“Ayaks” son saniyələrdə buraxdığı qolla finaldan məhrum oldu

Dünən “Ayaks” və “Tottenhem” komandaları qitənin bir nömrəli klub turnirində həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxıblar.

Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfində idi. Cavab matçında da Amsterdam təmsilçisi fasiləyə qədər üstün olub – 2:0. Lakin ikinci hissədə qonaqların yarımmüdafiəçisi Lukas Moura 3 qol vuraraq komandasına möhtəşəm qələbə qazandırıb. “Real”, “Yuventus” kimi klubları mübarizədən kənarlaşdıran “Ayaks” matçın son saniyələrində buraxdığı qolla finaldan məhrum olub.

Beləliklə, “Tottenhem” Çempionlar Liqasının finalına yüksəlib. İyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda keçiriləcək həlledici qarşılaşmada rəqib İngiltərənin daha bir təmsilçisi “Liverpul” olacaq. “Liverpul” yarımfinalda İspaniya “Barselona”sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb – 0:3, 4:0.

8 may

23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə) – 2:3

Qollar: Matteys De Liqt, 5. Hakim Ziyeş, 36 – Lukas Moura, 55; 59; 90+6

Baş hakim: Feliks Brıx (Almaniya)

Amsterdam. “Yohan Kroyf Arena”

İlk oyun – 1:0