Azərbaycan-İtaliya mədəni əlaqələrində yeni səhifə

0
167

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri  çərçivəsində “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, həmçinin “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında Bəyannamə imzalanıb. Üstəlik, İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısı ilə birlikdə mətbuat üçün bəyanat verərkən bildirib ki, bu il İtaliyada “Azərbaycan Mədəniyyəti İli” elan olunub.  Bu isə o deməkdir ki, hər iki ölkənin tərəfdaşlığı yalnız ticarət,  investisiya, kənd təsərrüfatı, hərbi, eləcə də neft və qaz sahələri ilə məhdudlaşmır.

Mütəxəssislərin fikrincə, 2020-ci il  İtaliyada “Azərbaycan Mədəniyyəti İli” elan olunması  hər şeydən əvvəl rəsmi Roma tərəfindən mədəni irsimizə  verilən ən yüksək dəyər, xalqımıza göstərilən böyük etimaddır. Bütün bunlar həm də çoxsaylı tarix və mədəniyyət abidələri ilə zəngin iki ölkə arasında mədəni əməkdaşlığın geniş perspektivlərindən, həm də Prezident İlham Əliyevin Avropada böyük nüfuz sahibi olmasından bir daha  xəbər verir.

Yeri gəlmişkən qeyd edək ki, səfər çərçivəsində Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və qızı Laura Mattarellanın iştirakı ilə Romadakı Kuirinale Sarayında  “Azərbaycan Mədəniyyəti İli” elan olunması münasibətilə  konsert proqramı da təqdim olunub. Üstəlik,  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.  Şübhəsiz, bütün bunlar Azərbaycan mədəniyyətinin İtaliyada daha sistemli və əhatəli təbliğinə imkan yaratmaqla yanaşı, Azərbaycan-İtaliya mədəniyyət münasibətlərində yeni səhifənin açılmasına da öz müsbət təsirini göstərəcək. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dediyi kimi, “Bu bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək”.

İki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Belə ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Vatikanda bir çox tarixi abidələr, o cümlədən katakombalar bərpa olunub. Ölkəmizin bu addımı İtaliyada da yüksək dəyərləndirilib. Üstəlik, bu istiqamətdə işlər davam etdirilir. Şübhəsiz, bunlar multikultural dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini daha da  möhkəmləndirəcək. Mədəniyyət sahəsində görülən işlər  belə deməyə əsas verir ki, iki ölkə arasındakı mədəni əlaqələrin əsasını həm milli maraqlar, həm də mənəvi dəyərlər təşkil edir. Bu mənada İtaliyada “Azərbaycan Mədəniyyəti İli” çərçivəsində təşkil olunacaq çoxsaylı tədbirlər də mənəvi dəyərlərimizin beynəlxalq aləmə təqdimatında  yeni bir mərhələ olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”