Azərbaycan birliyi nəqliyyat infrastrukturu ilə möhkəmləndirmək üçün səylər göstərir

0
512

Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlayıb. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaq. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ölkələr arasındakı birliyi nəqliyyat infrastrukturu ilə möhkəmləndirmək üçün səylər göstərir. “Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi tarixi hadisədir. Əminəm ki, gələn ildən başlayaraq bu yol açıq olacaq. Beləliklə, yeni dəmir “İpək yolu” bərpa ediləcək. Bu layihənin həyata keçirilməsi Şuranın bütün üzvləri üçün əlavə fayda gətirəcək. Çox şadam ki, həm Azərbaycanda, həm Qazaxıstanda, həm Türkmənistanda mövcud olan limanlar genişləndirilir. Eyni zamanda, Xəzərdə yeni ticarət limanları tikilir ki, gələcəkdə biz yük daşımalarının artırılmasına tam şəkildə hazır olaq. Limanların, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin artırılması, əlavə yüklərin və mövcud olan yüklərin bu yolla nəqli iqtisadi maraqlarımızı artıracaq, eyni zamanda, işimizi konkret tədbirlərlə zənginləşdirəcək”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrumda keçirilən IV Zirvə toplantısı başa çatıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov toplantının nəticələri ilə bağlı AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantılarının keçirilməsi ənənə halı almışdır. Türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 2009-cu ildə Azərbaycanın qədim Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi barədə qərar qəbul olunmuşdur. Təşkilat ötən dövrdə əhəmiyyətli inkişaf mərhələsi keçməklə bərabər, dəqiq hədəflər müəyyən edə bilmişdir. Bodrumda keçirilən IV Zirvə toplantısında türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələri əhatə edən əlaqələrin qurulması üçün imkanların araşdırılmasına dair qərarlar qəbul edilmişdir. Prezident İlham Əliyevin Bodrumdakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoymuşdur. Tərəflər Azərbaycanın sədrliyi ilə təşkilatın ötən dövrdəki fəaliyyətini yüksək dəyərləndirmişlər.

Zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Dağlıq Qarabağ barədə maddənin salınması Azərbaycan üçün əhəmiyyətli bir məsələdir. Digər tərəfdən, qəbul olunmuş qərara əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi vəzifəsini Azərbaycan tərəfi – Ramil Həsənov tutmuşdur. Təşkilata sədrlik Türkiyə tərəfinə keçmişdir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə olunmuşdur”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here