Azərbaycan-İtaliya tərəfdaşlığının nəticələri göz qabağındadır

81

Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov: Vətən müharibəsi günlərində İtaliya konstruktiv mövqeyi ilə tarixi dostluq ənənələrinə nə dərəcədə sadiq olduğunu bir daha nümayiş etdirdi

“İtaliyanın “Ansaldo Energia” şirkəti Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovattlıq yarımstansiyanın avadanlıqlarla təchizatını həyata keçirməyə başlayıb”

 

Hazırda ölkəmizin çoxlu sayda dövlətlə müxtəlif səpkili əlaqələri var. Yəni, Azərbaycan diplomatik əlaqələrdən başlamış, siyasi, iqtisadi-ticari, humanitar-mədəni münasibətlərə qədər bir çox dövlətlə əməkdaşlıq edir. Lakin strateji tərəfdaşlıq münasibətlərinə gəldikdə bir neçə dövlət yada düşür ki, onlardan da biri İtaliyadır. “İki sahil” olaraq bu dostluq münasibətini bir daha işıqlandırmaq qərarına gəldik. Həmsöhbətimiz isə Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanovdur.

– İtaliyanı Azərbaycana, Azərbaycanı İtaliyaya yaxınlaşdıran, doğmalaşdıran hansı faktorlardır?

– Bu doğmalığın tarixi kökləri var. Fikrimi əsaslandırmaq üçün yaxın keçmişə müraciət etmək istərdim: Cümhuriyyət dönəmində bir qrup xaricdə təhsil almağa göndərilmişdi. İtaliya dost ölkə kimi  onların müxtəlif Avropa ölkələrində təhsil almaları üçün viza məsələsinin həllində köməklik göstərmişdi. Yeri gəlmişkən, Bakıda adına küçə verilmiş bizim məşhur seleksiyaçı alim Əhməd Rəcəbli İtaliyanın  Peruca şəhərindəki  Ali Kral Eksperimental İnstitutunun tələbəsi olub.  Sonradan repressiyaya məruz qalmış bu şəxs Sibirdə ilk dəfə pomidor bitkisi yetişdirib.

Böyük Vətən müharibəsi illərində azərbaycanlı partizanların İtaliya müqavimət hərəkatının tərkibində alman faşistlərinə qarşı mübarizə aparması da doğmalığımızın təsadüfi olmadığını, məşəqqətli yollardan keçən tarixə söykəndiyini önə çəkir.

Digər tərəfdən, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biridir. Dünyanın nüfuzlu ölkələrindən sayılan İtaliya 1992-ci il yanvar ayının 1-də müstəqilliyimizi tanıyıb və dost mövqedə olduğunu hər zaman göstərib. Qürurverici haldır ki, bu səmimi münasibətlər bu gün də  davam edir.

Eyni zamanda onu da vurğulamaq istərdim ki, İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk səfirliyini 1997-ci ildə məhz Azərbaycanda acıb. 1997-ci il sentyabr ayinin 25-də ulu öndər Heydər Əliyevin İtaliyaya ilk səfəri baş tutub ki, məhz bundan sonra iki ölkə arasında iqtisadi əlaqələlərin təməli qoyulub.

– İki ölkənin əməkdaşlığında əsas sahələr hansılardır?

– Bu gün İtaliya-Azərbaycan münasibətləri siyasi, iqtisadi, həm də mədəni sahələrdə yüksələn xətlə inkişaf edir.  Bunun bariz nümunələrindən biri kimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə İtaliya Senatında Azərbaycanın müstəqilliyinin 100 illiyinin yüksək səviyyədə keçirilməsini göstərmək olar. Bildiyiniz kimi, İtaliya Avropa Birliyi ölkələri arasında iqtisadi rəqabət qabiliyyətinə görə ilk sıralardan birini tutur. Düşünürəm ki, Azərbaycan həm xidmət, həm istehsal sahələrində İtaliya təcrübəsindən də yararlanmalıdır.

-Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış yaşayış məskənlərinin bərpasına dair çoxspektrli planların yaradılması, yenidənqurma layihələrinin işlənməsi labüddür. Bu prosesdə İtaliya şirkətlərinin rolunu necə dəyərləndirərdiniz?

-Çox müsbət. İtaliya şirkətləri tikinti-rekonstruksiya işlərində böyük təcrübəyə malikdirlər. Bu ölkənin iş mühiti ilə yaxından tanış olan bir şəxs kimi  deyə bilərəm ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində onlar uğurlu layihələr həyata keçirmək imkanlarına malikdirlər.  Yeri gəlmişkən qeyd edim ki, artıq İtaliyanın “Ansaldo Energia” şirkəti Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovattlıq yarımstansiyanın avadanlıqlarla təchizatını həyata keçirməyə başlayıb.

– İtaliya 44 gün davam edən Vətən müharibəsində bizim haqq işimizi mənəvə cəhətdən dəstəklədi. Belə demək olarmı ki, Vətən müharibəsi dövründə İtaliyanın konstruktiv mövqeyi ölkələrimiz arasında əməkdaşlığı daha da  dərinləşdirib?

-Bu suala belə cavab vermək istərdim. Azərbaycan-İtaliya münasibətləri Vətən müharibəsinə qədər yüksək inkişaf mərhələsinə çatmışdı. Vətən müharibəsi günlərində bu ölkə konstruktiv mövqeyi ilə tarixi dostluq ənənələrinə nə dərəcədə sadiq olduğunu bir daha nümayiş etdirdi. Yəni, o günlərdə də İtaliya bir dost ölkə kimi Azərbaycanın yanında oldu. Biz özümüz də təşkilat olaraq İtaliyanın informasiya məkanını, həmçinin diplomatik siyasi dairələrini düzgün məlumatlandırılması istiqamətində müəyyən işlər görürdük. Bu prosesdə Assosiasiyamızın prezidenti Cüzeppe Kanilyanın aktivliyi danılmazdır.

– Prezident İlham Əliyev “Maire Tecnimont Group”un ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirdi, bu şirkətin Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunduğunu vurğuladı və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətli olduğunu bildirdi. Bu sahədə fərqlənən “Ansaldo Energia” şirkətindən savayı İtaliyanın daha hansı şirkətlərindən söz açmaq istərdiniz?

-Biz özümüz də təşkilat olaraq italiyalı iş adamlarının Azərbaycana cəlb edilməsində yaxından iştirak edirik. İndiyədək 100-ə yaxın iş adamının ölkəmizə səfərini təşkil etmişik. Onlardan müəyyən şərtlər daxilində investisiya yatırmaq  niyyətində olanlar da var. Sadəcə bəzi dəqiqləşmələr aparıldığına görə hələ ki, ətraflı məlumat verə bilmirəm.

– Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində çox yaxın tərəfdaşlığına etibarlı zəmindir. Bu, yaxın onilliklər ərzində Azərbaycana nələr vəd edir?

-Cənub Qaz Dəhlizi Azərbaycanın təbii qazının dünya bazarına çatdırılmasında çox mühüm əhəmiyyət kəsb edir. Bu layihənin bir hissəsi olan  867 kilometrdən ibarət TAP kəməri bildiyiniz kimi “Şahdəniz-2” qaz yatağının Qərbi Avropaya çatdırılmasında və 7 milyondan artıq ailənin mavi yanacaqla təmin olunmasında xüsusi rol alacaq. Bu isə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu əhəmiyyətli dərəcədə artırır.

-Bəs, Bakıda açılacaq İtaliya-Azərbaycan Universiteti bu münasibətlərə hansı töhfələri verəcək?

-Şübhəsiz, bu, bizi hədsiz sevindirdi. İtaliyada Azərbaycan dilinin tədris olunması ilə bağlı planımız var idi. 3 il öncə isə təşkilatımızın təşəbbüsü və dəstəyi ilə Neapolun Orientale Universitetində Azərbaycan dilinin tədris olunması məqsədilə  həmin təhsil ocağı ilə Azərbaycan Dillər Universiteti arasında anlaşma memorandumu imzalandı. Fikrimcə, bu addımı iki ölkə arasında təhsil sahəsində münasibətlərin inkişafına dəstəyin bariz nümunəsi kimi dəyərləndirmək olar. Digər tərəfdən bu, dilimizin, tariximizin, mədəniyyətimizin, ənənələrimizin təbliği deməkdir. Bakıda açılacaq İtaliya-Azərbaycan Universitetinə gəldikdə isə…Bu, hər şeydən əvvəl daha savadlı kadr potensialımızı artırmaqla yanaşı, iki ölkə arasında təhsil-təcrübə mübadiləsinə də böyük töhfə verəcək.

-Bəs iki ölkə arasındakı ticarət dövriyyəsi ilə bağlı nələri qeyd etmək istərdiniz?

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il fevralın 20-21-də İtaliyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından tarixi bir səfər oldu. Siyasi və iqtisadi münasibətlərin strateji yanaşmalarını daha da möhkəmləndirən bu səfər zamanı Azərbaycan-İtaliya tərəfdaşlığının bütün sahələrdə, eləcə də regional və qlobal səviyyələrdə faydaları görünməkdədir. Daha doğrusu, bu əməkdaşlığın, bu dostluğun nəticələri göz qabağındadır. Elə iqtisadi əlaqələrimizin yüksələn xətlə inkişafı bunun sübutudur. Yeri gəlmişkən qeyd edim ki, ötən ilin yarım ilində əvvəlki dövrlə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 14 faiz artmışdır.

– Səhv etmirəmsə, siz həm də “Nizami-Şekspir” İtaliya Azərbaycan mədəniyyət assosiasiyasınin vitse-prezidentisiniz. Bu istiqamətdə hansı işlər görmək fikrindəsiniz?

– Bəri başdan qeyd edim ki, bu yeni təsis edilmiş bir qurumdur. Məqsədimiz Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq İtaliyada bir sıra tədbirlər həyata keçirməkdir. Təşkilatımızın yeni təsis edilməsinə baxmayaraq, artıq Veronada Nizami irsinin geniş təbliğ olunması və adının əbədiləşdirilməsi istiqamətində  müəyyən işlər görməyi planlaşdırmışıq.

Qvami  Məhəbbətoğlu“İki sahil”