Azərbaycan Rusiya əlaqələri yüksək səviyyədədir

0
376

 

Rusiya ilə Azərbaycan arasında münasibətlər bütün sahələr üzrə ilbəil inkişaf edir. Bir faktı qeyd edək ki, dövlətlər və hökumətlər arasında 170-ə yaxın saziş imzalanıb. Bu sazişlər əməkdaşlığın iqtisadiyyat, ticarət, nəqliyyat və energetikadan tutmuş, mədəniyyət və təhsilədək ən geniş sahələrini əhatə edir. Bu gün Azərbaycan artıq Rusiya Federasiyasının 78 ərazi vahidi ilə birbaşa regionlararası əlaqələr saxlayır. Rusiya Azərbaycan iqtisadiyyatına 4 mlrd. ABŞ dollarına yaxın investisiya yatırıb. Azərbaycan isə  Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox investisiya qoyub. Şübhəsiz, bütün bunlar, ilk növbədə, iki ölkə liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xidmətləridir.

Bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından sayılır. Belə ki, 2017-ci ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,6 milyard ABŞ dollarını ötüb. Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı illə müqayisədə 34 faiz artıb. 2018-ci ilin I yarımilliyində isə ölkələrimiz arasında ticarət dövriyyəsində artım 20% təşkil edib. 6 ay ərzində Rusiyaya 319,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. Ölkəmizdən qeyri-neft məhsullarının ixracı üzrə də Rusiya birinci yerdədir.

Qeyd edək ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında təşkil olunub. “Made in Azerbaijan” brendinin təşviqi, ixracın genişləndirilməsi məqsədi ilə Rusiyanın Sankt-Peterburq və Həştərxan şəhərlərinə ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri bu ölkədə keçirilmiş sərgilərdə vahid ölkə stendi ilə təmsil olunublar.

Bakıda Rusiya İxrac Mərkəzinin Nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində yeni mərhələ adlandırmaq olar. Hazırda  ölkəmizdə  760-a yaxın Rusiya şirkəti fəaliyyət göstərir. Bunlardan 300-ü sırf Rusiya kapitalı əsasında yaradılıb.

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin bildirdiyinə görə, biznes əməkdaşlığının genişləndirilməsi, müxtəlif sahələrdə birgə müəssisələrin təşkili, Rusiyada Azərbaycan ticarət evlərinin və logistik mərkəzlərin yaradılması, şərabçılıq məhsullarının ixracının artırılması, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi də gündəmdədir. Bu isə o deməkdir ki, Azərbaycan Rusiya münasibətləri həyatın müxtəlif sahələrində daha da dərinləşməkdədir. Yeri gəlmişkən, iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, biz “Şimal-Cənub” layihəsinin həyata keçirilməsinin artıq konkret nəticələrini görürük: “Artıq Azərbaycan vasitəsilə Rusiyadan yükdaşımalar artır, bu da bizim fəaliyyətimizin müsbət nəticəsidir”. Qeyd edək ki, Rusiyanı daha qısa yolla Hind okeanına çıxaran və Azərbaycanın böyük sərmayələri ilə həyata keçirilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi  çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, həm də Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu yaxınlarda Rusiya Federasiyasının Maqnitoqorsk şəhərindən dəmirlə yüklənmiş ilk yük vaqonları Bakı-Tbilisi-Qars dəmir yolu ilə 17 gün ərzində Türkiyə ərazisinə çatdırılıb. Halbuki buna qədər Maqnitoqorsk Metallurgiya Kombinatının yükləri əvvəlcə Novorossiysk limanına, oradan da gəmi vasitəsilə İskəndəruna çatdırılırdı. Bu zaman yüklər 30 gün sonra təyinat yerinə çata bilirdi. Maqnitoqorsk Metallurgiya Kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir. Artıq həmin yükün bundan sonra Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql edilməsi planlaşdırılır. Rusiyanın digər müəssisə və şirkətləri də artıq buna böyük maraq göstərirlər. Bu isə o deməkdir ki, Azərbaycanın təşəbbüsü, məqsədyönlü siyasəti və xüsusi səyləri ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi təkcə Asiya ilə Avropa arasında yox, eyni zamanda, region ölkələri arasındakı yükdaşımalar üçün də böyük əhəmiyyətə malikdir.

Avqustun 30-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə  cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri gözlənilir. Şübhəsiz ki, bu səfər də ikitərəfli münasibətlərimizə yeni təkan verəcək.  Bundan başqa, bu ilin sentyabrında Rusiyanın dövlət qurumlarının və müxtəlif bölgələrindən olan biznes nümayəndələrinin iştirakı ilə Gəncədə IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.  Bu forum iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün ən vacib mexanizmlərdən biri hesab olunur. Məhz onun  sayəsində çoxsaylı razılaşmalar əldə olunub, mühüm sazişlər imzalanıb. Təbii ki, bu forumda da ilklərə imza atılacağı gözlənilir.

Qvami Məhəbbətoğlu, “İki sahil”