“… ayılıb görəcəyik ki, Mingəçevir çöküb”

644

Mingəçevir kənd sakinləri, həmçinin Qaçaq Nəbi küçəsinin sakinləri artıq problemin nə yerdə olduğunu hamıdan yaxşı hiss edirlər. Onların tikdikləri evlər çatlayır. Hasarları dağılır, torpaqları sürüşür.

İldən-ilə Mingəçevir şəhərində fəaliyyət göstərən qum-çınqıl karxanalarının, yəni karyerlərin sayı artır. Bu karxanalar əsasən şəhərin cənub (cənub-qərb, cənub-şərq) hissəsində istismar işlərini aparırlar. Hələ şəhərin inşası dövründə tikintini qeyri-filiz materialları (qum, çınqıl, qırmadaş və s.) ilə təmin etmək üçün Mingəçevirin cənub-qərb hissəsinin 5 kilometrliyində, Kür çayı hövzəsində qeyri-filiz yatagı aşkar edilmiş, yetərincə qum-çınqıl ehtiyatına malik olduğu müəyyənləşdirilmişdi. Bu yatağın istismarı üçün hidromexanizasiya idarəsi yaradılmış, buraya dəmir yolu çəkilmişdi. Güclü nasoslar vasitəsilə çayın 12-14, bəzi yerlərində 20 metr dərinliyindən qum-çınqıl çıxarılırdı. Məhz buradan çıxarılan qum-çınqılın sayəsində Mingəçevir SES-də tikinti işləri vaxtından əvvəl başa çatdırılmışdı. Bu tikintilərdən sonra qum-çınqıl karxanalarının artacağı ehtimalı ortaya çıxdıqda şəhərin Mingəçevir Su Anbarına böyük təhlükə yaradacağı məsələsi gündəmdə olub. Həmin vaxtlarda karyerlərin sayının artmaması və yalnız lazım olduqda müəyyən dövrlərdə işləməsi əsas məsələ kimi ortaya qoyulmuşdu. Hazırda isə qeyd etdiyimiz kimi, bu karyerlərin sayı get-gedə artmaqdadır. Belə ki, 2005-ci ildən etibarən 10-a yaxın karyer var idisə, indi bu say müəyyən dövrdə hətta 15-ə çatır. Qeyri-leqal yollarla, təhlükənin müşahidə edilməməsi üçün bunların ya sayları az göstərilir, ya da müəyyən dövrlük fəaliyyətləri dondurulur kimi qələmə verilərək gizlində fəaliyyət göstərirlər. Reallıqda onu qeyd etmək lazımdır ki, hazırda şəhərin cənub hissəsində torpaq sahələrinin çox böyük hissəsi karyerlərin istismarından sonra yuyulub və yerini su basıb. Hazırda bu problemlə ən çox şəhərin cənub tərəfdən Kür qırağı sahilinə yaxın olan Mingəçevir kəndi kimi tanınan ərazisində müşahidə olunur. Həmçinin artıq Yevlax rayonunun kəndlərinə qədər torpaq yuyulması müşahidə olunur ki, Hürüuşağı kəndinə qədər su ərazisi genişlənib. Rahat şəkildə karyerlərin artıq istismar edəcək torpaq tapmadıqları üçün bu ərazilərə də keçdikləri görünür. Karyerlərin şəhərin geoloji quruluşuna vurduğu ziyanla bağlı faktlar neçə illərdən sonra büruzə verdiyini nəzərə alsaq, artıq həmin vaxt gəlib.

Mingəçevir kənd sakinləri, həmçinin Qaçaq Nəbi küçəsi sakinləri artıq problemin nə yerdə olduğunu hamıdan yaxşı hiss edirlər. Onların tikdikləri evlər çatlayır. Hasarları dağılır, torpaqları sürüşür. Şəhərin su-kanalizasiya tullantılarının axıdıldığı hissədə evi olanların həyətlərində 1-2 metr dərinlikdən su çıxır. Mingəçevir kəndinin ağsaqqalı kimi tanınan Allahverdi Əliyev kənd sakinləri adından bu karyerlərin şəhərə vurduğu ziyanla bağlı 2006-ci ildən etibarən müxtəlif vaxtlarda Azərbaycan Respublikası Ətraf Mühitin Mühafizəsi Departamentinə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə və digər qurumlara müraciətlər edib. 2007-ci ildə qum-çınqıl istismarı ilə məşğul olan karxanalara FHN-in adıçəkilən agentliyi tərəfindən baxış keçirilib. Bir neçə karyerin fəaliyyəti dondurulub və ya tamamilə dayandırılıb. Onların istismar və sanitar normalara məhəl qoymadan işlədikləri müəyyənləşib. Hətta məlum olub ki, bəzilərinin yerin təkindən istifadə üçün lazımi geoloji və ekoloji sənədləri də yoxdur və müəyyən uydurma yollarla fəaliyyət göstərirlər. Bəziləri quşçuluq təsərrüfatı ilə bağlı 100 hektar ərazi alır və işlərini görürlər. Amma torpaqların hamısını xəlvəti şəkildə karxana üçün istismar edirlər. Bu səbəbdən müəyyən dövrdə karyerlərin fəaliyyəti azaldıldı. Amma həmin vaxtdan bu günədək yenə də durmadan artır. Mingəçevir Şəhər Bələdiyyəsinin əlindəki siyahıya görə, 14 karyer var, onlardan isə hazırda 8-i işləyir. Onlar bələdiyyəyə mədən vergisindən də müxtəlif yollarla yayınırlar. 2005-ci illərdə az sayda karyerlərdən 10-12 min manat vergi alınırdısa, indi sayı çox olsa da cəmi 2 min manat vergi alınır. Karxana sahibləri bələdiyyələrə təqdim etdikləri bəyannamələri özləri hazırladığından özlərinə sərf edəcək şəkildə tərtib edirlər. Bələdiyyələr onların istismar etdikləri qum-çınqıl yük maşınlarının və ya vaqonlarının sayını bilmədiklərinə görə heç bir şey edə bilmirlər. 4 karyer isə artıq uzun müddətdir ki, yerli bələdiyyəyə 40 min manatdan çox pul borcludur və məhkəmənin çıxardığı qərara da məhəl qoymurlar.

1 nömrəli məsələ isə insanların örüş yerlərinin, münbit, ağac, kol-kosla dolu olan torpaqlarının karyerlər vasitəsilə yuyulmasıdır. Yerli sakinlər isə çox narahatdırlar. Onlar deyirlər ki, bir gün səhər yuxudan ayılıb görəcəyik ki, şəhər çöküb.

Esmira Hidayətova, Mingəçevir