Azərbaycan Prezidentindən süni şəkildə qiymət artırmaq istəyənlərə sərt xəbərdarlıq

Azərbaycan Prezidenti İlham Əliyev manatın məzənnəsindəki dəyişikliyə münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, 2005-ci ildə verilən qərara əsasən, 2006-cı ilin əvvəlindən Azərbaycanda pul islahatları həyata keçirilib: “O vaxt 1 dollar 5 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 manat 1 dollar oldu. 10 il ərzində manat getdikcə dollara nisbətdə gücləndi. Əslində bu, bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərir. Eyni zamanda qonşuluqda baş verən hadisələr, qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlayıb. Üstəgəl dünyada neftin qiymətinin kəskin aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərib. Eyni zamanda manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdir ki, manat bir az ucuzlaşsın. Bu barədə yanvarda keçirilən regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda mən açıq şəkildə öz fikrimi bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar ki, heç kəs üçün bu sürpriz olmasın. O vaxt da dedim ki, manat həddindən artıq bahalaşıb, bu, iqtisadiyyatımıza mənfi təsir göstərir və regionda baş verən hadisələr, dünyada neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarıb”.

APA-nın məlumatına görə, dövlət başçısı bunun birinci siqnal olduğunu bildirib: “Ondan sonra Mərkəzi Bank açıqlama vermişdi ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı və bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi, əhali valyutadəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə ediblər. Belə olan halda Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmağa başladığını qeyd edib. Sadəcə bir rəqəmi deyə bilərəm: bir neçə gün ərzində hər gün minimum 500 milyon dollar bazardan alınırdı və əgər belə getsəydi ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində, manat əvvəlki səviyyəyə enib. Yəni islahat başlayanda bir manat bir dollar idisə, bu gün də 1 manat təxminən 1 dollardır”.

Ölkə başçısı süni qiymət artımına yol verilməməsinə dair bütün müvafiq qurumlara göstəriş verildiyini qeyd edib: “Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək. Son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur və belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim süni şəkildə qiymətləri artırırsa dövlət tərəfindən öz cəzasını alacaq”.

Prezident qeyd edib ki, kompleks tədbirlər nəticəsində Azərbaycanda bundan sonra da uğurlu iqtisadi inkişaf prosesi davam edəcək: “İqtisadiyyat sabitdir, ictimai-siyasi vəziyyət möhkəmdir manatın dollara bərabərləşdirilməsi imkan verəcək ki daha çox vəsait sosial məsələlərə xərclənsin, büdcədə problem olmasın və ölkə üçün lazım olan bütün infrastruktur layihələri vaxtı-vaxtında icra edilsin”.