Ay qız Telli, gəl, üstümü basdır? (Bir oyuçunun monoloqu)

555

– O gün millimizin baş məşqçisinə dedim ki, məni milliyə götürürsən, ya yox? Dedi ki, hərgah bir qədər təcrübəli futbolçu olsa idin, bu iş sənin üçün ucuz başa gələrdi, amma heyif ki, bir qədər cavansan, təqsir özundədir. Dedim, ay kişi, sənin əziz canın üçün, indi dünya elə dönüb ki, indiki cahıllar yaşlılardan min pay təcrübəlidirlər. Dedim ki, bəs mən nə qədər cavan olsam da, o top qovan min yaşlıya dəyərəm. Özüm də, maşallah, lap top kimiyəm. Lakin bir şeyi hələ də başa düşə bilmirəm ki, niyə biz həmişə top kimi ifadəsini işlədirik? Nədən bu və digər futbolçu kimiyəm demirik? Görünür, hələ də bizdə babat futbolçu yetişməyib. Gərək bu boşluğu doldurum. Bir də xüsusi vurğuladım ki, oyunçunun təcrübəsizliyi onun oyununa dəlalət eyləməz. Bax, mən elə əcnəbi oyunçu görmüşəm ki, hələ ağzından süd iyi gəlir, amma ölkəsinin millisində çalışır. Gördüm yox e… baş məşqçimiz çox oyan-buyan eləyir, dedim, mən sözümün üstündə duran adamam, başımı beləcə ağrıtsan, gedib yuxarılarda işləyən, sözləri daşdan keçən bütün qohum-əqrəbamı bura yığacağam. İnsafən, bu sözdən sonra o biçarə yumşaldı, heç səsini də çıxarmadı.

Hə, o gün tanışlarımdan biri deyir ki, bəs sən belə yaxşı oyunçusansa, bir müddət legioner həyatı yaşa, dünya miqyasında tanın. Dedim, a kişi, neyləyirəm axı dünyanın hansısa komandasında top qovmağı, yaxud tanınmağı? Axmaq-zadam bəyəm? O biçarə hələ də anlamır ki, bizim futbolda olan pul dünyanın heç bir futbol komandasında yoxdur. Deyəsən, əsas söhbətdən uzaqlaşdım axı?!

Hə, zarafat deyil, sabah mən millinin heyətində oyuna çıxacağam. Bir baxım görüm, necə oynayacağam, etdiyim minnətə, xahişə dəyərmi? Mənim istədiyim odur ki, özümə layiq oynayım. A kişi, bircə bilmədim ki, bu məşqçi mənim harama təcrübəsiz deyir! Vallah, görünür, baş məşqçinin gözü pis görür. Budur ayna, bu da mən. (Aynaya baxır). Allaha şükür, avtoşluğuma, yeyib-içməyimə söz ola bilməz. Saqqal da saxlamışam, qapqara şəvə kimi. (Diqqətlə baxır). Deyəsən, burada bir dənə ağ tük var. Gərək, dartam çıxsın (Dartır). A zəhrimar! Puf!.. Rədd ol, şarlatan!.. Təcrübəsiz odur ki, bir çox işlərdən başı çıxmaya, mən ki, əlhəmdülillah, dünyanın hər gərdişindən halıyam. Maşallah, deyim ki, göz dəyməsin. (Güzgüyə baxıb ora-burasını düzəldir).

Hə, o gün də mənə əl uzadan komandamızın məşqçisinin heç əlini sıxmadım. Ona dedim, cəhənnəm ol o yana, mürtəd. Məni oyunun ilk dəqiqələrindən meydançadan çıxarırsan, sonra da əl verirsən. Mən haqqımda belə düşünənləri belə cəzalandırıram. Nə isə…

… İndi mən rəqibin cərimə meydançasında topla nə cür rəftar edim ki, azarkeşlərimizin xoşuna gəlsin: hərgah imkan düşən kimi topun alt hissəsindən vursam, top qapının üstündən keçər. Onda azarkeşlər qorxar, elə bilərlər ki, mən, ümumiyyətlə, top görməmişəm. Əgər belə vursam (ayağını topun üst hissəsinə qoyur) onda da azarkeşlər ürkərlər, elə bilərlər ki, məni hansısa məhəllədən tutub komandaya cəlb ediblər. Hərgah bu cürə vursam (topun orta hissəsini göstərir), onda azarkeşlərin məndən lap zəhləsi gedər. Elə bilərlər ki, mən heç məşq-filan görməmişəm. Bəlkə, başla oynayım? Yox, başım heyifdir. Bir də mən hər şeyə baş vuran oğlan deyiləm axı. O qədər baş vurmalı nəsnələr var ki… Bəs topu nə tövr vurum ki, rəqib qapısına getsin? Bəlkə, hamısından yaxşısı budur ki, heç topa yaxınlaşmayıb? Elə meydançada topsuz gəzişim, onda hamının məndə xoşu gələr. Rəqib komandanın azarkeşləri də deyərlər ki, gör bunlarda futbol o qədər inkişaf edib ki, hətta bu, oyunu topsuz da oynaya bilir. Bir də mənim elə bir fiziki hazırlığım yoxdur axı… Mən vur-tut 10-15 dəqiqə meydançada var-gəl edə bilərəm. Halbuki səhv etmirəmsə, bir oyun ən azı 90 dəqiqə çəkir.

Hə, yeri gəlmişkən, günlərin bir günü, axşam saat yeddidə bir oyunda idim. Ada, bir də gördüm ki, birisi dalımca gəlir. Bir az qaçdım, gördüm ki, yenə gəlir. Dedim, yəqin ki, bu mənə ilişmək istəyir. Ha, istədim bir az sürətimi artırım. Nə qədər çalışdımsa, sürətimi artıra bilmədim ki, bilmədim. Bir də gördüm hərif başımın üstünü kəsdirib. Dedim, axı sən məndən nə istəyirsən? Biçarə qorxudan heç ağzını da aça bilmədi. Handan-hana anladım ki, sən demə, təsadüfən qarşıma düşmüş topu məndən almaq üçün həmin bədbəxt dəridən-qabıqdan çıxırmış. Deyəsən, yenə belimin ağrısı tutdu axı… Ay qız Telli, haradasan? Gəl, belimi ovxala, sonra da üstümü basdır…

Qvami Məhəbbətoğlu