Aylıq uşaq pulunun bərpası məsələsinə ictimaiyyət necə yanaşır?

0
755

Bir müddət öncə, daha dəqiq desək, aprel ayının 1-də qəzetimizdə “Aylıq uşaq pullarının bərpa olunmasına ehtiyac var” başlıqlı yazı dərc olunmuşdu. Yazıda qeyd etmişdik ki, sovet dönəmində və müstəqilliyimizin ilk illərinə qədər ölkəmizdə hər yeni doğulan uşağa görə ailələrə müəyyən yaşa qədər aylıq pul verilirdi. 1998-ci ildən sonra isə yeni doğulan uşaq üçün birdəfəlik müavinət verilir. Hazırda bu müavinətin məbləği 99 manatdır. Körpə uşağı olan hər kəs bilir ki, birdəfəlik verilən 99 manat müavinət uşaqların xərclərinin ödənilməsi üçün kifayət etmir. İqtisadçı ekspert Vüqar Bayramov da ölkəmizdə dünyaya gələn uşaqlara görə dövlət tərəfindən verilən birdəfəlik müavinətlərin məbləğinin az olduğunu demişdi: “Aylıq uşaq pulunun verilməsinin tərəfdarıyam. Əvvəla, birdəfəlik ödənişin məbləği azdır. Nəzərə almaq lazımdır ki, bu məbləğ birmənalı şəkildə imkan vermir ki, yeni uşağı dünyaya gələn ailələr ondan bütün ehtiyaclarını ödəyə bilmək üçün istifadə etsinlər. Praktiki olaraq, bu vəsait yetərli deyil. Ona görə də aylıq yardımlara ehtiyac var. Çünki uşaqların aylıq xərcləri olduqca çoxdur. Birdəfəlik ödəniş həmin xərclərin kompensasiya edilməsinə imkan vermir. Uşaqların ehtiyacları az deyil: uşaq yeməkləri, geyimlər, bezlər və digər ehtiyaclar bahadır. Baha olduğu üçün də, xüsusən, aztəminatlı ailələr üçün bu, problem yaradır. Bu gün uşaq pulunun ləğv edilməsi, xüsusən çoxuşaqlı ailələrdə ciddi problem yaradır, uşaqların sağlam böyüdülməsinə kifayət qədər ciddi problemlər yaradır. Ona görə də aylıq yardımlara ehtiyac var”.
Mövzu ilə bağlı sadə insanların da fikirlərini öyrəndik. Bakı şəhər sakini, təqaüdçü Mürşid Səlimov: “Aylıq uşaq pulları bərpa olunsa, çox yaxşı olar. Çünki uşaqların xərci çoxdur. Get-gedə həyat şərtləri çətinləşir. Uşaq ehtiyacları bahalaşıb. Uşaqların özlərinə aylıq pul ayrılarsa, çox yaxşı olar”.
Bakı sakini Niyaz Orucov: “Aylıq uşaq pulu sovet dönəmində var idi. İndi də aylıq uşaq pulu verilsə, çox yaxşı olardı. Açığını deyək ki, vəziyyət elədir ki, dolanmaq çox çətindir. Ona görə də gənc ailələr üçün lazımlıdır. Xərclər onsuz da çoxdur, uşaq pulu bərpa olunsa, gənc ailələrə az da olsa köməkliyi dəyər”.
Gənc valideyn Elşad Abdullayevlə parkda qarşılaşdıq. Körpə övladını parka gəzməyə gətirən Elşad bəy aylıq uşaq pullarının gənc ailələrə çox böyük dəstək ola biləcəyini dedi: “Uşaqlarım dünyaya gələndə birdəfəlik müavinət – 90 manat almışam. O da iki günə xərclənib qurtarıb. Heç aylıq uşaq bezinin pulunu ödəmir. Uşaq yeməkləri od qiymətinədir. Dövlətimiz aylıq uşaq pullarını bərpa etsə, çox yaxşı olar. Heç olmasa, hər uşağın aylıq ya bezinin, ya da yeməyinin pulunu ödəyəcək miqdarda müavinət olarsa, bəs edər”.
Şəhər sakini Babək bəy də aylıq uşaq pullarının bərpa olunmasının vacibliyindən danışdı. Qeyd etdi ki, qonşu dövlətlərin bir çoxunda aylıq uşaq pulu verilir: “Amma bizdə niyə verilmir, onu başa düşmürəm. Gənc ailələrin əksəriyyəti çətinliklə dolanır. Hələ bir ailədə 2-3 uşaq varsa, daha çətin vəziyyət yaranır. Həm də nəzərə almaq lazımdır ki, ailələrin əksəriyyətində ancaq ata işləyir. Uşaqların təminatı çətinləşir. Aylıq uşaq pulları verilərsə, çox yaxşı olar. Hamı həm dövlətimizdən, həm rəhbərliyimizdən razı qalar”.
Üç uşaq anası olan Ellana Xıdırzadə də uşaq ehtiyaclarının baha olmasından danışdı: “Aylıq uşaq pulunun bərpa olunmasına çox böyük ehtiyac var. Birdəfəlik müavinət həddindən artıq azdır. Bir uşağın aylıq xərci, haradasa, 150 manat edir. Ona görə aylıq uşaq pulu bərpa olunsa, çox məqsədəuyğun olar. Heç olmasa, hər uşağa görə 100 manat verilsə, bəs edər. Amma inanmıram (gülür)”.
Sorğunu apardılar:
Rasim Məmmədli, Nicat İntiqam.