Azər Paşa Nemətov Bolqarıstanda yaradıcılıq görüşləri keçirəcək 

381

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram
Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov
Bolqarıstana səfər edəcək. Teatrın mətbuat xidmətindən verilən
məlumata görə, 26-29 aprel tarixlərində baş tutacaq səfərdə bir sıra
görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azər Paşa Nemətov bildirib ki, Bolqarıstan Akademik Milli Dram
Teatrının rəhbərliyi Azərbaycanın bu ölkədəki səfirliyi vasitəsi ilə
yaradıcılıq əməkdaşlığı qurmaqla bağlı müraciət edib:

“Yaradıcılıq əməkdaşlığının qurulmasına xidmət edən müraciəti yüksək
qiymətləndirdik. Eyni zamanda Bolqarıstan teatr xadimləri azərbaycanlı
müəlliflərin əsərləri ilə maraqlanıblar. Artıq onlara klassik və
müasir əsər nümunələrini göndərmişik. Bolqarıstanın Akademik Milli
Dram Teatrının dəvəti əsasında reallaşan səfərdə xarici teatr
mütəxəssisləri, menecerlər iştirak edəcəklər. Bilirsiniz ki, Akademik
Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq
festivalda ötən uğurla iştirak etdi. Bu il də eyni festivalda Samuel
Bekketin “Kreppin son lent yazısı” pyesi əsasında hazırlanan tamaşa
ilə iştirak edəcəyik. Səhnə əsəri ingilis dilində oynanılacaq.”

Səfər çərçivəsində Bolqarıstanın mədəniyyət nazirliyində və Beynəlxalq
Teatr İnstitutunun Bolqarıstan Milli Mərkəzində görüşlər keçiriləcək,
teatr rəhbərləri ilə gələcək əməkdaşlığın perspektivləri haqqında
müzakirələr aparılacaq.

Qeyd edək ki, yaradıcılıq səfəri Azərbaycanın Mədəniyyət Nazirliyinin
və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə
reallaşacaq.