“Aylıq uşaq pullarının bərpa olunmasına ehtiyac var”

890
Child at the supermarket

Sovet dönəmində və müstəqilliyimizin ilk illərinə qədər ölkəmizdə hər yeni doğulan uşağa görə müəyyən yaşa qədər aylıq müavinət verilirdi. 1998-ci ildən sonra isə yeni doğulan uşaq üçün birdəfəlik müavinət verilir. İlk vaxtlar bu müavinət 70-75 manat idisə, bu ilin yanvar ayından 110 manata qaldırılıb.

Bəs 110 manat yeni doğulmuş uşağın neçə gününün xərci üçün bəs eləyir? Bu sualın cavabını körpə uşağı olan hər kəs bilir…
Ölkəmizdə bu sahədəki vəziyyəti digər ölkələrlə müqayisə edək. Məsələn, Rusiyada bir uşaq üçün birdəfəlik müavinət 220 dollardan artıqdır. Bu ölkədə birinci uşağa görə aylıq (yaş yarıma qədər) 62 manat, ikinci uşağa görə 124 manat, üçüncü uşağa görə isə 186 manat (3 yaşına qədər) müavinət verilir.
Ukraynada uşağın anadan olmasına görə həm birdəfəlik (600 manat), həm də 3 yaşınadək aylıq müavinət (50 manat) verilir. Uşaqların sayı artdıqca mavinətin məbləği də dəfə artır. Avropada bu məbləğ daha yüksəkdir. Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 180 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Britaniya, vətəndaşı olan uşaqlara ayda təxminən 150 funt sterlinq pul ayırılar. Birdəfəlik müavinət isə 500 funtsterlinqdən artıqdır. Ərəb ölkələrində isə bu rəqəmlər inanılmazdır.
“Həqiqətən, ehtiyacı olan ailələrə
bu pul ödənilməlidir”
Bəs bizdə niyə uşaq pulu verilmir, əvəzinə birdəfəlik müavinət verilir? Birdəfəlik müavinət (2016-cı ilin yanvar ayından etibarən 90 manatdan 110 manata qədər artırılıb) uşağın ehtiyacını nə qədər qarşılayır? Bu sualların cavabını tapmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində dedi ki, əvvəllər uşaq pulu dövlət tərəfindən bütün ailələrə verilirdi: “Daha sonra müəyyən problemlərlə üzləşdik. Məlum oldu ki, çox imkanlı ailələr də bu pulu alırlar. Yəni ünvanlılıq pozulurdu. Bu baxımdan bu siyasətdə dəyişiklik oldu. Ünvanlılıq nəzərə alınmaqla artıq aztəminatlı ailələrə verilir. Ünvanlı sosial yardım mexanizmi işə düşdü. Biz hesab edirik ki, həqiqətən, ehtiyacı olan ailələrə bu pul ödənilməlidir. Ünvanlı sosial yardım aztəminatlı ailələrə verilir, orada uşaq da nəzərə alınır, yəni adambaşına hesablanır. Bilirsiniz ki, hər il ehtiyac meyarının məbləği müəyyən olunur. Həmin məbləğə uyğun olaraq ailənin gəlirləri hesablanır, çatışmayan hissə isə dövlət tərəfindən ödənilir. Hesab edirəm ki, bununla bağlı dövlət siyasəti düzgün həyata keçirilir. Vaxt var idi ki, bütün ailələrə ödənilirdi, ancaq, təbii ki, dövlətin imkanı da nəzərə alınmalıdır. Ancaq elə ailələr var idi ki, uşaq pulu verilsə də, bəs etmirdi. Ancaq indi ünvanlı sosial yardıma görə ailələrə ehtiyacı nisbətində müavinət verilir”.

“Aylıq yardımlara da ehtiyac var”
İqtisadçı ekspert Vüqar Bayramov da ölkəmizdə dünyaya gələn uşaqlara görə dövlət tərəfindən verilən birdəfəlik müavinətlərin məbləğinin az olduğunu düşünür: “1998-ci ildən qəbul edilən əsasnaməyə əsasən, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət verilir. Bununla yanaşı, aylıq uşaq pulunun verilməsinin tərəfdarıyam. Əvvəla, birdəfəlik ödənişin məbləği azdır. Nəzərə almaq lazımdır ki, bu məbləğ birmənalı şəkildə imkan vermir ki, yeni uşağı dünyaya gələn ailələr ondan bütün ehtiyaclarını ödəyə bilmək üçün istifadə etsinlər. Praktiki olaraq bu vəsait yetərli deyil. Ona görə də aylıq yardımlara ehtiyac var. Çünki uşaqların aylıq xərcləri olduqca çoxdur. Birdəfəlik ödəniş həmin xərclərin kompensasiya edilməsinə imkan vermir. Uşaqların ehtiyacları az deyil: uşaq yeməkləri, geyimlər, bezlər və digər ehtiyaclar bahadır. Baha olduğu üçün də, xüsusən, aztəminatlı ailələr üçün bu, problem yaradır. Təbii ki, uşaq olan ailə ünvanlı sosial yardım alırsa, həmin ailəyə uşaq pulunun verilməməsi mümkündür. Çünki ünvanlı sosial yardım həmin uşağa görə də hesablanıb ödəniş edilir. Amma ünvanlı sosial yardım almayan, lakin gəlirləri çox da yüksək olmayan ailələr üçün uşaq pulunun verilməsinə ciddi ehtiyac var. Bu gün uşaq pulunun ləğv edilməsi, xüsusən çoxuşaqlı ailələrdə ciddi problem yaradır, uşaqların sağlam böyüdülməsinə kifayət qədər ciddi problemlər yaradır”.

Rasim Məmmədli