“Axtaran tapar” deyiminin bizim kanallara dəxli yoxdur

622

Sizdən nə gizlədim. Bir neçə gün öncə həyat yoldaşımla aramız möhkəm dəydi. Yox, aramızda elə bir ciddi problem yox idi. Heç bilirsinizmi mübahisəmiz nədən qaynaqlandı?

O gün necə oldusa milli kanallarımızın verilişlərinə baxmaq könlümə düşdü (Hərdən mənim belə tutmalarım olur). Odur ki, pultu yoldaşımın əlindən alıb, kanalları bir-bir gəzməyə başladım.

… Bir xanımın aparıcılıq etdiyi verilişdə çox hörmətli ekspertlərin “ov”larının üstünə iştaha ilə getmələrini görəndə, sözün düzü, mat-məəttəl qaldım. Onlar “ov”larını elə günə qoydular ki… İnandırım sizi, həmin ekspertlərin bəziləri, sadəcə, ekranda iri planda görünmək xatirinə, söz demək üçün dəridən-qabıqdan çıxırdılar desəm, yanılmaram. Düşündüm, axı onlara yaxşı tanımadıqları, həyat və fəaliyyətinə dərindən bələd olmadıqları bir insanı bu dərəcədə kəskin ittiham etmək haqqını kim verib? Bir yandan da həmin verilişin iştirakçılarının özlərini yas yerindəki kimi aparmaları məni lap hövsələdən çıxardı. Odur ki, elə bu kimi səbəblərdən aparıcının: “Bizimlə qalın, kanalı dəyişməyin” yalvarmasına baxmayaraq kanalı dəyişdim.

… Digər kanalda adını dəqiqləşdirə bilmədiyim serial gedirdi. Gənc rejissorun çəkdiyi bu serialda aparıcı aktyorların həmin rejissorun ailə üzvləri, dost-tanışları olduğunu görəndə təəccübləndim. Odur ki, filmdən çox, həmin iştirakçılar barədə düşünməyə başladım. Dedim, əcəba, bunlar hara, film hara? Olmaya, həmin rejissor ailə, qohum-əqrəba studiyası açıb, xəbərim yoxdur? Hətta seriala məni dəvət etmədiyinə görə ona bir mesaj da göndərmək istədim. Elə bu fikirdə ikən tanınmış bir aktyorumuzun ekranda görünməsi məni xəyal aləmindən ayırdı: “Hə, dedim, elə bu aktyora görə seriala baxmaq olar”. Lakin bir neçə dəqiqədən sonra gördüm ki, həmin bu aktyor öz oyunu ilə ailə ansamblının bacarıqsızlığını ört-basdır etməkdə çətinlik çəkir. Yəni, əgər belə demək mümkünsə, o biçarə aktyor çabalaya-çabalaya qalıb. Ürəyim dözmədi, dedim, bəlkə həmin aktyora zəng edib iradımı bildirim. Birdən bir neçə gün öncə aktyorun dediyi sözlər yadıma düşdü: “Məcburiyyət qarşısında çəkilirəm, çünki pula-paraya ehtiyacım var. Doğrudur, oyunuma görə verdikləri də bir şey deyil, amma neyləyim, bikarçılıqdansa buna da min şükür. Bir də unutma ki, şair demişkən, ehtiyac qul eylər qəhrəmanı da…”

Elə mən bu düşüncələrdə ikən həyat yoldaşım dilləndi:

– A kişi, kanalları çoxmu gəzəcəksən? Qoy illərdən bəri baxdığım serialın növbəti seriyasına baxım da…

– Ay arvad, hər gün bu pult sənin əlində olur, qoy bir gün də mənim əlimdə olsun, barı. Sən də, maşallah, elə bil yerli kanallarımıza qənim kəsilmisən e… Səni heç onlara baxan görmədim ki…

– Bizimkilərdə bir maraqlı veriliş olur ki…

– Axtarsan olar…

Həyat yoldaşım hirslə: “Sən axtarmaqda ol”, – deyərək mətbəxə keçdi.

Bu sözü ilə o sanki başıma bir qazan qaynar su tökdü. Kanallarımıza qarşı olan bu “qeyri-etik” reaksiyasına görə onu özümdən asılı olmayaraq yüngülvarı acılaya-acılaya yenə kanalı dəyişdim. Bu kanalda bir vur-çatlasın var idi ki, gəl görəsən. Hətta müğənninin ifası tamaşaçıları elə riqqətə gətirmişdi ki, ağsaqqal kişilər, ağbirçəklər də qol götürüb oynayırdılar. Verilişin aparıcısı olan cavan oğlan da əlinə imkan düşən kimi öz verilişini o ki var tərifləyirdi.

Yenə kanalı çevirdim, bu kanalda falçılar öz məharətlərini göstərirdilər… Növbəti kanalda isə hansısa xanım müğənninin yataq otağı nümayiş olunurdu… Xülasə, daha bir neçə kanal da dəyişdim. Amma mənə maraqlı gələn bir veriliş tapa bilmədim ki, bilmədim.

Mətbəxə keçib həyat yoldaşımdan üzr istəyərək dedim: “Götür pultu, ənənəni davam elə, istədiyin kanalı izlə…” Həyat yoldaşım yarızarafat-yarıgerçək dilləndi: “Unutma ki, “axtaran tapar” deyiminin bizim kanallara heç bir dəxli yoxdur”.

 

Qvami Məhəbbətoğlu