“Azərbaycan məhsulları Orta Asiya və Çin məhsullarından daha keyfiyyətlidir”

503

“Azərbaycan suveren ölkədir. Əlbəttə ki, bir sıra ölkələr müxtəlif yollarla Azərbaycana təsir göstərmək istəyirlər. Lakin dəqiq deyə bilərəm ki, bütün bunlar Azərbaycanın xarici siyasətinə heç bir təsir göstərmir. Ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici və daxili siyasət nəticəsində Azərbaycan qonşuları ilə yüksəksəviyyəli münasibətləri inkişaf etdirir”. Bunu İTAR TASS informasiya agentliyində keçirilən ABŞ və Avropa ölkələrinin iqtisadi sanksiyaları ilə əlaqədar Azərbaycan-Rusiya ticarət münasibətlərinin inkişaf perspektivlərinə dair mətbuat konfransında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlardır: “Rusiya Azərbaycanın şimal qonşusudur. İki ölkə arasında münasibətlərin tarixi qədimdir. Bizi bir-birimizə sıx tellər bağlayır. İndi də Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir. Tez-tez iki ölkənin hökumət rəsmilərinin qarşılıqlı səfərləri olur. İki ölkə arasında humanitar, iqtisadi və mədəniyyət sahəsində əlaqələr günü gündən inkişaf etməkdədir. Azərbaycanla Rusiya arasında hər həftə 140 aviareys həyata keçirilir. Təkcə, gündə Bakı ilə Moskva arasında yay aylarında 9 aviareys, qış aylarında isə 7 aviareys həyata keçirilir. Bu faktın özü iki ölkə arasında əlaqələrin hansı səviyyədə olduğunu göstərir”.

Səfir jurnalistlərin sualına cavab olaraq Ukraynada baş verənlərə də münasibət bildirib: “Ukraynada baş verənlər sovet dövründə doğulan insanlar üçün kədərli bir tarixdir. Ukraynada vətəndaş müharibəsi gedir. Əlbəttə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz II Dünya müharibəsindən sonra yaradılan nizamın dağılmasını istəmirik. Təəssüflər olsun ki, son 20 ildə bu nizam dağıldı. İlk olaraq Kosovo, daha sonra digərləri…Azərbaycan Ukraynadakı problemin siyasi yolla həllinin tərəfdarıdır. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ problemini yaşayır. Bu gün Azərbaycan hərbi cəhətdən çox güclü ölkəyə çevrilib. Lakin buna baxmayaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Ona görə də, istərdik ki, Ukraynadakı problem də siyasi danışıqlar yolu ilə həll olunsun”.

Səfir deyib ki, Azərbaycan 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair danışıqlar aparır: “ATƏT-in Minsk qrupu ilə birgə çalışırıq ki, müharibə olmasın, qan tökülməsin, bu münaqişəyə digər dövlətlər, o cümlədən qonşu dövlətlər cəlb olunmasın. Çünki bunun nəticələri bütün tərəflər üçün çox acınacaqlı ola bilər”.

“Rusiya hökuməti

təminat verməlidir ki…”

Səfir Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınmasının nizama salınmasının vacibliyini vurğulayıb: “Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edir, həm də ixracla məşğul olur. Bu gün Azərbaycanla Rusiya arasında logistika çox yüksək səviyyədədir. Lakin məhsulların daşınmasında bəzən inzibatı problemlər baş verir. Bu problemlərdən biri də Rusiyanın İstehlak Bazarına Nəzarət Xidmətinin (“Rospotrebnadzor”) yaratdığı problemlərdir. Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullardır. Təbii ki, məhsulun keyfiyyəti yoxlanılmalıdır. Lakin məhsulun Rusiya bazarlarına çatdırılması asanlaşdırılmalıdır. Bunun üçün dövlətin mexanizmləri mövcuddur. Hökumətlərarası komissiyanın iclasında da bunlar müzakirə olundu. Rusiyaya nə qədər kənd təsərrüfatı məhsulu lazımdır? Azərbaycandakı fermer təminat almalıdır ki, yetişdirdiyi məhsulu Rusiya ondan alacaq. Rusiya hökuməti təminat verməlidir ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanların əziyyəti boşa getməsin. Bütün bu məsələlərin həlli yolları və mexanizmləri hökumətlərarası komissiyanın iclasında müzakirə mövzusu oldu”.

P. Bülbüloğlu Azərbaycandan Rusiyaya təkcə meyvə-tərəvəzin deyil, quş əti və yumurtanın da ixrac olunmasının müzakirə olunduğunu söyləyib.

Rusiya Dövlət Dumasının maliyyə bazarı üzrə iş komitəsinin sədr müavini Dmitri Savelyev çıxışında bildirib ki, Azərbaycanın Rusiya bazarında yer alması üçün böyük şans yaranıb: “Azərbaycan unikal ölkədir. Bu gün ölkədə yüksək inkişaf var. Bu inkişafı heç bir post-sovet ölkəsində görmək mümkün deyil. Azərbaycan məhsulları Orta Asiya və Çin məhsullarından daha keyfiyyətlidir. Rusiya bazarında bu məhsulları böyük məmnuniyyətlə və böyük həcmdə görmək istərdik”.

Deputat Rusiya bazarına Azərbaycan banklarını da dəvət edib: “Çünki Azərbaycan manatını əsassız yerə “qızıl manat” adlandırmırlar. Azərbaycanın milli valyutası çox sabitdir. Hətta perspektivdə ölkələrimiz arasındakı ticarət dövriyyəsindəki hesablaşmalarda manat və rubldan istifadə etmək mümkündür”.

İctimai Palatanın üzvü, politoloq Sergey Markov isə çıxışında Rusiyanın Azərbaycanla neft və energetika, hərbi-texniki sahədə uğurla əməkdaşlıq etdiyini bildirib: “Qərbin Rusiyaya qarşı sanksiyaları düşmənçilik siyasətinin təzahürüdür. Azərbaycan Rusiyanın tərəfdaşı olaraq böyük Rusiya bazarında özünün keyfiyyətli məhsulu ilə daha da inamlı iştirak edə bilər. Azərbaycan kənd təsərrüfatı məhsulları ilə də zəngin ölkədir və onun Rusiyanı bu məhsullarla təmin etməyə imkanı var. Bu amil Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcək”.