“Azərbaycan İran və Qərb ölkələri arasında körpü rolunu oynaya bilər”

568

Ötən gün İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub. Bu barədə Azərbaycana səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi açıqlama verib. Onun sözlərinə görə, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri noyabrın 12-13-də baş tutacaq. Nazir qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında 10 sənədin imzalanması gözlənilir: “İmzalanacaq sənədlər arasında həm neft-qaz nəqli, həm də elektrik enerjisi sahəsində əməkdaşlığa dair sənədlər olacaq. Lakin bu barədə hələ tam detallı danışa bilmərəm”.

Prezident H. Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfərini şərh edərkən İran parlamentinin Tədqiqat Mərkəzinin üzvü Cəlil Cəfəri isə bildirib ki, Azərbaycan enerji baxımından İran üçün əhəmiyyətli ölkədir: “Azərbaycanın həm enerji, həm xarici siyasət baxımından, həm də coğrafi baxımdan yerləşdiyi ərazi çox önəmlidir, yalnız İran üçün deyil, Qərb üçün də önəmlidir. Azərbaycan elektrik enerjisi, neft, qaz tranziti baxımından da İran və Qərb ölkələri arasında körpü rolunu oynaya bilər”.

“İrandan sanksiyalar götürüldüyü halda, bu ölkənin neftinin, qazının Avropa bazarına nəqli gündəliyə gələ bilər. Bu zaman Azərbaycanın bu gün inşa etdiyi infrastrukturdan da istifadə oluna bilər”. Bu sözləri isə qəzetimizə açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov bildirdi. Şah dövründə İran qazının Azərbaycan vasitəsilə SSRİ-nin digər ərazilərinə ötürüldüyünü xatırladan  R. Musabəyov həmin yolun yenidən bərpa edilməsinin mümkünlüyünü vurğuladı: “Yəni həmin yol var. Onu müasirləşdirmək, təmir etmək mümkündür. Bundan əlavə Azərbaycanın hazırda inşa etdiyi cənub koridoru vasitəsilə də İran qazı Avropa bazarlarına çatdırmaq olar. Ancaq bu nə bu günün, nə də sabahın məsələsidir. İlk növbədə İrana tətbiq olunan sanksiyalar qalxmalı, ölkəyə investisiyalar yatırılmalı və texnologiyalar gəlməlidir ki, bəlkə ondan 5-6 il sonra Avropa bazarlarına İran qazını çatdırmaq mümkün olsun”.

BƏYLƏR MƏCİDOV