Azərbaycan dünyada yaşayan soydaşlarımız üçün ümid mənbəyidir

0
334

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə Azərbaycanın Ticarət və Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən tədbirdə Vaşinqton və ətraf ərazilərdə yaşayan soydaşlarımız iştirak ediblər.

ABŞ-Azərbaycan Ticarət Palatasının rəhbəri Süsən Sadıqova təmsil etdiyi qurumun adından iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib. Daha sonra çıxış edən diasporumuzun fəal üzvü Həbib Azərsina bu günün tarixinə toxunub, bayramın dünyada yaşayan bütün azərbaycanlılar üçün əziz olduğunu söyləyib. ABŞ-da yaşayan bütün soydaşlarımızın müasir müstəqil Azərbaycanın daha da güclənməsi üçün əllərindən gələni etməli olduqlarını vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov çıxışında səfir Elin Süleymanovun təbriklərini qonaqlara çatdırıb, ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyanın bir çox regionlarında yaşayan soydaşlarımız üçün inam və ümid mənbəyinə çevrildiyini söyləyib. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsi əsasında milli birlik və Vətənə məhəbbət simvoluna çevrildiyini vurğulayıb.

Daha sonra milli musiqi sədaları altında qonaqlara milli mətbəximizə aid müxtəlif yemək və şirniyyatlar təqdim edilib.

Qeyd edək ki, tədbir Vaşinqtonda azərbaycanlıların həmrəyliyinin təcəssümü olan Ticarət və Mədəniyyət Mərkəzinin inzibati binasında keçirilib. Belə ki, bu bina ötən əsrin 90-cı illərinin sonunda Vaşinqtonda Azərbaycanla bağlı alınmış ilk binadır və burada Ticarət və Mədəniyyət Mərkəzi ilə yanaşı, ABŞ-Azərbaycan Ticarət Palatası və Vaşinqtondakı Azərbaycan məktəbi fəaliyyət göstərir. azərtac