Azərbaycan dünyanın diqqət mərkəzində

Dünən İsveçrənin Davos keçirilən 49-cu ənənəvi Dünya İqtisadi Forumu başa çatdı. Ekspert Araz Aslanlı “İki sahil” qəzetinə açıqlamasında bu tədbirin ölkəmiz üçün  mühüm əhəmiyyət kəsb etdiyini söylədi: “Əvvəla, dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət rəhbərlərinin, eləcə də 1000-dən artıq biznes dairələrinin nümayəndələrinin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştiraki ilə keçirilən Davos Dünya İqtisadi Forumunda Azərbaycanın dünyanın diqqət mərkəzində olduğu bir daha açıq-aydın göründü. Bunu Prezident İlham Əliyevin keçirdiyi coxsaylı görüşlər də təsdiq edir. Şübhəsiz, bu, hər şeydən əvvəl, ölkəmizə, həmçinin Bakı-Tbilisi-Qars, TANAP, TAP və bu kimi digər layihələrin müəllifi kimi tanınan dövlət başçımızın həyata keçirdiyi islahatlara olan maraqdan irəli gəlir. Burada bir neçə faktı xüsusi vurğulamaq istərdim: “Visa” şirkətinin prezidenti Rayan Maklnerni dövlətimizin başçısı ilə görüşdə bu il Davosa səfərinin əsas məqsədinin məhz onunla görüşmək olduğunu vurğuladı. Rayan Maklnerni Azərbaycanda tətbiq edilən vergi güzəştlərini və digər təşəbbüsləri başqa ölkələr üçün nümunə kimi dəyərləndirdi. Belə dəyərləndirmələr Prezident İlham Əliyevin keçirdiyi digər görüşlərdə də dəfələrlə xatırlandı.

Azərbaycan bu Forum çərçivəsində bir sıra təkliflər də aldı. Məsələn, “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ölkəmizdə yaradılmış şəffaf biznes mühitindən istifadə edərək regionda fəaliyyətini genişləndirmək niyyətində olduğunu diqqətə çatdırdı. Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva isə Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif etdi. Bu isə o deməkdir ki,  ölkəmiz vaxtilə Dünya Bankından yardım alan dövlətdən qısa müddətdə donor ölkəyə çevrilib”.

Bütün bu uğurların son 20 ildə əldə edildiyini qeyd edən ekspert, həmçinin vurğuladı ki, Davosda Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlıq sazişi də imzalandı. Prezident İlham Əliyev Azərbaycanın dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcəyini bildirdi. Bütün bunları dərindən analiz edəndə belə fikir irəli sürmək mümkündür: Forum ölkəmiz üçün öz potensialının nümayişi, eləcə də qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli oldu. Başqa sözlə desək, Davos Dünya İqtisadi Forumu Azərbaycanın imicinin beynəlxalq aləmdə daha da artmasına öz töhfəsini verdi”.

Ekspertin fikrincə, Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşü diqqət mərkəzində oldu: “Bu görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edildi. Şübhəsiz, dünya miqyasında bu kimi görüşlərin keçirilməsi münaqişənin Azərbaycanın maraqları çərçivəsində həlli üçün yeni imkanlar açır. Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir və Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllinə dair siyasətimizin nədən ibarət olduğuna Davosda Çin televeziyasına verdiyi müsahibədə bir daha aydınlıq gətirdi. Belə ki, dövlət başçımızın bildirdiyi kimi, tutduğumuz iqtisadi inkişaf yolu bizim işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yollardan biridir. Bu isə Ermənistanın tam çökməsi ilə nəticələnəcək. Yeri gəlmişkən, Ermənistanın yeni hökuməti  sadə xalqın köhnə problemlərdən bezdiyini bildirir. İndi görək Nikol Paşinyan xalqını köhnə problemlərlə yaşatmaqda  davam edəcək, yoxsa dəyişikliklər üçün daha rasional qərarlar qəbul edəcək? Onun isə yeganə yolu işğal olunmuş əraziləri öz sahibinə qaytarmaqdır. Digər bütün yollar bu ölkəni ya heç yerə, ya da uçuruma aparır. Dünyanın nüfuzlu məkanındakı – Davosdakı bu görüş həm də Azərbaycanın bu məsələdə nə qədər haqlı olduğunu, ədalətli mövqe tutduğunu, hər şeyi beynəlxalq normalar çərçivəsində həllinə nail olmaq istədiyini bir daha dünyaya nümayiş etdirdi. Elə həmin görüşdən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair cəhdlərin artması, eləcə də ermənilərin yalanlar üzərində qurulmuş siyasətlərinin ifşası bunu bir daha sübut edir. Qeyd edək ki, Davos Forumu kontekstində Dağlıq Qarabağ münaqişəsini şərh edən politoloqlar birmənalı şəkildə təşəbbüsün Azərbaycanın əlində olduğunu bildirirlər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”