Azərbaycan rəssamlarının Nuru Paşa sevgisi…

0
546

Təsviri sənətin başqaları üçün cəlbedici və maraqlı görünməsini şərtləndirən sahələrindən biri də onun tarixlə bağlı olan janrıdır. Belə ki, çox vaxt baş verən müxtəlif hadisələrin, döyüşlərdə şücaət göstərən insanların, millətin yaradıcı istedadını əyaniləşdirən memarlıq tikililərinin təsvirləri gələcək nəsillər üçün qürurverici qaynaq kimi böyük əhəmiyyət kəsb edir. Odur ki, təsviri sənət ustalarının həm zamanında, həm də sonrakı dövrlərdə xalqının tarixini bədii tutumda əks etdirən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri hadisə, obraz və obyektə tutulan estetik məziyyətli “bədii güzgü” kimi zamansızlığa qovuşaraq, yaşananların gerçəkçi ifadəsi olaraq çoxqatlı dəyər daşıyır. Milli təsviri sənətimizin çoxəsrlik tarixi belə əsərlərlə zəngindir, desək, yanılmarıq. Bu mənada müstəqillik dövründə uzaq-yaxın keçmişimizə baxışın ideologiya zəncirindən azad olması müəlliflərə həm də əsərlərin mövzu dairəsini və obraz seçimini daha da genişləndirməyə imkan verdiyini söyləmək olar. Azərbaycan rəssam və heykəltəraşlarının Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinə müxtəlif janrlı əsərlər həsr etmələri də bunun göstəricisi sayıla bilər. Hər il sentyabr ayının 15-nin pespublikamızda xüsusi olaraq qeyd olunması da məhz həmin xilaskar ordunun Bakını daşnak-bolşevik və ingilis dəstələrindən azad etəsi ilə bağlıdır…
Məlumat üçün bildirək ki, 37 yaşlı general-mayor Nuru Paşanın (1881-1949) başçılığı ilə bu Ordu 1918-ci il iyunun 17-dən sentyabrın 14-nə kimi bir-birinin ardınca respublika ərazisində uğurlu döyüş əməliyyatları apararaq, əzəli Azərbaycan torpaqlarını yağılardan təmizləmişdi. Ordunun sentyabrın 15-də bolşevik-daşnak dəstələri üzərindəki qələbəsi isə düşmənlərin daha çox toplaşdığı Bakının azad olunmasını şərtləndirmişdi. Bu yerdə əlavə edək ki, Türkiyənin I Dünya müharibəsindəki uğursuzluqlarından və 1918-ci ilin 30 oktyabrında imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri, o cümlədən də Nuru Paşanın (Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdı. Bununla belə cəsur hərbçinin ölkəmizin XI Ordu tərəfindən işğalından sonra da Azərbaycana qayıtması və xalqı bolşeviklərə qarşı mübarizəyə səsləməsi barəsində məlumatlar mövcuddur.
Məlumat üçün onu da bildirək ki, tarixə həm də “Tripoli qəhrəmanı” ayaması ilə daxil olan cəsur sərkərdə təqaüdə çıxandan sonra İstanbul yaxınlığında dəmirtökmə zavodu açıbmış. Burada İkinci Cahan savaşı dövründə sifarişlə hərbi sursat istehsal olunurmuş. Elə Nuru Paşanın özü də 1949-cu ildə burada baş vermiş partlayış nəticəsində həlak olmuşdur.
Sovet dönəmində Qafqaz İslam Ordusunun xalqımızın həyatında oynadığı rol barəsində məlumatlar məlum səbəblərdən gizlin saxlanmış, bu orduya başçılıq etmiş Nuru Paşa (Killigil) və onun silahdaşlarının qəhrəmanlıqları geniş ictimaiyyətə çatdırılmamışdır. Amma müstəqillik illərində bu sahədə Azərbaycanda müəyyən addımlar atılmışdır. Şəhidlər Xiyabanında xilaskar türk əsgərlərinin şərəfinə memarlıq abidəsinin ucaldılması, Qobustan rayonu (Acıdərə) ərazisindəki türk zabiti məzarının abadlaşdırılması bunun əyani görüntüsü sayıla bilər.
Yeri gəlmişkən deyək ki, Nuru Paşanın xatirəsinə, onun əbədiləşdirilməsinə münasibət Türkiyənin özündə də arzulanan səviyyədə olmayıb. Belə ki, onun İstanbulun Ədirnə Qapı məzarlığındakı qəbri uzun müddət baxımsız qaldığından yarasız vəziyyətə düşmüşdü. Bir qrup Azərbaycan ziyalısının Türkiyə səfəri zamanı bu biganəlik gündəliyə gətirilmiş və müvafiq orqanların işə qarışmasından sonra məzarın bərpasına qərar verilmişdi. Millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə bu xeyirxah iş başa çatdırılmışdır. Hazırda Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilən görkəmli hərbçinin abad məzarı üzərində Azərbaycanın və Türkiyənin bayraqları dalğalanmaqdadır…
Müstəqillik illərində ideoloji asılılıqdan azad olan Azərbaycan təsviri sənətində Nuru Paşa obrazının geniş yer alması həm də Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tarixi mövzuda ən yaxşı əsərlərin yaradılması məqsədilə müsabiqə-sərginin keçirməsi ilə bağlı olmuşdur. Ədalət xatirinə demək lazımdır ki, hələ bu sənət yarışması keçirilməzdən əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Bəxtiyar Yusifov diplom işini Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycana gəlişinə həsr edib. “Zəfər yürüşü” adlanan çoxfiqurlu üfüqi kompozisiyada cəsur komandan ağ atın belində xilaskar ordunun önündə təsvir olunub. İşıqlı səma altında şəhərə yaxınlaşan döyüşçülərin hərəkətlərində düşmən üzərində qələbəyə inamın ifadəsi qabarıq hiss olunmaqdadır. Atlıların əllərində dalğalanan ay-ulduzlu qırmızı türk bayraqları da Bakıya yaxınlaşan dəstənin ünvanından xəbər verir. Döyüşçülərin kətan boyu düzülüşündəki özünəməxsus axıcı ritmdə həm də qətiyyətə bələnmiş dinamika duyulmaqdadır. Əsərin yığcan rənglərdən ibarət nikbin koloriti də xilaskar ordunun növbəti qələbəsinə bədii işarə kimi düşünülmüşdür…
Gəncəli fırça ustası Faiq Abdullayevin çəkdiyi “Nuru Paşanın Gəncədə qarşılanması” (2015) tablosunda adından da göründüyü kimi cəsur hərbçi qədim şəhərin küçələrindən birində təsvir olunmuşdur. Müəllifin təqdimatında onun xilaskar ordunu qarşılayan şəhər əhalisi ilə görüşü duyğulandırıcı çalarlarla zəngindir. At belində onu qarşılamağa çıxan əli qırmızı bayraqlı insanların çöhrələrinə hopmuş nikbinlikdə baş verənlərin gəncəlilərin böyük sevincinə səbəb olduğunu görmək mümkündür. Nuru Paşanın arxasındakı qədim memarlıq tikilisinin, sağdakı azman Gəncə çinarının buludları dağıdan mavi səma ilə qovşağının bədii təqdimatı əsəri monumentallığa bələməklə, onun kifayət qədər cəlbedici və duyğulandırıcı görünməsini şərtləndirmişdir. Əsər tamamlanandan sonra Türkiyənin Gəncədəki konsulluğuna hədiyyə olunmuşdur.
Qeyd edək ki, gəncəli rəssamın Nuru Paşa obrazına müraciət etməsi bu vaxta qədər onunla bağlı bir məsələnin aydınlaşmasına da kömək etmişdir. Əsər üzərində işləyərkən məlum olmuşdur ki, Faiq Abdullayevin mənbə kimi istifadə etdiyi fotonun məşhur sərkərdəyə heç bir dəxli yoxdur. Bu məsələdə rəssamın heç bir günahı yox idi. Çünki o vaxta qədər bütün Türkiyə və Azərbaycan mənbələrində Nuru Paşa məhz bu şəkillə təqdim olunurdu. Əslində isə həmin foto Qafqaz İslam Ordusunun Azərbaycana gəlmiş digər bir zabitinə – Cəmil Cahit Toydəmirə məxsus idi. Portretin tamamlanmasından sonra Gəncədə səfərdə olan bir Türkiyə hərbçisinin işə qarışmasından sonra, Ankaradan – Nuru Paşanın qızının arxivindən onun orijinal fotosu əldə olunmuşdur. Bundan sonra rəssam yenidən qəhrəmanın obrazı üzərində işləmiş və onun əsərdəki Cəmil Cahid cizgilərini yenisi ilə əvəzləmişdir…
Tanınmış tişə ustası Arif Qazıyevin Nuru Paşaya həsr etdiyi atlı heykəl də məşhur sərkərdənin yaddaqalan obrazını özündə əks etdirir. Atın üzərindəki qətiyyətli oturuşu ilə tamaşaçıda özünə və xilaskarlıq missiyasına inam yaradan Nuru Paşanın fiquru plastikasının lakonikliyi ilə diqqət çəkir. Kompozisiyanın ifadəli siluetə malik olmasındandır ki, müəllif təqdimatında atın və fiqurun axıcı ritmində həm də dinamiklik duyulmaqdadır. Onun hazırladığı və hazırda Türkiyə Respublikasınln Bakıdakı səfirliyinin həyətindəki büstü (2012) də Arif Qazıyev tərəfindən hazırlanmışdır. Təəssüf doğuran fakt hər iki heykəltəraşlıq nümunəsinin özündə Cəmil Cahidin cizgilərini daşımasıdır…
Gəncəli heykəltəraş Cəmaləddin Rüstəmovun hazırladığı kompozisiyada (2017) da Qafqaz İslam Ordusunun komandanı at belində təsvir olunub. Plastikanın bədii-texniki ifadə imkanlarından uğurla istifadə edən müəllif Nuru Paşanın cəlbedici obrazı yaratmağa nail olmuşdur. Atlı heykəllər yaratmaqda zəngin təcrübəsi olan Cümşüd İbrahimlinin hazırladığı 12 metrlik abidə-kompozisiyanın (2013) bədii-psixoloji tutumu da görkəmli sərkərdənin Azərbaycanda nümayiş etdirdiyi qürurdoğurucu cəsurluğa müvafiqdir.
1918-ci ilin təzadlı hadisələri digər rəssamların da yaradıcılığında yer almışdır. Bu mənada Arif Məmmədovun “Cumhuriyyət xadimlərinin Gəncədə qarşılanması” (2006), Ceyhun Həmzəyevin “Cumhuriyyət” (2009) və s. müəlliflərin əsərlərinin adını çəkmək olar. Bir əsr bundan əvvəl yaşanan hadisələrə bu müxtəlif müəllif münasibətlərində onların zamanında hifz etdiyi mənəvi-ruhi dəyərləri gələcəyə daşımaq istəyi duyulur. Əgər hər bir sənət əsərinin həm də müxtəlif nəsillər arasında zəngin dəyər daşıyıcısı olan qırılmaz “mənəvi zəncir” yaradılmasına xidmət etdiyini nəzərə alsaq, onda Azərbaycan təsviri sənətinin müasir yaradıcılarının bu yolda uğurlu addımlar atdığını söyləmək olar. Onların zamanında əvəzolunmaz xilaskarlıq nümunəsi göstərmiş türk hərbçilərinə bədii-tarixi münasibəti də bunu təsdiqləyir…

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev: