Azərbaycan 119-cu sırada yer alıb

561

Ayrı-ayrı ölkələrdə korrupsiyanın səviyyəsini öyrənən və bu sahədə böyük təcrübəyə malik olan Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) hər il ənənəvi olaraq açıqladığı “Korrupsiya Qavrama İndeksi” adlı hesabatda ölkəmizin topladığı bal dəyişməz qalıb. Ancaq araşdırmanın aparıldığı ölkələrin sayı azaldığına görə, Azərbaycanın mövqeyi ötən il ərzində bir qədər yaxşılaşıb. 2014-cu il üçün açıqlanan reytinq göstəricisində korrupsiyanın səviyyəsinə görə 175 ölkə ölkə arasında 126-cı yerdə olan Azərbaycan, 2015-cı ildə 168 ölkə arasında mövqeyini bir qədər yaxşılaşdıraraq 119-cu sıraya yüksəlib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı tərəfindən dünən açıqlanan “Korrupsiya Qavrama İndeksi” dövlət sektorunda korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur.

2013-cü ildən hesabatda xallar 100 bal (çox yaxşı) – 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. İndeksi təşkilatın Berlində yerləşən katibliyi hazırlayır. Bir daha qeyd edək ki, 2015-ci ildə hesabata 168 ölkə daxil edilib. İndeksdə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alıb.

Qonşu ölkələrin göstəricilərinə gəlincə, Gürcüstan 52 balla 49-cu, Türkiyə 42 balla 66-cı, Ermənistan 35 balla 95-cidir. Rusiya 29 balla Azərbaycan kimi 119-cu sırada dayanır.

MDB ölkələrindən Moldova 33 balla 103-cü, Belarus 32 balla 107-ci, Qazaxıstan və Qırğızıstan 28 balla 123-cü, Ukrayna 27 balla 130-cu, Tacikistan 26 balla 136-cı, Özbəkistan 19 balla 153-cü, Türkmənistan 18 balla 154-cü yerdədir.

Korrupsiyanın ən az olduğu ölkə Danimarka, ən çox olduğu ölkə Somalidir

2015-ci ilin “Korrupsiya Qavrama İndeksi”ndə ilk sıranı 91 balla Danimarka tutur. Finlandiya 2-ci (90 bal), İsveç 3-cüdür (89 bal). Sonrakı yerləri Yeni Zelandiya (88 bal), Hollandiya və Norveç (hər ikisi 87 bal), İsveçrə (86 bal), Sinqapur (85 bal), Kanada (83 bal) tutur. Almaniya, Böyük Britaniya və Lüksemburq 81 balla 10-cu pilləni bölüşürlər. ABŞ 76 balla 16-cı, Yaponiya 75 balla 18-cidir. Keçmiş SSRİ məkanından Estoniya 70 balla 23-cü sırada qərarlaşıb. Litva 61 balla 32-ci, Latviya 55 balla 40-cıdır.

Siyahıda son üç pilləni Əfqanıstan (11 bal), Şimali Koreya və Somali (hər ikisi 8 bal) tutur.

Son iki ildə Azərbaycanın topladığı bal dəyişməyib

Məlumat üçün bildirək ki, Azərbaycan “Korrupsiya Qavrama İndeksi” hesabatına salındığı ilk ildə (2000-ci il) 90 ölkə arasında 1,5 balla 87-ci olub. Hesabat 2011-ci ilədək 0-dan (çox zəif) 10-a (çox yaxşı) metodu ilə hazırlanıb. 2001-ci ilin göstəriciləri 91 ölkəyə görə müəyyən edilib. Azərbaycan həmin il 2 balla 84-cü yerdə olub. Növbəti ildə ölkə eyni balla 102 ölkə arasında 95-ci yerdə qərarlaşıb. 2003-cü ildə İndeks göstəricilərində Azərbaycanın balı 1,8-ə düşüb və 133 ölkə arasında 124-cü olub. Azərbaycan 2004-cü ildə 146 ölkə arasında 1,9 balla 140-cı, 2005-ci ildə 159 ölkə arasında 2,2 balla 137-ci yerdə göstərilib.

Növbəti ildə Azərbaycanın göstəriciləri 2,4 balla qiymətləndirilib: 163 ölkə arasında 130-cu. 2007-ci ildə isə nəticələr 179 ölkə arasında qiymətləndirilib. Azərbaycan 2,1 balla 148-ci yerdə olub. 2008 və 2009-cu illərdə Korrupsiya Qavrama İndeksinə görə hesabat 180 ölkəni əhatə edib. Azərbaycan 2008-ci ildə 1,9 balla 159-cu, bir il sonra 2,3 balla 143-cü sırada qərar tutub. Sonrakı iki ildə Azərbaycan 2,4 balla qiymətləndirilib: 2010-cu ildə 178 ölkə arasında 134-cü, 2011-ci ildə isə 183 ölkə arasında 143-cü yerdə gəlib.

2012-ci ildən Beynəlxalq Şəffaflıq Təşkilatı “Korrupsiya Qavrama İndeksi”ni yeni – 0-dan (çox zəif) 100-ə (çox yaxşı) metodologiyası əsasında hazırlayır. Həmin il 176 ölkə haqqında hazırlanan hesabatda Azərbaycan 27 balla 139-cu olub, sonrakı ildə 177 ölkə arasında 28 balla 127-ci yerdə gəlib. 2014-2015-ci illərdə Azərbaycan üzrə göstəricilər 29 balla qiymətləndirilib. Əvvəlki ildə ölkə 175 ölkə arasında 126-cı, sonrakı ildə 168 ölkə arasında 119-cu yerdə qərarlaşıb.