Azərbaycan iqtisadiyyatı dünyanın nəhəng iqtisadiyyatlarından daha rəqabətlidir

519

Dünyanın nüfuzlu qurumlarından olan Dünya İqtisadi Forumu 2014-2015-ci illər üçün 144 ölkəni əhatə edən iqtisadi rəqabətlilik reytinqini açıqlayıb. Azərbaycan ötən illə müqayisədə 1 pillə irəliləyərək  38-ci sıraya yüksəlib. Dünya İqtisadi Forumunun veb-saytında (www.weforum.org) yerləşdirilən ölkələrin iqtisadi rəqabətliliyi ilə bağlı hesabata (”The Global Competitiveness İndex 2014-2015”) istinadən apardığımız hesablamalar göstərir ki, Azərbaycan, ötən ildə olduğu kimi, cari ildə də MDB və region dövlətləri arasında öz lider mövqeyini qoruyub. Ölkəmiz iqtisadi rəqabətlilik üzrə keçmiş sovet respublikaları arasında yalnız Estoniyadan geridədir. Digər keçmiş sovet respublikaları və region ölkələrindən isə öndədir. Hesabatda MDB və region ölkələri arasında Türkiyə 45-ci, Qazaxıstan 50-ci, Rusiyaya 53-cü, Gürcüstan 69-cu, Ukrayna 76-cı, İran 83-cü, Ermənistan isə 85-ci sırada yer alıb. Hesabatda həmçinin göstərilir ki, Azərbaycan iqtisadi rəqabətliyə görə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkəsini qabaqlayır. Dünyanın ən böyük iqtisadiyyatına sahib 19 ölkəni və Avropa Birliyinin bir arada birləşdirən “G-20” qrupuna üzv olan İtaliya, Türkiyə, Braziliya, Argentina, Rusiya, Meksika və Hindistan kimi nəhəng iqtisadiyyatlar rəqabət qabiliyyətinə görə Azərbaycana uduzurlar. Qeyd edək ki, adlarını qeyd etdiyimiz region ölkələri arasında ən ciddi geriləmə Ermənistanda müşahidə olunub. Ermənistan ötən illə müqayisədə öz mövqeyini 6 pillə itirib.

İnflyasiya sahəsində Azərbaycan dünya ölkələri arasında ən yaxşı göstəriciyə sahibdir

Dünya İqtisadi Forumu dünən açıqladığı iqtisadi rəqabətlilik reytinqini bazar institutlarının inkişaf səviyyəsi, infrastrukturun inkişafı, makroiqtisadi sabitlik, texnoloji inkişaf, təhsil və səhiyyənin səviyyəsi, maliyyə bazarlarının inkişafı, investorların müdafiəsi, nəqliyyatının keyfiyyəti və digər meyarlar üzrə araşdırıb. Hesabatda ən yüksək göstərici makroiqtisadi sabitlik sahəsində qeydə alınıb. Azərbaycan makroiqtisadi sabitlik üzrə 144 ölkə arasında 9-cu yerdə qərarlaşıb. Əsas makroiqtisadi göstəricilərdən biri olan inflyasiya sahəsində isə Azərbaycan dünya ölkələri arasında ən yaxşı göstəriciyə – 1-ci yerə sahibdir. Eyni zamanda dünyada dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin ən az olduğu 13-cü ölkə Azərbaycan hesab olunur.

Müsbət göstəricilər infrastruktur sahəsində də qeydə alınıb. Ümumi infrastrukturun keyfiyyəti üzrə 47-ci yerdə alan Azərbaycan dəmir yollarının infrastruktur keyfiyyəti üzrə 37-ci, hava nəqliyyatının keyfiyyəti üzrə 44-cü, avtomobil yollarının keyfiyyəti üzrə 69-cu yerdə qərarlaşıb.

Biznesin qeydiyyata alınma vaxtı üzrə 36-cı, biznesin qeydiyyatı üçün prosedurların sayı üzrə 10-ci yerdə olub. ÜDM-in həcminə görə, ölkəmiz 70-ci pillədə qərarlaşıb.

Hesabatda bildirilir ki,  Azərbaycan biznesə dəstək üzrə 80-ci, əmək bazarının effektivliyi üzrə 33-cü, ali təhsilə üzrə 90-cı, tibb və ibtidai təhsil üzrə 104-cü, maliyyə bazarlarının inkişafı üzrə 89-cu yerləri tutub. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə görə 37-ci, hava yolları infrastrukturunun keyfiyyəti üzrə 44-cü yerdə qərarlaşıb.

Bundan başqa, dövlət siyasətinin şəffaflığına görə  Azərbaycan 48-ci yeri tutub. Vergitutma effektivliyi sahəsində Azərbaycan 82-ci, antiinhisar qanunvericiliyinin effektivliyi üzrə 130-cu yeri tutub.

Məlumat üçün xatırladaq ki, Azərbaycan əvvəlki – 2013-14-cü illər üçün hazırlanan hesabatda 148 ölkə arasında 39-cı, 2012-13-ci illər üçün hazırlanan hesabatda isə 144 ölkə arasında 46-cı sırada yer alıb.

 

Ən rəqabətli iqtisadiyyata İsveçra, Sinqapur və ABŞ sahibdir

Ümumiyyətlə isə iqtisadi rəqabətlilik reytinqinə ötən hesabatda olduğu kimi İsveçra və Sinqapur başçılıq edir. Ötən il 5-ci sırada yer alan ABŞ bu il 3-cü sıraya geriləyib. Ötən il 3-cü sırada olan Finlandiya isə bu il 1 pillə geriləyib. Almaniya da son 1 il ərzində öz mövqeyini 1 pillə itirərək 5-ci sıraya yüksəlib. İqtisadi rəqabətlilik göstəricilərinin yüksək olan ölkələrin siyahısında ilk onluğu Yaponiya, Honq-Konq, Hollandiya, Böyük Britaniya və İsveç tamamlayır. Bundan başqa ilk 20 ölkə arasında 2 ərəb dövləti –  Birləşmiş Ərəb Əmirlikləri (12-ci yer) və Qətər (16-cı yer) yer alıb. Ötən il 20-ci yerdə olan daha bir ərəb ölkəsi – Səudiyyə Ərəbistanı isə geriləyərək 24-cü yerdə qərarlaşıb. İqtisadi rəqabətlilik reytinqinin son sıralarında isə Gine, Çad, Yəmən, Mavritaniya və Anqola yer alıb. Region ölkələri arasında ən pis vəziyyət Qırğızıstanda qeydə alınıb. Qırğızıstan iqtisadi rəqabətliliyə görə 144 ölkə arasında 108-ci sırada qərarlaşıb.

Allahverdi Cəfərov