Ayının min oyunu və yaxud sabiqlərin divanı

Nikol Paşinyan hakimiyyətə gələn gündən tuthatut kampaniyasına start verib. Artıq o, Ermənistanın sabiq prezidenti Robert Koçaryanı da həbs etdirib. Deyilənlərə görə, indi növbə digər sabiqin, yəni hazırda müalicə adı altında Avropada olan Serj Sarkisyanındır. Çox güman ki, Serj Sarkisyan da sələfi Robert Koçaryan kimi həbsə atılacaq. Qeyd edək ki, Koçaryan və Sarkisyan ölkənin konstitusiya quruluşunun dəyişdirilməsində ittiham olunurlar. Üstəlik, bu cütlük iqtisadiyyatın hakim “Qarabağ klan”ı tərəfindən mənimsənilməsinə, sosial və iqtisadi durumun acınacaqlı vəziyyətə düşməsinə, insanların bu ölkədən baş götürüb getmələrinə görə birbaşa məsuliyyət daşıyırlar. Doğrudanmı, onların ittiham olunmasında bu amillər əsas rol oynayır?

Bu günlərdə Ermənistanın həbs edilmiş keçmiş prezidenti Robert Koçaryanla bağlı sensasiyalı iddia ortaya atılıb. Həmin iddiaya görə, Robert Koçaryan baş nazir Nikol Paşinyanı devirərək hakimiyyəti ələ keçirmək fikrinə düşüb. Bu məqsədlə o, öz ətrafını payızda keçiriləcək parlament seçkilərində fəal olmağa səsləyib. Nikol Paşinyan sabiq  prezidentin bu niyyətindən xəbər tutan kimi onu dindirilmək üçün istintaqa çağırtdırıb və gözlənildiyi kimi də həbs etdirib. Bu isə bir daha belə deməyə əsas verir ki, Robert Koçaryanın həbs edilməsi heç də 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar deyil, bu addım onu sadəcə siyasi meydanda neytrallaşdırmağa yönəlib. Elə Serj Sarkisyanın da həbsinə hazırlıq bu  kimi amillərdən qaynaqlanır.

…Belə getsə, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da həbs oluna bilər. Bunun üçün Nikol Paşinyanın əlində kifayət qədər “dəlil” də var. Belə ki, 1991-1998-ci illərdə Ermənistanın birinci prezidenti olmuş Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan ötən ilin martında bildirmişdi ki, Dağlıq Qarabağın ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır. Hətta ərz etmişdi ki, əgər biz bunu könüllü etməsək, onda ərazilər sanksiyalarla alınacaq. Odur ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır.

Bir neçə gün öncə isə Levon Ter-Petrosyanın rəhbərlik etdiyi konqresin nümayəndəsi Zoya Tadevosyan Dağlıq Qarabağın Azərbaycana qaytarılması fikrini yenidən gündəmə gətirib. Hətta o,  Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini də vurğulayıb. Bəli, bütün bunlar, daha doğrusu, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanı, eləcə də onun rəhbərlik etdiyi partiyanı Azərbaycanın maraqlarına xidmətdə ittiham etmək Nikol Paşinyanın əlində “kozır” da ola bilər. Ondan istifadə etmək, öz məqsədinə uyğunlaşdırmaq isə özündən başqa dərrakəli siyasətçi tanımayan, ağzına gələni danışan Nikol Paşinyan üçün su içmək kimi bir şeydir. Bununla da o öz sələflərinin – sabiq prezidentlərin axırına çıxmış olacaq.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan əslində onlardan öz şəxsi qisasını alır. Çünki 2008-ci il martın 1-də gülləbaran edilən və insanların ölməsi ilə nəticələnən kütləvi nümayişdən bir gün sonra – martın 2-də Nikol Paşinyan hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib. O, 2009-cu ildə könüllü şəkildə polisə təslim olub və 7 il müddətində azadlıqdan məhrum edilib. Lakin 2011-ci ildə amnistiya ilə azadlığa çıxıb. Bütün bunlar da  belə fikir söyləməyə əsas verir ki, Nikol Paşinyanın bu gedişlərini ədalət axtarışı, ölkəni düşdüyü fəlakətdən xilas etmək kimi yozmaq olmaz. Onun məqsədi heç də erməni xalqına gün ağlamaq deyil. Yəni Nikol Paşinyanın ədalətin bərpa olunması uğrunda mübarizə aparması sadəcə görüntü yaratmağa, ən əsası mövcud hakimiyyətdə mövqelərini gücləndirməyə hesablanıb. Bir sözlə, Paşinyanın hakimiyyəti sırf şəxsi intiqama, özünümüdafiəyə köklənib. Necə deyərlər, ayının min oyunu var, o da bir armudun başındadır. Lakin o bu armud istəyini hələ ki pərdələməyi bacarır.

Şübhəsiz, Nikol Paşinyanın bu addımları həm də avqustun 17-də onun baş nazir postunda əyləşməsinin 100 günü  münasibətilə İrəvanın Respublika meydanında keçirmək istədiyi mitinqə də hesablanıb. Görünür, Brüsseldən əli ətəyindən uzun qayıdan, heç bir iqtisadi inkişafa nail olmayan, gah Qərbə, gah Moskvaya üz tutan, bununla da iki yol ayrıcında qalan, işğalçılıq siyasətini davam etdirən, xalqa gün ağlamayan bu “siyasətçi” elə bu kimi nəsnələrlə yenə də xalqını tovlamağa çalışacaq. Bir də axı 100 gündə heç bir uğura imza atmayan baş nazir nə deyə bilər ki? Çox güman ki, bu hiyləgər erməni bununla həm də xalqı dişinə vurmağa çalışacaq: yəni onun “siyasətini” dəstəkləyib-dəstəkləməyəcəyinə aydınlıq gətirməyı çalışacaq. Amma bu bir fakt ki, əgər Nikol Paşinyan Serj Sarkisyanı təzyiq yolu ilə hakimiyyətdən uzaqlaşdıra bildisə, gələcəkdə ona qarşı da analoji vəziyyət yarana bilər. Çünki o da xalqa münasibətdə elə öz sələfinin yolu ilə gedir. Şübhəsiz, Nikol Paşinyan bu dəfə meydana Serj Sarkisyanı devirdiyi günlərdə yığdığı qədər tərəfdarını toplaya bilməsə, bu, bir gerçək olacaq. Nəticədə o da sabiqlərdən birinə çevriləcək.

 Qvami Məhəbbətoğlu