Azərbaycan mediaya açıq şəkildə dəstək verən nadir ölkələrdən biridir

0
246

“1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərini mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”i qəbul ediblər. Bununla əlaqədar BMT Baş Məclisinin 1993-cü il mayın 3-də qəbul etdiyi qərara əsasən həmin gün Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu isə o deməkdir ki, söz və mətbuat azadlığı dünyada demokratiyanın meyarlarından biri sayılır. Bu gün ölkəmizdə də söz və mətbuat azadlığı daim diqqət mərkəzində saxlanılır”.

Bu fikirləri ekspert Azər Həsrət Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, demokratik dövlət quruculuğu yolunu tutan ölkəmizdə azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir: “Belə ki, respublikamızda söz və mətbuat azadlığının təmini məqsədilə lazım olan bütün şərait yaradılıb. Tolerant ölkə kimi  müxtəlif millətlərin birgə yaşadığı Azərbaycan nadir ölkələrdən biridir ki, burada dövlət mediaya açıq şəkildə dəstək verir. Fikrimi bir neçə misalla əsaslandırmaq istəyirəm. Heç bir ölkədə respublikamızda olduğu kimi   qəzetlərin çapı üçün redaksiyaların  nəşriyyatlara borcu dövlət tərəfindən ödənilmir. Yaxud heç bir ölkədə  jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına  ölkəmizdə olduğu qədər diqqət yetirilmir. Yeri gəlmişkən onu da qeyd edim ki, dövlətin mənzil verdiyi jurnalistlərin arasında elələri var ki, hakimiyyətin siyasətinə birmənalı dəstək nümayış etdirmir. Bunun özü ölkədə media azadlığını göstərən faktlardan deyilmi? Uzun illər mətbuatda çalışan peşəkar jurnalistlər  Fəxri adlar, orden və medallarla təltif olunurlar, qəzet təsis etməklə bağlı heç bir problem yoxdur, kütləvi informasiya vasitələrinə maddi yardım göstərilir və s. Şübhəsiz, bütün bunlar dövlətin mediaya, azad sözə olan münasibətinin təcəssümüdür. Hətta deyərdim ki, ölkəmiz bu məsələlərdə dünyanın bir çox ölkələrindən öndədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, mətbuat, söz azadlığı Azərbaycanda tam təmin edilib, heç bir məhdudiyyət yoxdur. Bu mənada bu günü qeyd etməyə həm Azərbaycan dövlətinin, həm də jurnalistlərimizin mənəvi haqqı vardır”.

Müsahibimizin fikrincə, bununla kifayətlənməyən dövlətimiz müasir çağırışları əsas götürərək söz və mətbuat azadlığının daha da inkişaf etdirilməsi istiqamətində səylə çalışır: “Məhz bu səbəbdən demokratik dəyərlərdən hesab olunan mətbuat azadlığı ənənələri daha da genişlənir. Bir sözlə, Azərbaycan bu məsələdə çox həssas bir ölkədir”.

Ekspert daha sonra bildirdi ki, bütün bunlara baxmayaraq, təəssüflə qeyd etməliyəm ki, Sərhədsiz Reportyorlar Təşkilatı kimi bəzi qurumlar  ölkəmizdəki mətbuat, söz azadlığına qarşı qarayaxma kampaniyası aparmaqda və  hakimiyyəti məlumat azadlığını pozmaqda ittiham etməkdədirlər: “Məsələn, bu qurumun builki hesabatında qeyd olunub ki, guya mətbuat azadlığına görə keçən il 162-ci yerdə olan  Azərbaycan 180 ölkə arasında hazırda 166-cı yeri tutur. Bunu da onunla “əsaslandırmağa” çalışırlar ki, guya Azərbaycanda müstəqil jurnalistlər və bloqgerlərə təzyiqlər var.  Şübhəsiz, bu, həmin təşkilatın ölkəmizə olan qərəzli münasibətindən irəli gəlir. Belə ki, onlar yalanlar uydurmaqla ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ümumiyyətlə, belə qurumlar tərəfindən ölkəmizə qarşı məqsədyönlü bir siyasət aparılır. Bir faktı da xatırlatmaq yerinə düşərdi. Belə ki, Sərhədsiz Reportyorlar Təşkilatı Fransada qeydiyyatdan keçmiş, daha sonra müxtəlif məqsədlər üçün beynəlxalq arenada tanıdılmış bir qeyri-hökumət təşkilatıdır. Bu quruma Fransada yaşayan erməni lobbisinin çox ciddi təsiri var. Fikir verin,  Ermənistanda mediaya qarşı neqativ halların baş alıb getdiyi dünyaya bəllidir. Amma Sərhədsiz Reportyorlar Təşkilatı öz “hesabat”ında Ermənistanın guya 9 pillə irəliləyərək 61-ci yerdə qərarlaşmasını göstərir. Bu fikirləri elə Fransa haqqında da demək olar. Fransada aylarla davam edən etiraz aksiyaları zamanı onlarla jurnalist döyülub, bu və ya digər şəkildə təzyiqlərə məruz qalıb. Amma bununla bağlı həmin təşkilatın heç bir bəyanatına rast gəlmək mümkün deyil.  Odur ki, bu qurumun “hesabatlar”ına həmişə şübhə ilə yanaşmışıq və yanaşacağıq. Önəmli olan dövlətin mətbuatımıza olan qayğısı, jurnalistlərimizin mətbuat azadlığına sədaqətidir. Yəni onların söylədikləri bizim üçün o qədər də önəmli deyil. Amma bir məsələni də vurğulamaq istəyirəm:  “Sərhədsiz Repartyorlar”ın “hesabatlar”ı həmişə digər beynəlxalq təşkilatların hesabatları ilə ziddiyət təşkil edir”.

Azər Həsrət, həmçinin qeyd etdi ki, bu gün ölkə daxilində peşəkar jurnalist ordusu formalaşıb və müəyyən uğurlara imza atılıb: “Son illər ölkəmizin əksər KİV-ləri öz yayımlarını təkcə Azərbaycan dilində deyil, rus, ingilis dillərində də həyata keçirir. Bundan əlavə ərəb, fransız, alman, fars, hətta Çin dilində də məlumatlar dərc olunmaqdadır. Amma etiraf edim ki, xarici dillərdə yaza bilən, beynəlxalq səviyyədə söz deməyi bacaran jurnalistlərimizin sayı kifayət qədər deyil. Buna görə də xarici dilləri, həmçinin yeni texnologiyaları mənimsəmiş jurnalistlərin yetişdirilməsinə, eləcə də peşəkarlıq məktəbinin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Düşünürəm ki, beynəlxalq tribunalardan səsimizin daha gur eşidilməsi üçün bu addımların atılması vacibdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”