Azərbaycan təhsilində yeni mərhələ: distant təhsil

812

Texnologiya bütün sahələrdə olduğu kimi, təhsildə də yüksələn xətt üzrə inkişaf edir. Bildiyimiz kimi, dünya təhsil sistemində əyani təhsil forması geniş yayılıb. Təhsil sahəsindəki mütəxəssislərin fikrinə görə, əyani təhsilin müəyyən üstünlükləri olsa da, bunun üçün çox miqdarda vəsait tələb olunur. Elə bu kimi subyektiv səbəbləri nəzərə alaraq deyə bilərik ki, digər təhsil formaları ilə müqayisədə distant (məsafədən) təhsil forması üstünlüklərə sahibdir. Günümüzdə dünyanın bir çox yerlərində distant təhsil texnologiyalarına maraq get-gedə artır. Burada əsas amil qeyd olunan təhsil formasının ən ucuz qiymətə başa gəlməsi ilə yanaşı, vaxt baxımından da səmərəli olmasıdır.

Distant təhsil ötən əsrin ortalarında dünya təhsil sistemində öz yerini tutmağa başlayıb. Texnikanın inkişafı, xüsusilə texnologiyanın inkişafı distant təhsilin imkanlarını daha da genişləndirərək, təhsil sistemindəki yerini gündən-günə möhkəmləndirməkdə davam edir. Məlumat üçün qeyd edək ki, distant təhsil – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunmuş formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır.

Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Bununla yanaşı, distant təhsilin forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir. Mütəxəssislərin fikrincə, distant təhsildə vahid forma müəyyənləşdirmək mümkün deyil. Hər bir təhsil müəssisəsi öz imkanları daxilində bu formanı müəyyənləşdirə bilər. Bununla yanaşı, distant təhsil yalnız hansısa ixtisasa yiyələnmək üçün deyil, eyni zamanda fasiləsiz təhsilə də xidmət edir. Məsələn, jurnalist kimi fəaliyyət göstərən bir şəxs iqtisadi sahədə ixtisaslaşmaq istəyir. Lakin onun bu sahədə əyani təhsil alması istər maddi, istərsə də zaman baxımından əlverişsiz olduğu üçün distant təhsil növündən istifadə edir. Bu da o şəxsin iqtisadi sahədəki araşdırmalarına öz müsbət təsirini göstərir.

“Qafqaz Universitetində distant

təhsilə imkan verən infrastruktur

formalaşdırılıb”

Azərbaycanda distant təhsilin müddəaları 19 iyun 2009-cu ildə təsdiq olunan “Təhsil haqqında qanun”un 13-cü maddəsində öz əksini tapıb. Qanuna əsasən, Azərbaycanda təhsil almağın 4 forması mövcuddur. Onlar əyani, qiyabi, distant və sərbəst (eksternat) təhsil formalarıdır. Qafqaz Universitetinin bölmə müdiri, professor Əjdər Ağayev distant təhsilin səmərəliliyindən bəhs edərək, əsasən bu formanın həyata keçirilməsi üçün təhsil verən müəssisələrin texnologiya ilə təchiz olunmasını və bu texnologiyanı idarə edən ixtisaslaşmış kadrların olmasının vacibliyini vurğulayıb: “Ancaq texnoloji imkanlar olduğu təqdirdə, bu təhsil formasının uğurlu olacağından bəhs etmək olar. Azərbaycanda təhsil müəssisələri texnoloji imkanlarla təchiz olunsalar, hətta regionda yaşayan hər hansı bir şəxs paytaxtda keçirilən dərslərdə iştirak imkanı əldə edə bilər. Bu sistemin tətbiqi istiqamətində bəzi ali təhsil qurumları müəyyən texniki baza ilə təchiz olunublar. Məhz bu təhsil müəssisələri istər texnologiya, istərsə də kadr baxımından distant təhsil üçün əlverişli hesab edilə bilər. Deyə bilərəm ki, Qafqaz Universitetində distant təhsilə imkan verən infrastruktur formalaşdırılıb”.

Distant təhsil formasının əsasən fiziki cəhətdən qüsurlu şəxslər üçün yararlı olduğunu qeyd edən Əjdər müəllim, eyni zamanda bu təhsil formasının şəffaflığın qorunması yönündən də önəmli olduğunu bildirib.

“Distant təhsil qiyabi

təhsili əvəz edəcək”

Məlumat üçün qeyd edək ki, ilk dəfə ölkəmizdə Distant Təhsil Mərkəzinin açılışı Təhsil Nazirliyi tərəfindən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı” çərçivəsində həyata keçirilib. Proqramın nəzdində fəaliyyət göstərən “Elektron təlimləndirən sistemlər” layihəsinin əsas elementlərindən biri sayılan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsi ilə onların orta təhsil ehtiyacını təmin edir. Qeyd etmək lazımdır ki, “Elektron təlimləndirən sistemlər” layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmalarına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompüter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və internetə çıxış imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, yüksəksürətli internet bağlantısı ilə təmin edilib.

Son olaraq, onu da qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “distant təhsil qiyabi təhsili əvəz edəcək” açıqlamasından sonra Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsində dəyişiklik olunacağı gözlənilir. Mütəxəssislərin fikrincə, Azərbaycanda distant təhsilin tətbiqi üçün texnoloji hazırlıq, kompüter təminatı, elecə də gənclərin texnologiyadan kütləvi istifadə bacarığının olması əsas amildir.