Azərbaycan klublarına yerli məşqçi lazım deyil!

441

Bəzən olur ki, düşünürsən, düşünürsən, amma cavab tapa bilmirsən. Gedib futbol oynayırsan, nə bilim çay içirsən, təmiz beyinlə bir daha düşünürsən, amma bu dəfə də konkret cavab tapa bilmirsən.. Qalırsan düşüncələr içində…

Mən də son vaxtlar belə bir düşüncə içərisindəyəm. Son vaxtlar deyəndə, “Xəzər Lənkəran” və “Qəbələ” klubuna baş məşqçi lazım olduqdan bəri. Məlumunuzdur ki, Mustafa Dənizlinin istefaya göndərilməsi, Yuri Syominin isə istefa verməsindən sonra “Xəzər Lənkəran” və “Qəbələ” baş məşqçi axtarışına çıxdı.

Axtarış isə ölkə daxilində deyil, ölkə xaricində aparıldı. Niyə? Azərbaycanda həqiqətən də normal mütəxəssis yoxdurmu?

Bax bu sual məni narahat edir, hər gün narahat edir. Mənə görə, Azərbaycan məşqçilərindən Şahin Diniyev, Ağasəlim Mircavadov, Yunis Hüseynov, Vaqif Sadıqov kimi məşqçilər bu klublarda çox rahatlıqla işləyərlər və nəticə verərlər. Konkretləşdirsək, mən arzulayardım ki, “Xəzər Lənkəran”da Şahin Diniyev, “Qəbələ”də isə Ağasəlim Mircavadov dönəmi olsun…

Niyə? Çünki bu insanların Azərbaycan futbolunda xidmətləri var. Bəli, Ağasəlim Mircavadovun Azərbaycan futbolunda xidmətləri ilə yanaşı, səhvləri də var. Onun transfer işlərinə qarışması deyilir. Amma bu dövr o dövr deyil axı… Bu gün “Qəbələ”də çox ağıllı, futbolu bilən şəxslər işləyirlər. Ona görə də Mircavadovun transfer işinə qarışmağa macalı belə olmayacaq… Sadəcə, bəyəndiyi futbolçunu deyəcək, vəssəlam.

Mənə görə, indiki vəziyyətdə, Avropa Liqası öncəsi “Qəbələ” üçün ən düzgün seçim Ağasəlim Mircavadov olardı. Çünki Mircavadov “Qəbələ”nin əksər oyunlarını izləyib, komandanın oyun stilinə, eləcə də futbolçuların bacarığına bələddir. Bundan əlavə, Mircavadovun nəticələri, oynatdığı futbol da göz önündədir. “Qəbələ” Mircavadovu baş məşqçi postuna gətirməklə Azərbaycana hücum futbolu və baxımlı oyun sərgiləyən komanda qazandırmış olacaqdı. Bundan əlavə, Mircavadovun fantastik məbləğə müqavilə imzalamayacağı dəqiq idi. Məncə, az maliyyə qarşılığında işləyəcək Mircavadov Azərbaycan futboluna yeni məşqçilər də qazandıracaqdı. Hər halda, yerli gənclər onun yanında çalışmaqla çox şey öyrənəcəkdilər.

Mənə elə gəlir ki, “Qəbələ” bu məqamları düşünüb, amma niyə Ağasəlim Mircavadov üçün “gəlsin” deməyib? Bax düşünürən, insanı rahat buraxmayan sual da məhz budur. Bütün bu məqamlar, faktlar onu göstərir ki, Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov bundan sonra iddialı klubda çalışmayacaq. Və ya heç çalışmayacaq…

“Xəzər Lənkəran” və Şahin Diniyev məsələsinə gəlincə isə hesab edirəm ki, Şahin Diniyev normal şəraitə malik komandalarda işləyib və nəsə ortaya çıxaran məşqçidir. Ortada “Kəpəz” və “Qarabağ” faktları var. Diniyev heç də yüksək olmayan maliyyə imkanları qarşılığında normal kollektiv yaradıb, döyüşkən komanda, futbol oynayan komanda ortaya çıxarıb ki, sözsüz ki, bu da məşqçinin bacarığından xəbər verir.

Şahin Diniyevin futbolçu karyerası da, gördüyü işlər də göz önündədir. Azərbaycan klubu, Azərbaycan futbolu Diniyev mütləq məsuliyyətli bir iş tapşırmalıdır, mütləq, insanı öz işindən, sənətindən bezdirmək olmaz, olmaz, olmaz…

Sözsüz ki, mən Diniyev və Mircavadovun adını çəkməklə yazdığım sözləri digər yerli məşqçilərə də aid edirəm. Vaxtilə Azərbaycan futbolunda peroşki dövrü hökm sürəndə hər kəs yerli məşqçinin üstünə qaçırdı, yerli məşqçidən yapışırdı, onlarla çalışdırdı… Bu gün isə pul var, yerli məşqçiyə baxan yoxdur.

Bəli, legioner futbolda qəbul olunmuş qanunauyğunluqdur artıq. Lap yaxşı… Amma sənin gətirdiyin legioner yerli məşqçinin dırnağı deyilsə, onu bura gətirməyə nə haqqın var?

Söhbət təkcə baş məşqçidən və ya klub baş məşqçisi olmaq məsələsindən getmir. Bizim U-21-də elə bir adam işləyirdi, klublarımızda elə idman direktorları fəaliyyət göstərirlər ki və hansı şəraitin qarşılığında… hərənin minimum 10 min maaşı, evi, altında maşını, mükafatları… Ayıbdır, vallah ayıbdır… mən sadəcə bir şeyə əminəm. AFFA, klublarımız eləcə də digər qurumlar yerli məşqçilərimizə normal hörmət qoymurlar…

Yerli məşqçiyə mütləq güvənmək lazımdır, mütləq… Unutmayın ki, Azərbaycan futbolunda yerli məşqçilər əcnəbiləri həmişə üstələyiblər. Son çempion Qurban Qurbanov olub, kubokun qalibi Böyükağa Hacıyev… Suprkuboku isə bunlardan biri qazanacaq… məncə, bu məqamda əlavə şərhə ehtiyac yoxdur.. Sözsüz ki, futbol adamları üçün…

Elgiz Abbasov