Azərbaycan dövləti heç kimə imkan verə bilməz ki…

527

“Çox təəssüf ki, bəzi dövlətlər, o cümlədən daxildə olan bəzi təşkilatlar Azərbaycanda tolerantlığa, mövcud ictimai-siyasi sabitliyə qısqanclıqla yanaşırlar”.

Bunu apa-ya son dövrlər bəzi dini radikal qrupların fəallaşmasına münasibət bildirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.

Z. Əsgərov deyib ki, Azərbaycan tolerant dövlətdir, ölkədə müxtəlif dini konvessiyalar fəaliyyət göstərirlər: “Hər bir halda dini radikalizmin əleyhinəyik. Azərbaycanda oturuşmuş dini ənənələr var və Azərbaycanda dini inancları olan insanlar bu ənənələrə sadiqdirlər. Kim din pərdəsi altında radikal addımlar atacaqsa, müvafiq olaraq cəzalanacaqlar. Azərbaycan dövləti heç kimə imkan verə bilməz ki, ölkədə mövcud olan ictimai-siyasi sabitlik pozulsun, biz buna yol verə bilmərik. Təəssüf edirəm ki, bəziləri gedib xaricdə guya din təhsili alırlar, əslində isə din pərdəsi altında onlara orada hər şey öyrədirlər. Ona görə də cəmiyyətdə belə müəyyən radikalizm elementləri meydana gəlir. Bu da cəmiyyətdə insanları narahat edir. Hesab edirəm ki, narahatlığa əsas yoxdur. Belə halların qarşısı indiyə qədər alınıb və bundan sonra da alınacaq”.

Z. Əsgərov bildirib ki, din dövlətdən ayrı olsa da, hər bir Azərbaycan vətəndaşının Konstitusiya ilə qorunan hüquqları var: “İnsanların hüquqlarına digər insanlar da hörmətlə yanaşmalıdırlar”.