Ay bərəkallah…

555

Sovet dönəmində Cahangir adlı bir nəfər bir neçə cavanla sovxoz bağlarından meyvə oğurlayarkən Ağamurad adlı qarovulçu tərəfindən yaxalanır. Qarovulçu onların hamısını o ki var məzəmmət etdikdən sonra hamıdan yaşlı görünən Cahangirə üzünü tutub deyir:

– A kişi, heç sənə ayıb deyilmi ki, bu yaşında cavanlara qoşulub meyvə oğurluğu edirsən? İndi alım səni başıma, vurum yerə?

Bu sözlərin təsirindən qanı qaralan Cahangir kişi qarovulçuya belə bir cavab qaytarır:

– Ay bərəkallah, ay Ağamurad kişi, mən heç bilmirdim ki, qarovulçuluqdan başqa, sənin pəhləvanlığın da var imiş…

… Hə, niyə belə bir baməzə əhvalatla yazıma giriş verdiyimi bəri başdan ərz etmək istəmirəm. Çünki mayanı batıracağımdan qorxuram. Nə isə keçək mətləbə…

Son vaxtlar titullu şəxslərin, daha doğrusu, adlarının qarşısında “Xalq artisti”, “Əməkdar artist” olanların bir-birinin ünvanlarına hədyanlar yağdırması adi hala çevrilib. Hətta iş o yerə çatıb ki, onlar bəzən küçə söyüşlərindən istifadə edirlər. Bu barədə çox yazılsa da, çox deyilsə də, onların bəziləri hələ öz “işlərindədir”. Nə qədər qəribə olsa da, bəzi televiziya kanalları bu hərəkətləri qalmaqal adı ilə üfürməklə onların yeni “çıxışlarına” rəvac verir desəm, yanılmaram. Bir də qəribə burasıdır ki, şou aləmindən pərvəriş tapmış bu ənənə artıq digər sənət sahələrinə də sirayət etməkdədir. Elə bir neçə ay öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında iki xalq artisti arasında söyüşlə müşayiət olunmuş dava-dalaş buna əyani misal deyilmi? Sözün düzü, bu barədə düşünəndə Cahangir kişinin sözləri yadıma düşür və istər-istəməz dillənirəm: “Ay bərəkallah, bunların oxumaq, rol ifa etməklərindən başqa, söyüş söymələri də var imiş ki”.

Bəli, indiki gənc yazarlarımız Sabirə də hədyanlar yağdırırlar, Füzuliyə də, Cəlil Məmmədquluzadəyə də, Həsən bəy Zərdabiyə də, Bəxtiyar Vahabzadəyə də, Məmməd Araza da, Xəlil Rza Ulutürkə də… Hətta onlardan biri bu yaxınlarda lap baltanı kökündən vurmaqla “rekorda” imza atıb. Görün o nə deyir. Deyir ki, “o şairləri, yazıçıları yaşadan xalq yox, onların cismani oğulları, qohum-əqrəbasıdır. Adını da qoyublar ki, guya xalqın mənəvi dəyərlərini qoruyuruq. Kim gəldi deyirik ki, milli-mənəvi dəyərdir. Səməd Vurğunun nəyi mənəvi dəyərdir? “Ceyran qaçar, cüyür mələr”. Yaxud Abbas Səhhətin nəyi mənəvi dəyərdir? “Vətəni sevməyən insan olmaz. Olsa da, ol şəxsdə vicdan olmaz”. Bunlar mənəvi dəyər deyil, mənəvi zəhərdir. Necə yəni vətəni sevməyən insan olmaz? Bu, söyüşdür, şeir deyil”. Üstəlik, ərz edir ki, bəs cəmiyyətdə dağıdılması vacib olan belə çox mif var. Sonra da təşəxxüslə bildirir ki, mən hətta bunlara mif yox, bir az kobud formada “paz” deyərdim (Yeri gəlmişkən, “paz” sözü dilimizdə bir şeyi yarmaq, ya genəltmək üçün ucu nazik, getdikcə yoğunlaşan ağac və ya dəmir parçası anlamındadır). Mənə elə gəlir ki, sabahkı gənclik onun özünü də belə adlandıracaq. Deyəsən, belə bir deyimiz də var axı: pazı pazla çıxararlar. Burada deyiblər də, kim əlinə çəkic götürsə, hər şeyi mismar görəcək. Sözün düzü, bu barədə düşünəndə də Cahangir kişinin sözləri yadıma düşür və istər-istəməz dillənirəm: “Ay bərəkallah, bunların özlərinin ortaya bir şey qoymamaqlarından başqa, dünənlərinə meydan oxumaq bacarıqları da var imiş ki”.

Sizi bilmirəm, mən müşahidələrimə əsasən, bu qənaətə gəlmişəm ki, indi gündəmə gəlmək, yaxud kifayət qədər tanınmaq istəyirsənsə, gərək bu yolla gedəsən. Yəni ya söyüş söyəsən, ya da tanınmışları əməlli-başlı yıxıb sürüyəsən, onların üstünə gedəsən. Əks halda, heç bir “uğur”a imza ata bilməzsən. Sözün düzü, bu barədə düşünəndə də Cahangir kişinin sözləri yadıma düşür və istər-istəməz dillənirəm: “Ay bərəkallah, mənim də bu kimi nəsnələri yazmaqdan başqa, kimlərinsə bostanına daş atmağım da var imiş ki”. Düşünürəm ki, elə bu yazı mənim də tanınmağıma vəsilə ola bilər. Allah, özün işimi avand elə! Ümidim sənədir.

Qvami Məhəbbətoğlu