Azərbaycan-Böyük Britaniya əməkdaşlığı yeni mərhələdə

0
36

Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan Avropa dövlətlərinin bir çoxu beynəlxalq münasibətlər sistemində ölkəmizin tərəfdaşı kimi çıxış edirlər. Bu ölkələrdən biri də dünya çapında öz nüfuzu və mövqeyi ilə seçilən Böyük Britaniyadır.

Qeyd edək ki, Azərbaycanla Böyük Britaniya arasında siyasi-diplomatik münasibətlər 1993-cü ildə Heydər Əliyevin ölkəmizə yenidən rəhbərliyə başlamasından sonra inkişaf mərhələsinə qədəm qoyub.  Son illər iki ölkə arasındakı əlaqələr Prezident İlham Əliyevin sayəsində yüksək səviyyəyə çatdırılıb. Hazırda respublikamızda 600-dən çox Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. Onlar ölkəmizdə həyata keçirilən layihələrdə öz fəallıqları ilə fərqlənirlər.  Təkcə bir faktı qeyd edək ki, Böyük Britaniyanın BP şirkəti neft-qaz sektorunda 7 layihədə, həmçinin Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrdə fəal iştirak edir.

Böyük Britaniya Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaş kimi tanıdığı Azərbaycanın iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. İndiyədək Böyük Britaniya tərəfindən əsasən ölkəmizin enerji sektoruna 30 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Bu da bizə  ölkəmizi  müasirləşdirməyə kömək etməklə yanaşı, iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını verib. Qarşıdakı illərdə isə diqqət yönəldiləcək əsas sahə qeyri-enerji sektorunun inkişafı olacaq.

Yeri gəlmişkən qeyd edək ki, Böyük Britaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb, dost ölkə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə daim hörmətlə yanaşıb. BMT Təhlükəsizlik Şurasında Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasını tələb edən qətnamələrin qəbulunda Böyük Britaniyanın böyük rolu olub. Bu ölkə, həmçinin Azərbaycanın Avropa məkanına və strukturlarına inteqrasiyasına öz dəstəyini əsirgəməyib. Böyük Britaniya 44 gün davam edən Vətən müharibəsində də bizim haqq işimizi mənəvi cəhətdən dəstəkləyib, eyni zamanda, münasibətlərimizə xələl gətirəcək heç bir addım atmayıb. Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan məmnun olan Böyük Britaniya Türkiyə, İtaliya kimi siyasi-iqtisadi əməkdaşlığa sadiq olduğunu bir daha nümayiş etdirib.

Bu gün iki ölkə bir çox sahələrdə (enerji, neft-qaz, ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, təhsil, mədəniyyət və turizm, ekologiya) əməkdaşlıq edir. Böyük Britaniya bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Avropanın nüfuzlu ölkəsinin öz iqtisadi rıçaqlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işlərinə qoşulmaq istəyi də bunun bariz nümunəsidir. Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən bu barədə danışaraq bildirib ki, biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq: “Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir.” Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, erməni vəhşilərinin viran qoyduqları ərazilərimizdə bərpa olunan enerji sahəsinin inkişafı üçün böyük potensial var. Dövlət başçısımız Böyük Britaniya şirkətlərinin bu sahədə də işləməyə maraq göstərdiklərini vurğulayıb. Böyük Britaniyanın bərpa oluna bilən enerji sektorunda dünya lideri olduğunu nəzərə alsaq, Qarabağın yaşıl zonaya çevrilməsində bu ölkənin kifayət qədər xidmətlərinin olacağı danılmazdır.

Görüşdə “İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir” deyən Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Böyük Britaniyanın Azərbaycanın ərazilərinin minadan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu bildirib. Azad edilmiş torpaqlarımızda minatəmizləmə işləri isə Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim birinci dərəcəli vəzifəmizdir.

Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, iki ölkə arasındakı əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizin bərpasında  görüləcək işlərlə yeni mərhələyə qədəm qoyacaq. Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirinin ölkəmizə səfəri də yeni əməkdaşlığın perspektivli olacağından xəbər verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”