Azərbaycan bütün imkanlarını koronavirusla mübarizəyə yönəldib

0
153

Bu gün COVID-19 infeksiyası qlobal pandemiyaya çevrilərək bütün bəşəriyyət üçün böyük təhlükə yaradıb. Hazırda dünya bu bəlaya qarşı səfərbər olunub. Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli addımlar atılır. Başqa sözlə, Azərbaycan bütün imkanlarını infeksiyanın təsirlərindən az itki ilə çıxmağa yönəldib. Hətta bu istiqamətdə görülən işlərə görə respublikamız dünyanın bir çox ölkələrindən öndədir.

Ölkəmizdə bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirməklə yanaşı, iqtisadi sabitliyin təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də məqsədyönlü işlər həyata keçirilir. Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün neft gəlirlərimizin azalmasına baxmayaraq, 2,5 milyard manat vəsait ayrılmışdır. İqtisadçıların sözlərinə görə, bu rəqəm ümumi daxili məhsulun 3 faizini təşkil edir. Bu isə insanlarımızın sağlamlığının, təhlükəsizliyinin, rahatlığının və rifahının hər şeydən üstün olduğunun daha bir bariz nümunəsidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın Tədbirlər Planına əsasən, koronavirusun ən çox təsir etdiyi sahələr və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olanlar daha çox diqqət mərkəzindədirlər. Tədbirlər Planına əsasən, qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar, ümumilikdə 600 minə yaxın insanı əhatə edir. Eyni zamanda, sahibkarlara vergi güzəştlərinin edilməsi də nəzərdə tutulur. Yeri gəlmişkən, ərzaq və tibbi preparatların istehsalı üçün idxal olunan xammalın vergidən azad edilməsi, eyni zamanda, həm birbaşa yardım, həm təşviqedici vergi güzəştlərinin tətbiqi də qərara alınıb.

Ümumilikdə isə dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin olunub. Üstəlik, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılmaqdadır. Artıq qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanılıb.

Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Şübhəsiz, bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasına, pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsinə, iqtisadiyyatımızın davamlı inkişafının təmin edilməsinə xidmət edir.

Dövlətimiz bu prosesdə bankları da unutmayıb. Belə ki, banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Özü də zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Şübhəsiz, həyata keçirilən bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Bir sözlə, sosial məsələlərə dair dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub ki, bu da 1 milyon 900 min vətəndaşı əhatə edəcək.

Yeri gəlmişkən qeyd edək ki, sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi də artırılıb. Bunu nəzərə alaraq kommunal ödəmələrə də güzəşt edilib. Bu proqramlar dövlətimizin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır. Bütün bunlar Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sağlamlığına, rifahına həssas münasibətinin bariz nümunəsidir.

Belə bir çətin vəziyyətdə ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının qaydaları əsasında etibarlı tranzit ölkəsi olaraq üzərinə düşənləri də edir. Aprelin 10-da Türk Şurasının Zirvə görüşündə Prezident İlham Əliyev demişdir ki, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Məhz bu səbəbdən qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində beynəlxalq yükdaşımaları fasiləsiz həyata keçirilir: “Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”.

Bəli, bu ağır günlərdə dövlətimiz bütün imkanlarını qlobal pandemiyaya çevrilən koronavirus infeksiyasının təsirlərindən az itki ilə çıxmağa səfərbər edib. Bəs biz nə etməliyik? Sadəcə, bir vətəndaş olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi qaydalara ciddi riayət etməli, evdə qalmaqla həm özümüzü, həm də ətrafımızı qorumalıyıq.

Qvami Məhəbbətoğlu, “İki sahil”