Azərbaycan Prezidenti: Triumf əldə edən yeganə Lider

0
43

Başa çatmaqda olan 2020-ci il tariximizin ən əlamətdar ili kimi yaddaşlara həkk olunacaq. Məhz bu il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 gün ərzində dünya hərb elminə qızıl hərflərlə yazılan yüksək döyüş qabiliyyəti göstərməklə 30 ilə yaxın erməni vəhşilərinin işğalı altında olan torpaqlarımızı  azad edərək, xalqımıza böyük sevinc yaşatdı. Bununla da Prezident İlham Əliyev dünya tarixinə hərb yolu ilə torpaqlarını işğaldan azad edən qalib Prezident kimi düşdü.  Dünyanın digər bölgələrindəki mövcud münaqişələrdən tamamilə fərqlənən Dağlıq Qarabağ probleminin öhdəsindən gəldiyinə görə Azərbaycan cəmiyyəti haqlı olaraq dövlət başçımızın bu zəfərini yüksək qiymətləndirir. Elə keçirilən rəy sorğuları da bunu sübut edir. Məsələn, Sosial Tədqiqatlar Mərkəzinin bugünlərdə açıqladığı “Prezidentin fəaliyyəti ictimai rəydə: Vətən müharibəsi və 2020-ci ilin yekunları” adlı rəy sorğusunun nəticələrində də bu, öz əksini tapıb.

Şübhəsiz, ərazi bütövlüyümüzün bərpa olunması ölkəmizin beynəlxalq imicini artırdı, onun dünya səviyyəsində mövqelərini daha da möhkəmləndirdi. Bütün dünya bir daha Azərbaycanın regionun lider dövləti olduğunu gördü. Üstəlik, öz müdrik siyasəti ilə beynəlxalq ictimaiyyətin  diqqət mərkəzində olan Prezident İlham Əliyevin qətiyyəti, siyasi səriştəsi dünyanın tanınmış rəhbərləri, eləcə də siyasətçiləri tərəfindən dəfələrlə vurğulandı. Məsələn, Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin demişdir: “Düşünürəm, hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir. Son illər ərzində heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarının müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır”.

Fərəhləndirici haldır ki, dünyanın sadə vətəndaşları da dövlət başçımızın  siyasətini yüksək qiymətləndirirlər. Rusiyanın məşhur “Vedomosti” nəşrinin oxucular arasındakı keçirdiyi səsvermədə Prezident İlham Əliyevin “İlin siyasətçisi” nominasiyası üzrə qalib olması dediklərimizi bir daha təsdiq edir. Şübhəsiz, dövlət başçımızın  “İlin siyasətçisi” nominasiyası üzrə qalib elan edilməsini həm də  ərazisinə görə dünyada 112-ci və əhalisinə görə 90-cı yerdə olan bir ölkənin nüfuzunun göstəricisi kimi dəyərləndirmək olar. Nəşr yazır: “İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.

Burada dövlət başçımızın “Region miqyasına görə əsl triumf əldə edən yeganə lider” adlandırılması diqqət çəkir. Həqiqətən də Prezident İlham Əliyev müdrik siyasəti ilə  təcavüzkar ölkəni məğlub etməklə təkcə işğal altındakı torpaqlarımızı yox, eyni zamanda, region, eləcə də dünyanı terror və faşizm təhlükəsindən xilas etdi. Regiona yeni nəfəs verdi. Başqa sözlə desək, regionda demokratik dəyərlərə əsaslanan plüralist cəmiyyətlərin bərqərar olması üçün əlverişli şərait yaratdı.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Prezident İlham Əliyevin fəaliyyəti dünya miqyasında da diqqətlə izlənilir və təqdir, həm də təbliğ olunur. Xalqımıza ləyaqətlə xidmət edən dövlət başçımıza verilən bu qiymət isə onun dünyanın  ən nüfuzlu siyasi liderlərindən biri olmasını bir daha təsdiq edir. Şübhəsiz, bu, hər şeydən əvvəl,  Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin, beynəlxalq aləmə verdiyi dəyərli töhfələrin də nəticəsidir. Elə ölkə başçısının  bu siyasəti sayəsində Azərbaycan bu gün qüdrətli dövlətə çevrilib. Təkcə bir faktı qeyd edək ki, Dünya Bankının “Doing Business 2020” hesabatına görə, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkə”si sırasında qərar tutmuşdur. Şübhəsiz, erməni təcavüzkarlarına qarşı müharibəni zəfərlə başa vuran Azərbaycanın adının iqtisadi islahatların aparılmasında aparıcı dövlətlərlə bir sırada çəkilməsi qürur doğurur.

Şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşıdakı illərdə də dinamik inkişafı davam etdiriləcək, işğaldan azad olunmuş yaşayış məskənlərimiz də abadlaşacaq. Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımıza müraciətində bildirdiyi kimi, Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı  ən qısa zamanda əsl cənnətə çevirəcəyik. Bu isə o deməkdir ki, növbəti ildə də Prezident  İlham Əliyev daha yüksək nominasiyaların qalibi olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”