Azərbaycan-Əfqanıstan əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Əfqanıstan  arasında iqtisadi, siyasi əməkdaşlıq günbəgün dərinləşməkdə və möhkəmlənməkdədir. Artıq Azərbaycan vasitəsilə Əfqanıstandan beynəlxalq bazarlara müəyyən yüklər nəql edilir. Şübhəsiz, Azərbaycanın təşəbbüsü ilə davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan və İranın dəmir yolu şəbəkələrini birləşdirən Xəzər dənizinin sahilindəki logistika mərkəzi kimi əsas strateji magistral komponentləri, Şərq-Qərb və Şimal-Cənub oxları boyunca çox modullu imkanlara malik trans-regional infrastrukturun inkişafını Əfqanıstanın dünya bazarına çıxışına bir töhfə də hesab etmək olar. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” Əfqanıstanla fəal əməkdaşlıq edir və artıq bu xidmət Əfqanıstanda tətbiq olunur. Siyasi əlaqələrə gəldikdə isə Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün bizim siyasi əlaqələrimiz heç vaxt olmadığı qədər güclüdür. Bununla yanaşı, əməkdaşlığımızın daha bir vacib elementi təhlükəsizlik məsələləridir. Məlum olduğu kimi, Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. İki ölkə arasında əlaqələri daha da dərinləşdirmək məqsədilə Azərbaycan parlamenti Kabildə səfirliyimizin açılması barədə qanun qəbul edib. Cari il yanvarın 13-də isə həmin qanun Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Şübhəsiz, bu addım Əfqanıstanda ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Faşist ideologiyasına xidmət edən Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini Əfqanıstanın ən yüksək səviyyələrdə gündəmə gətirməsi isə artıq bir tarixdir. Yəni, Əfqanıstan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq mövqe nümayiş etdirib, beynəlxalq tribunalardan Ermənistanı işğalşılıq siyasətini dəfələrlə pisləyib. Eyni zamanda, biz bu dəstəyi Vətən müharibəsi zamanı da hiss etdik. Belə ki, 44 günlük Vətən müharibəsində xüsusi bir əzmlə torpaqları uğrunda vuruşan Azərbaycana Əfqanıstan birmənalı şəkildə mənəvi dəstək verən ilk ölkələrdən oldu. Şübhəsiz, Vətən müharibəsi müddətində Əfqanıstanın mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi ordumuza, xalqımıza güc verdi. Odur ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində bizim ədalətli mübarizəmizi dəstəklədiyinə görə qardaş Əfqanıstana təşəkkürünü bildirərkən demişdir: “Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik.”

Yeri gəlmişkən qeyd edək ki, martın 30-da Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi – İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəninin görüşündə də iki ölkənin əməkdaşlığından ətraflı söz açılıb. Həmçinin “ASAN xidmət”in Əfqanıstanda daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatlar üçün təlimlərin davam etdirilməsi, habelə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, bu görüşdə  Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfəri də diqqət mərkəzində olub. Əfqanıstan Prezidenti Azərbaycan ərazi bütövlüyünün bərpasında inamlı addımlar atdığını vurğulamaqla yanaşı, bu Zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb. Yeri gəlmişkən qeyd edək ki, bu il martın 4-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısında Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni Azərbaycan Prezidenti İlham Əliyevə “qardaşım” deyə xitab edərək demişdir: “Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram.”

Məhəmməd Əşrəf Qəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni vəhşiləri tərəfindən törədilmiş dağıntıların miqyasından xəbərdar olduğunu və bunun təəssüf doğurduğunu qeyd edib. Bununla da o, bir daha öz ölkəsinin qardaşlıq mövqeyini nümayiş etdirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”