Axşam saatlarında Mingəçevirdə möhtəşəm su festivalı keçirilib

644

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 23-də Mingəçevir şəhərində davam edib. Həmin gün axşam saatlarında Heydər Əliyev parkında möhtəşəm su festivalı keçirilib. Əvvəlcə tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Mingəçevir sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Mingəçevir şəhərinədək keçdiyi səyahət yoluna, o cümlədən Mingəçevir mərhələsinə nəzər salınıb. Məlumat verilib ki, Xəzərdən başlayan səyahət çərçivəsində təşkil edilən su festivallarının keçirilməsində əsas məqsəd xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə yanaşı, eyni zamanda həmrəylik və sevinc hissini bəxş etməkdir.

Sonra “Bakı-2017″nin misdən hazırlanmış səhəngini Kür çayından su ilə dolduraraq Heydər Əliyev parkına gətirən sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov alqış sədaları altında səhnəyə dəvət olunub. Heydər Əliyev parkında keçirilən festival əsl xalq bayramına çevrilib. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev çıxış edərək ölkəmizi bu mötəbər yarışda təmsil edəcək bütün idmançılara uğurlar arzu edib.

“Mirvari” rəqs qrupunun, Mingəçevir musiqi qrupunun üzvlərinin və yerli ifaçı Elsevər Məmmədovun çıxışı şəhər sakinlərində yüksək əhval-ruhiyyə yaradıb. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.

Su səhəngini daşıyan festival iştirakçısı, sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev möhtəşəm su festivallarının “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına xüsusi rəng qatdığını deyib: “Bizim burada iştirakçı kimi məqsədimiz həmrəylik və sülh dəyərlərinin mahiyyətini ön plana çəkməkdir. Vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.

YAP Mingəçevir şəhər Gənclər Birliyinin sədri, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev müsahibəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Əminəm ki, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi olan bu oyunlar dostluq, həmrəylik və birlik bayramına çevriləcək. Biz 2015-ci ildə Mingəçevirdə keçirilən Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarının şahidi olduq. Şəhərimiz həmin mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmizin paytaxtı ilə yanaşı bölgələrinin də inkişaf etdiyini nümayiş etdirdi. İnanıram ki, Azərbaycan gələn ay IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə müsəlman ölkələri arasında əməkdaşlığa və dostluğa öz töhfəsini verəcək”.

Qeyd edək ki, 37 gün ərzində ölkəmizin 15 bölgəsində reallaşdırılacaq “Xəzərdən başlayan səyahət” proqramı 3 min kilometr məsafəni qət etməklə mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Ölkəmizin müxtəlif şəhər və rayonlarından olan uşaqlar və idmançılar göl, çay, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə gələn ay Bakıya toplaşacaq İslam dünyasının 50-dən artıq dövlətinin nümayəndə heyətlərini salamlayacaqlar. Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı aprelin 25-də Qax rayonu olacaq.

Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Mingəçevir şəhərindəki mərhələsinə Kür çayından su götürülməklə start verilib. Kür çayında hərəkət edən motorlu qayıqda olan sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov “Bakı-2017″nin misdən hazırlanmış səhəngini Kür çayının suyu ilə dolduraraq şəhərdəki Heydər Əliyev parkında keçiriləcək “Su festivalı”na yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017″nin açılış mərasimində nümayiş etdiriləcək.

Esmira Hidayətov, Mingəçevir.