Azərbaycan muğamı dünya musiqi sənətinin tacıdır

43

Muğamın böyük himayədarı olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri siyahısına daxil olunan bu sənətin qorunub saxlanılması və təbliği istiqamətində görülən işlər misilsizdir

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu Üzərində Yerləşən Ölkələrin Musiqisi Günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.

Muğam, Azərbaycan xalq musiqisi kimi öz kökü etibarilə Şərq musiqi mədəniyyətinin lap dərinliklərinə gedir. Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır. Ümumiyyətlə, muğamdakı heyrətamiz səsin bəşəri deyil, ilahi musiqi olduğunu fərq etməmək mümkün deyil. Azərbaycanda 7 əsas, 3  köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.

Azərbaycanda həm solo ifada, həm də instrumental muğamlar geniş yayılmışdır. İnstrumental muğam ifaçıları dəstəsi müxtəlif ola bilər. İnstrumental muğamın zirvəsi solo ifadır. Muğam oxuyanları Azərbaycanda ənənəvi olaraq xanəndə adlandırırlar. Milli alətlərdə xanəndənin ifasını müşayiət edən dəstənin tərkibi müxtəlif saylı olur: üçlükdən – tar, kamança, dəfdən tutmuş bütöv bir orkestrə qədər. Muğam Azərbaycan bəstəkarlarının həmişə ilham mənbəyi olmuş və hər zaman da belə olaraq qalacaqdır. Klassik muğamlar əsasında yaradılan simfonik muğamlar Şərqdə də, Qərbdə də böyük uğur qazanmışdır.

Nadir sənətə böyük qayğı

2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO tərəfindən “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan  edilmiş və onun vətəninin məhz Azərbaycan olduğu qeyd edilmişdir. Bu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb. Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq “Azərbaycan muğamları” layihəsini həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə 2008-ci ildə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ildə Ağcabədidə, 2010-cu ildə, Füzulidə, bu il isə Ağdamda inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfədir.

“Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcıdır”, – deyən Mehriban xanımın “Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır” qiyməti muğamın xalqımız üçün nə qədər əvəzsiz sərvət olduğunu xatırladır.

XIX əsrin II yarısı XX əsrin əvvələrində Qarabağ muğam məktəbi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə bir çox görkəmli xanəndə və ifaçılar: Hacı Hüsü, Mir Möhsün Nəvvab, Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov (Bülbülcan), Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, İslam Abdullayev, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski və başqaları Qarabağ muğam məktəbini təmsil edirdilər.

Müxtəlif dövrlərdə Qarabağda keçirilən musiqi festivalları və müsabiqələri yeni istedadların üzə çıxması və inkişafına təkan vermiş və muğam sənətinin dünyada tanıdılmasına şərait yaratmışdır. Buna misal olaraq 1987-ci ildə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalını göstərmək olar. Uzun fasilədən sonra Qarabağın tacı olan Şuşada – Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı yenidən baş tutdu. 2021-ci il mayın 12-si və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalda bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər iştirak etdilər. Müxtəlif xalqların incəsənət nümayəndələrinin “Xarıbülbül” musiqi festivalında iştirakı hər bir azərbaycanlıda böyük iftixar hissi yaradırdı. Festivalın azyaşlı iştirakçısı Kənan Bayramovun “Bayatı-Şiraz” muğamı üstə improvizəsi əsasında Abbas Səhhətin “Vətənimdir” qəzəlinin ifası Cıdır düzünə xüsusi bir səs-səda saldı. Beləcə, Cıdır düzü möhtəşəm musiqi sədalarına qərq oldu. Bu festivalın əks-sədası daim yaddaşlarda qalacaq. Çünki bu, tarixdir. Əbədi və silinməz, şərəfli tarix. Bu tarixi yazan və onun sevincini bizlərə yaşadan isə müzəffər ordumuz və Ali Baş Komandanımız, möhtərəm Prezident İlham Əliyevdir. Cənab Prezident Qarabağdakı tarixi Qələbədən sonra Azərbaycana daha bir töhfə – mədəniyyətimiz üçün Zəfər hesab olunan “Xarıbülbül” musiqi festivalını bəxş etdi.

Sevinc Azadi, “İki sahil”