“Azərbaycan Rusiya-Türkiyə münasibətlərində barışdırıcı faktordur”

0
577

“Rusiya-Türkiyə arasında belə gərginlik dəfələrlə olub. Son vaxtlar bu gərginliklər intensivləşib. Azərbaycanın həm Rusiya, həm Türkiyə ilə münasibətlərində elə də ciddi dəyişikliyə ehtiyac yoxdur. Dünən (srağagün red.) ölkə Prezidenti bəyan etdi ki, Azərbaycanın siyasəti müstəqildir, bizim öz yolumuz var. Azərbaycanın özünün getdiyi yol Rusiya və Türkiyə gərginlikləri fonunda da faydalı yoldur”. Bunu “Zaman-Azərbaycan”a açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirdi. Politoloqun sözlərinə görə, Azərbaycan Rusiya və Türkiyə arasında barışdırıcı rol oynaya bilər: “Xatırlayırsınızsa, aprel ayında Rusiya “erməni soyqırımı” ilə bağlı əndazəli fikirlər işlətdi. Bu da haqlı olaraq Türkiyənin hiddətinə səbəb oldu. Ərdoğanla Putin arasında gərginlik yaşandı. Amma siz fikir verdiniz onlar harada barışdılar? Avropa Oyunları zamanı həm Ərdoğan, həm də Rusiya Prezidenti Bakıya gəldilər. Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə görüş başladı, sonra da ikisi oturdu, aralarındakı problemləri aradan qaldırdılar. Mən hesab edirəm ki, Azərbaycan hal-hazırda da Rusiya-Türkiyə münasibətlərində gərginliyi aradan qaldıran, barışdırıcı faktordur”.

M. Əhmədoğlu sözügedən insidentin İranda Qaz İxrac Edən Ölkələrin Forumundan sonra yaşanmasının təsadüf olmadığını bildirdi: “Rusiya ilə Türkiyə arasındakı son gərginliyin İranda Qaz İxrac Edən Ölkələrin Forumundan sonra yaşanması təsadüf deyil. Ərdoğan Türkiyənin qaz tranziti və qaz təchizatı məsələsinə xüsusi önəm verir. Ərdoğan maraqlı idi ki, Rusiya ilə İran bir-birindən aralı olsunlar, yəni müttəfiq olmasınlar. O istəyirdi ki, Rusiya ilə ayrı bir qaz şərtləri müəyyənləşdirsin, İranla ayrı bir danışıq aparsın və başqa şərtlərlə qaz alsın. Amma indi Rusiya ilə İran birləşib vahid qaz bazarı, qaz bazarında vahid qayda yaradanda Ərdoğanın siyasi manevrinə yer qalmır. O da bu şəkildə Rusiyanı cəzalandırdı. İndi həmin qaz konteksti ilə baxanda vəziyyət daha da gərginləşsə, ola bilər Rusiya həm Türkmənistana, həm Azərbaycana təzyiqini artırsın ki, Xəzərin enerji resursları Türkiyə üzərindən keçməsin. Amma mən bizim dövlətimizin, Prezidentimizin siyasətinə əminəm və belə başa düşürəm ki, Prezident belə gərginliklərin yaranmasına imkan verməyəcək”.

Politoloqun fikrinə görə, bu insidentin həll olması üçün Türkiyə Prezidenti Azərbaycan Prezidentinə müraciət etməlidir: “Bu təyyarə insidenti olmamalı idi. Türkiyə onu vurmamalı idi. İndi olub. İndi mənə görə, ən arzu olunan ssenari Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə müraciət etməsidir. Necə ki, aprelin 24-də Ərdoğanla Putinin arasında gərginlik yaranandan sonra barış rolunda Azərbaycan çıxış elədi. Təyyarə insidenti region üçün böyük problem yarada bilər. Düşünürəm ki, Ərdoğan müraciət etsə, məsələ hamının faydasına nəticələnə bilər”.

Bəylər Məcidov, Rasim Məmmədli