Azərbaycan MDB-də biznes üçün ən əlverişli 2-ci ölkədir

535
Dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” jurnalı tərəfindən hazırlanan ənənəvi illik araşdırmada göstərilir ki, Azərbaycan bu il biznesin aparılması səviyyəsinə görə 146 ölkə arasında 60-cı sırada qərarlaşıb. 
 “Biznes üçün ən yaxşı ölkələr-2014” adlandırılan bu araşdırma 146 ölkəni əhatə edib və onların nailiyyətləri 11 mövqe üzrə öyrənilib: vətəndaşların şəxsi azadlıqlarının səviyyəsi; mülkiyyət hüquqlarının və investisiyaların qorunmasının dərəcəsi; qiymət sabitliyi; mal ixracı və idxalı üçün maneələrin olması; texnologiyanın inkişaf səviyyəsi; innovasiyaların tətbiqi; dövlətin biznesə təsir dərəcəsi; korrupsiya; vergi yükü və səhm bazarının vəziyyəti. Dünyanın aparıcı təşkilatlarından olan “Freedom House”, “Heritage Foundation”, “Property Rights Alliance”, “Transparency International”, Dünya Bankı və Dünya İqtisadi Forumunun məlumatları əsasında hazırlanan araşdırmada qeyd olunur ki, Azərbaycan 2013-cü illə müqayisədə bu il öz mövqeyini 7 pillə yaxşılaşdırıb. Jurnalın araşdırmasında qeyd edilib ki, Azərbaycanın yüksək iqtisadi inkişafı artan neft və qaz ixracı ilə yanaşı, tikinti, bank və daşınmaz əmlak sahələrinin də ikiqat artımının hesabına baş verib: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri vasitəsilə neft ixracı əsas iqtisadi faktordur, Azərbaycanın qaz ixracının artırılması ilə bağlı işlər isə davam etdirilir. Geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avropa arasında Cənub Qaz Dəhlizi ilə bağlı işlər yekunlaşandan sonra qazın ixracından gələn gəlirlərin mənbəyi artacaq”. “Forbes” davam edən Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın iqtisadi inkişafına mane olan amil kimi qiymətləndirib.

 

Keçmiş SSRİ və region ölkələri arasında biznes üçün ən əlverişli 7-ci ölkəyik

“Forbes”in “Biznes üçün ən yaxşı ölkələr” siyahısında Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında 2-ci, keçmiş SSRİ və region ölkələri arasında 7-ci sırada yer alıb. Azərbaycan biznesin aparılması səviyyəsinə görə keçmiş SSRİ və region ölkələrindən Estoniya (22-ci yer), Litva (24), Latviya (36), Gürcüstan (47), Türkiyə (50) və Ermənistandan (56-cı yer) geri alır. Digər ölkələrin siyahıdakı mövqeyi belə olub: Qazaxıstan (65-ci yer), Moldova (75),  Ukrayna (88), Rusiya (91), Qırğızıstan (101), Tacikistan (129 və İran (132-ci yer). Jurnalın araşdırmasında ölkələrdə Ümumi Daxili Məhsulun (ÜDM) artım tempi və adam başına düşən ÜDM-də yer alıb. Keçmiş SSRİ və region ölkələri arasında ən yüksək ÜDM artımı Moldova, Qırğızıstan və Tacikistanda qeydə alınıb. Bu ölkələrdə ÜDM-nin artım tempi müvafiq olaraq 8,9%, 7,4% və 7,4% olub. Dördüncü sırada olan Azərbaycanda ÜDM artımı 5,8% təşkil edib. Ən zəyif artım isə Ukraynada qeydə alınıb. Ukraynada ÜDM artımı cəmi 0,4% olub. İranda isə artım deyil 1,5% həddində azalma qeydə alınıb. Adambaşına düşən ÜDM-nin həcminə görə isə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında 8-ci sırada qərarlaşıb. Adambaşına düşən ÜDM  Litvada 22,6 min dollar, Estoniyada 22,4 min,

Latviyada 19,1 min, Rusiyada 18,1 min, Türkiyədə 15,3 min, Qazaxıstanda 14,1 min, İranda 12,8 min dollar təşkil edib. Azərbaycanda isə bu göstərivi 10,8 min dollara bərabər olub.

 

Lüksemburqda adambaşına düşən ÜDM

Zimbabve ilə müqayisədə 130 dəfə çoxdur

Ümumiyyətlə dünyada “Biznes üçün ən yaxşı ölkələr” Danimarka, Honkonq, Yeni Zellandiya, İrlandiya və İsveç hesab olunur. İlk onluğu Kanada, Norveç, Sinqapur, İsveçra və Finlandiya tamamlayıb. 146 ölkəni əhatə edən siyahının son sıralarında, yəni biznes üçün əlverişsiz mühitin olduğu ölkələrin ilk beşliyinə Gine, Çad, Liviya, Myammar və Haiti daxildir. Bunlardan başqa Anqola, Venesuela, Yəmən, Qambiya və Əlcəzair də biznes üçün qeyri-münasib ölkələr hesab olunurlar. “Forbes”in araşdırmasında “Biznes üçün ən yaxşı ölkələr”in sıralamasında 19-cu sırada yer alan Lüksemburqda adambaşına düşən ÜDM 77,9 min dollar olub və bu rəqəm sıralamada 134-cü sırada yer alan Zimbabvedə adambaşına düşən ÜDM-dən 130 dəfə çoxdur. Belə ki, “Forbes”ə görə Zimbabvedə adambaşına düşən ÜDM cəmi 600 dollara bərabərdir. Onu da qeyd edək ki, siyahıda yer alan 146 ölkə arasında ən yüksək ÜDM artımı Sierra-Leonedə qeydə alınıb. Adambaşına düşən cəmi 1,4 min dollar ÜDM-nin düşdüyü Afrikanın bu ölkəsində ÜDM-nin artım tempi 13,3% olub. Ən zəyif ÜDM artımı da Afirkada qeydə alınıb. Qara qitənin digər bir ölkəsi Liviyada ÜDM istehsalı 5,1% həddində aşağı düşüb.

Allahverdi Cəfərov