Azərbaycan ermənilərin xülyalarını birdəfəlik dəfn etdi

0
44

“Azərbaycan siyasi-hərbi gedişləri ilə regionda yeni reallıq yaratdı. Məhz 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Eləcə də, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, beləliklə də Ermənistan ordusu darmadağın edildi”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan ermənilərin “Böyük Ermənistan” və “Dağlıq Qarabağ Respublikası” xülyalarını birdəfəlik dəfn etdi: “30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Artıq reallıq ondan ibarətdir ki, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklərlə müqayisə edilə bilməz. Heç kəsə sirr deyil ki, 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu və nəinki Azərbaycan Silahlı Qüvvələrini Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı, hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin Ali Baş Komandan, Prezident İlham Əliyev yeni reallıq yaratdı və hazırda Şuşa şəhəri daxil olmaqla, bütün işğal altında olan torpaqlarımızı azad etdi. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz”.

“Hazırda inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır və dekabrın 1-dək Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir: “Eyni zamanda, məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Beləliklə də, Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Kəlbəcər, Ağdam və Laçınının boşaldılması, Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbiçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq. Bir sözlə, hazırki reallıq ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diqtə edir”.