Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr sırasındadır

BMT-nin ekspertləri tərəfindən hazırlanan “İnsan inkişafı hesabatı 2014”-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub. Qeyd edək ki, BMT-nin ötən ilki hesabatında – “İnsan inkişafı hesabatı 2013”-də isə Azərbaycan insan inkişafı indeksinə görə 82-ci yerdə qərarlaşıb. 
 

Dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən insan inkişafı indeksi müəyyənləşdirilərkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) və digər amillər nəzərə alınır.

Hesabatda ümumilikdə 187 dövlət arasında ilk beş yeri Norveç, Avstraliya, İsveçrə, Niderland və ABŞ tutub. Bu sıralama 2013-cü ildəki vəziyyət nəzərə alınmaqla müəyyənləşdirilib. Azərbaycan yüksək səviyyəli insan inkişafı ölkələri arasındadır. Sənədə görə, ölkəmizdə orta ömür uzunluğu 70,8 il təşkil edir.

Hesabatda Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 15 min 725 dollar təşkil etdiyi bildirilir. Azərbaycan dünyada 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faiz olan çox az saylı ölkələrdən biridir. Azərbaycanda 2005-2012-ci illər üzrə 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faizdir. Bu göstərici Azərbaycanla yanaşı, 187 ölkənin insan inkişafı indeksinin qiymətləndirildiyi hesabatda 4 ölkədə – Moldova, Koreya Xalq Demokratik Respublikası, Polşa və Kubada da qeydə alınıb. Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi isə 99,8 faizdir. 2005-2012-ci illərdə 25 və yuxarı yaşda olan qadınların 93,7 faizi orta təhsillidir. Kişilərdə isə bu göstərici 97,4 faiz təşkil edib. 2008-2012-ci illərdə Azərbaycanda gənclərin məşğulluğu 15-24 yaş arasında olan əhali üzrə 14,2 faiz təşkil edib.

Azərbaycanla bır qrupda olan Gürcüstan 79-cu, Ermənistan 87-ci sırada yer alıb. Bu qrupa aid edilən Rusiya 57-ci, Qazaxıstan 70-ci, İran 75-ci yerdədir. Türkmənistan, Moldova, Özbəkistan kimi ölkələr isə orta səviyyəli insan inkişafı ölkələri sırasındadır. İnsan inkişafı aşağı səviyyədə olan ölkələrə isə Pakistan (146-cı yer), Əfqanıstan (169-cu yer) kimi ölkələr aiddir. Hesabata görə dünyada 2,2 milyard adam ya kasıbdır, ya da kasıblığa yaxın həddədir. Dünyada 1,2 milyard adam gündə 1,25 dollardan az pul qazanır.ALLAHVERDI CƏFƏROV