında əldə olunan vəhdətin yaratdığı bədii tutumda tamaşaçını duyğulandıracaq estetik qaynaq duyulandır.

Baba Əliyevin neftçilərin əməyini əks etdirən “Yeni neft yatağı”, “Növbədən əvvəl” və “Fasilə zamanı” tablolarında isə neftçilərin müxtəlif nəsillərinin təmsilçilərini bir araya gətirən rəssam peşənin çətinliyinə baxmayaraq, onu yeni nəslin həvəslə davam etdirmək istəyində olduqlarını nümayiş etdirib.

Toğrul Nərimanbəyovun yaratdığı “Xəzər üzərində şəfəq” və “Fırtınadan da güclü” kimi rəngkarlıq əsərlərində neftçi əməyinin çətinliyi ilə yanaşı, onun romantikası da yaddaqalan bədii həllini tapmışdır.

Dünyanın möcüzələrindən sayılan “Neft Daşları”na yaradıcılıq səfərlərindən sonra Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Altay Hacıyev və s. rəssamlar yaratdıqları silsilə rəngkarlıq və qrafika əsərlərində açıq dənizdən “qara qızıl” çıxaran neftçilərin əməyinin ən müxtəlif cəhətlərini göstərmişlər.

M.Rəhmanzadənin “Bizim Xəzərdə” silsiləsi, S.Bəhlulzadənin “Xəzər üzərində axşam”, “Xəzər gözəli” “Mavi əfsanə” və “Əbədi məşəl”, B.Mirzəzadənin “Yeddi gəmi adası”, A.Hacıyevin “Yerin sahibi” və “Fırtınadan güclü” kimi əsərlərində neft məkanları və yerin təkindən təbii sərvət çıxaranlar həm real-gerçəkçi, həm də obrazlı-fəlsəfi tutumda tamaşaçılara təqdim olunmuşdur.

Yaradıcılığında “sərt üslub”un bədii prinsiplərinə tapınan Nadir Qasımov da yaratdığı çoxsaylı rəngkarlıq tablolarında neft ünvanlı məkanların romantikasını geniş bədii ümumiləşdirmələrlə ifadə edib. Bu mənada onun zamanına tutduğu yaddaqalan “bədii güzgü”nün nəticələrə təsviri sənətimizə layiqli töhfə sayılmaqdadır.

Tanınmış fırça ustası Tayxon Yaşayevin “Xəzərin fəthi”, “Dənizin ənginliklərinə doğru”, “Neft daşlarında fırtına”, “Dəniz səslənir” və s. tablolarında da neftçi əməyinə bədii münasibət müəllifin gördüklərindən qürur hissi keçirməsindən qaynaqlandığı kifayət qədər duyulandır.

Müstəqillik illərində rəssamların müxtəlif nəsillərinin neft mövzusuna marağının azalmadığını görmək mümkündür. Müxtəlif təşkilatların rəssamlar arasında neft mövzusunda çəkiləcək ən yaxşı əsərlərin müsabiqəsini keçirməsi də bu prosesə duyulası təsir göstərib. Nəticədə, Azərbaycan neft sənayesi tarixinin “Əsrin müqaviləsi” bağlanandan sonrakı mənzərəsi cəlbedici və qürurverici əksini ifadə edən maraqlı sənət nümunələri yaradılmışdır. Arif Əziz, Vüqar Əli, Kamil Nəcəfzadə, Bəxtiyar Yusifov, Arif Ələsgərov, Arif Hüseynov, Elbəy Rzaquliyev, Zakir Hüseynov və başqalarının əsərləri buna misal ola bilər.

Əsərlərini neftin özü ilə çəkən Sabir Çopurovun sənaye mənzərələrinin beynəlxalq şöhrət qazanması da bu sahədə əldə olunan yaradıcı uğurların göstəricisi sayıla bilər. Onun və digər həmkarlarının neftlə bağlı əsərlərinin xarici ölkələrdə nümayişi isə həm ölkəmizin iqtisadi qüdrətinin, həm də təsviri sənətinin inkişafının təzahürü kimi qiymətləndirilməlidir.

 

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru