Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki…

Sosial siyasət ölkəmizdə prioritet məsələlərdən biridir. Bu məqsədlə respublikamızda insanların, xüsusən də qaçqınların və məcburi köçkünlərin ailələrinin sosial rifahının daim yüksəldilməsinə xidmət edən proqramlar həyata keçirilməkdədir. Bunun son nümunələri ötən ilin dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000, dekabrın 27-də isə Sumqayıt şəhərində 1005 qaçqın və məcburi köçkün ailəsinə mənzillərin verilməsi oldu. Bununla da ötən il ərzində mənzillə təmin edilən məcburi köçkün ailələrinin sayı 6805-ə, inşa olunan yaşayış komplekslərinin sayı isə 102-yə çatıb. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu faktı son illərin rekord göstəricisi kimi dəyərləndirib.  Ancaq bu da bir həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan məcburi köçkünlərimiz var. Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  bu istiqamətdə öz işini davam etdirir, növbəti illərdə görüləcək işlərlə bağlı  tədbirlər planları hazırlayır. Gələn ilin dövlət büdcəsinin xərclərində köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait də nəzərdə tutulub.

Mütəxəssislərin fikrincə, respublikamız sosial sahədə görülən işlər üzrə işğaldan əziyyət çəkən dövlətlər arasında ən yüksək səviyyədədir. Digər tərəfdən, təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq layihələrdən həm siyasi, həm də iqtisadi dividentlər əldə etmiş Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, Vətən uğrunda müharibədə əlil olanlara  böyük qayğı göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 626 mənzilin verilməsi təmin olunub. İndiyədək bu kateqoriyadan olanlara təqdim edilən mənzillərin sayı 6,7 minə çatıb. Bu il qeyd olunan kateqoriyalara aid şəxslərə azı 800 mənzilin verilməsi nəzərdə tutulur. Son 20 ildə isə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilib, altı mindən çox minik maşını hədiyyə edilib.

Bu kateqoriyaya daxil olan insanların digər problemləri də diqqətdən kənarda qalmayıb. Belə ki, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatını nəzərdə tutan Fərmanın icrası davam etdirilir. Artıq 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmə verilib. Ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Digər şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı 2019-cu ildə  yekunlaşacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2018-ci ildə 9284 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib ki, onlardan 1039-nu ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib. Halbuki bu kimi qayğıları regionun digər ölkələrində görmək mümkün deyil. Bunu beynəlxalq təşkilatlar da etiraf edir və Azərbaycanın bu nadir təcrübəsini bir çox ölkələr üçün nümunə kimi göstərirlər.

Bu gün ölkəmiz əldə olunmuş nailiyyətlərlə əsla kifayətlənmir. Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki,  biz bu siyasəti gələn il də davam etdirəcəyik. Bu isə o deməkdir ki, bundan sonra da Azərbaycan dövləti sosial cəhətdən bu kateqoriyalara aid olan vətəndaşlara diqqətlə yanaşacaq, onların problemlərinin həllində daha səylə çalışacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”