“Azərbaycan dünya turizm bazarında öz yerini tutmaqdadır”

606
“Bu yay müstəqillik dövründə ilk dəfə ölkə rəhbərinin şəxsi təşəbbüsü nəticəsində Azərbaycanda “Ölkəmizi tanıyaq” adlı layihə gerçəkləşdi. Bu layihə çərçivəsində 3000-ə yaxın yuxarı sinif şagirdi müxtəlif rayonları gəzərək, maraqlı yerləri ziyarət etdi”.
Hər il sentyabrın 27-si planetimizin hər yerində Dünya Turizm Günü qeyd edilir. Dünən bu münasibətlə Bakıda dövlət və hökumət rəsmilərinin, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı ilə konfrans keçirildi.

Bildirildi ki, 1979-cu ildə BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 27 sentyabr – Dünya Turizm Günü kimi təsis olunub. Bayramın məqsədi turizmin təbliği, onun dünya iqtisadiyyatının inkişafına təsiri barədə maarifləndirmə, müxtəlif ölkələr arasında əlaqələrin inkişaf etdirilməsidir. 1980-ci ildən başlayaraq, bu bayram Dünya Turizm Təşkilatına üzv ölkələr tərəfindən mütəmadi qeyd olunur. Bu il Dünya Turizm Günü “Turizm və yerli icmaların inkişafı” devizi ilə Meksikanın Qvadalaxara şəhərində qeyd olunacaqdır. Azərbaycanda da hər il olduğu kimi, Dünya Turizm Günü münasibətilə paytaxt Bakıda və bölgələrdə müxtəlif tədbirlər keçirilir.

“Şahdağ” Qış-Yay Turizm Kompleksini 60 min turist ziyarət edib

Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlardan söz açdı. Ə. Qarayevin sözlərinə görə, son vaxtlar turizm dünyada iqtisadiyyatın gəlir gətirən sahələrindən birinə çevrilib: “Turizm sahəsinin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilməkdədir”.

Nazirin sözlərinə görə, ölkəmizin turizm potensialının dünyada təşviqi məqsədilə 2014-cü ilin 9 ayı ərzində yerli turizm şirkətləri və mehmanxanalar 10 beynəlxalq turizm sərgisində iştirak ediblər.

Tədbirdə bildirildi ki, Azərbaycanda ən mükəmməl layihələrdən biri olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin reallaşdırılması respublikamızda dağ-xizək idmanının inkişafı üçün hərtərəfli imkanlar açıb. Bu ilin yanvar-mart ayları ərzində 60 mindən çox yerli və xarici turist kompleksi ziyarət edib.

Ötən il martın 15-dən isə ölkəmizdə elektron viza sisteminin tətbiqinə başlanılıb. Artıq sistemə qoşulmuş 45 aparıcı turizm şirkəti tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 11 min 933 nəfər üçün elektron viza rəsmiləşdirilib”.

 

“Bu il qiymətlərin artımı da qeydə alınmadı”

Ə. Qarayev dedi ki, əvvəlcədən görülən tədbirlər nəticəsində bu il yay mövsümündə heç bir turizm müəssisəsində hər hansı fövqəladə və ya narahatlıq törədən hadisənin baş vermədiyini vurğuladı: “Bu il qiymətlərin artımı da qeydə alınmadı, hətta bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində artıq iki və üçulduzlu otellərin fəaliyyətinə uyğun olaraq, qiymət və xidmət tarazlığı müşahidə olundu. Əminik ki, bu proses davam edəcək. Biz işimizi bununla məhdudlaşdırmaq istəmirik. Oktyabrın 1-də Dünya Turizm Təşkilatı İcraiyyə Komitəsinin Səmərqənddə keçiriləcək iclasında Azərbaycanın mövqeyinin gücləndirilməsi məqsədilə müvafiq qərarların qəbul edilməsi üçün işlər aparılır. Azərbaycanın daha geniş şəkildə bu layihələrdə iştirakını təmin etməliyik. Azərbaycanda turizm şirkətlərinin və otellərin sayı artmaqdadır. Artıq 35 min yataq yeri olan potensialımız mövcuddur. Son illərdə dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir. Bu da turizm sənayesinin inkişafına və sərbəst fəaliyyətinə imkan verir”.

“3000-ə yaxın yuxarı sinif şagirdi müxtəlif rayonları gəzib”

Əbülfəs Qarayevin dediyinə görə, dünya turizm bazarında Azərbaycan öz yerini tutmaqdadır: “Prezident İlham Əliyevin turizmə göstərdiyi gündəlik qayğı nəticəsində indi Azərbaycanda klasterlərin (rasional bölgü və davamlı inkişaf) formalaşdırılması bizim üçün  olduqca vacibdir. Bu, artıq Qəbələdə, Şahdağda, Qubada formalaşdırılıb. Biz indi Şəmkir-Göygöl bölgələrində də bu yanaşmanın formalaşdırılmasına böyük maraq göstəririk. Düşünürəm ki, ondan sonra Cənub bölgəsində də bu işlərə başlanılacaq. Bu, düzgün istiqamətdir”.

Nazir Prezident İlham Əliyevin tapşırığı ilə reallaşdırılan “Ölkəmizi tanıyaq” adlı layihədən də danışıb: “Cari ilin mühüm bir hadisəsi həm də ondan ibarətdir ki, bu yay mövsümündə müstəqillik dövründə ilk dəfə ölkə rəhbərinin şəxsi təşəbbüsü nəticəsində Azərbaycanda “Ölkəmizi tanıyaq” adlı layihə gerçəkləşdi. Bu layihə çərçivəsində 3000-ə yaxın yuxarı sinif şagirdi müxtəlif rayonları gəzərək, maraqlı yerləri ziyarət edib. Şübhəsiz, bu aksiya gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında, dünyagörüşünün formalaşmasında böyük rol oynayacaq”.

“Azərbaycanda 530 otel fəaliyyət  göstərir”

Ə.Qarayev deyib ki, Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunları, Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, dünyəvi forumlar və digər mötəbər tədbirlər ölkəmizi turizm xəritəsində özünəməxsus yerin sahibi kimi təqdim edir.

Nazir qeyd edib ki, turizm sahəsinin inkişafı üçün “Azərbaycan Hava Yolları” QSC ilə (AZAL) çox ciddi iş aparılır. AZAL-ın yeni istiqamətlərdə aviareyslər açması, turizm istiqamətlərinin müəyyənləşdirilməsi yönündə ciddi işlər gedir: “Biz gözləyirik ki, bu ilin sonunadək bir-iki yeni istiqamət üzrə reyslər açılacaq”.

Ə.Qarayev vurğulayıb ki, bu gün Azərbaycanda 530 otel fəaliyyət göstərir.

Nazir bəzi problemlərdən də danışıb: “Qətiyyətli addımlar ataraq, lisenziyaların dayandırılması haqqında hüquq-mühafizə orqanlarına da öz müraciətlərimizi etmişik. Çünki bəzi yerlərdə bizim tövsiyələrimiz yerinə yetirilmir. Biz sözsüz ki, turistlərin, orada asudə vaxtını keçirən insanların hüquqlarını müdafiə etməliyik”.

Ə. Qarayev bir daha qeyd edib ki, bu il qiymətlərin artımı olmayıb: “Bu da bizi sevindirir. Əminik ki, bu proses davam edəcək”.

Tədbirdə bu sahədə fərqlənənlərə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı, həmçinin Bakı Turizm İnformasiya Mərkəzinin fəxri diplomları təqdim edildi.

Nicat İntiqam