Axı nə vaxta qədər?

751

Hərdən bir neçə məsələ məni öz ağuşuna alır. Lakin nə qədər çalışıramsa, onlara cavab tapa bilmirəm ki, bilmirəm. Nəticədə məni mürgü basır. Həmin məsələlərdən biri budur: bizim bəzi məmurlar bu və ya digər problemlə üzləşənlərə adətləri üzrə belə bir mesaj göndərirlər: “3-5 nəfər gəlsin kabinetimə, qəbul edim, baxım görüm nə istəyirlər”. Belə çıxır ki, yüzlərlə qoyunu hər gün örüşə çıxaran bir şəxs sürünü özbaşına buraxıb, onların qəbuluna gəlməlidir. Yaxud iş yerində problemlə üzləşmiş yüzlərlə işçi işlərini atıb, icra hakimiyyətinə üz tutmalıdır. Axı niyə həmin məmurlar özləri camaatın ayağına getmək istəmirlər? Yoxsa özlərinə sığışdırmırlar, hə? Məgər xəbərləri yoxdurmu, ölkə başçısı dəfələrlə deyib ki, dövlət məmuru xalqın xidmətçisidir? (”Xidmətçi” insanların ehtiyaclarını təmin etmək məqsədilə məşğul olan şəxs anlamındadır. Bu ifadənin sinonimi isə qulluqçudur). Niyə onlar bu sözləri qulaqlarına sırğa etməyib, öz bildikləri şəkildə çalışırlar? Axı nə vaxta qədər?
Kənd Təsərrüfatı Nazirliyi bineyi-qədimdən paytaxtda öz işini “görür”. Məgər paytaxtda kənd təsərrüfatı ilə məşğul olanlar var? Elə isə həmin nazirliyin mərkəzdə nə işi var? Məgər bu nazirliyi aran, yaxud dağ rayonlarının birində məskunlaşdırmaq olmaz? Nə qədər qəribə olsa da, son illər bu nazirlik paytaxtda təşkil etdiyi yarmarkalarda tər tökür. Niyə bir soruşan yoxdur ki, ay nazir, yaxud nazirlik sən hara, yarmarka hara? Ooy bu işlə şəhərlərə cavabdeh olan şəxslər məşğul olsunlar da… Sən isə get, məhsul istehsalı ilə məşğul ol, heç olmasa, bu sahədə çalışanların yanında ol, onların bir işinə yara da… Niyə bir deyən yoxdur ki, sən təsərrüfatlara, təsərrüfatçılara yaxın olsan, belə yarmarkalara əsla ehtiyac olmaz. Sən isə çəkilmisən paytaxtın bir küncünə. Oradan ara-sıra kimsəyə lazım olmayan rəqəmlərlə baş girləyirsən. Axı nə vaxta qədər belə olacaq?
Neçə illərdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xətti ilə əlillərə avtomobillər hədiyyə olunur. Bu da onların rahatlıqlarında müəyyən rol oynayır. Bu mənada bu tədbir, təbii ki, təqdirəlayiqdir. Məgər belə bir üsulu müəyyən şərtlərlə kənd camaatına tətbiq etmək olmazmı? Yox, mən demirəm ki, onlara avtomobillər verilsin. Amma deyirəm ki, onlara dövlət xətti ilə inək, qoyun hədiyyə olunsun. Bununla kəndçi sonradan özünə avtomobil də ala bilər, digər işlərini də sahmanlaya bilər. Bu həm də kənd təsərrüfatımızın inkişafına bir təkan olar da… Amma nədənsə onlara hansısa yardım verməklə kifayətlənirik. Axı nə vaxta qədər?
Bəli, bizim gül kimi Milli Elmlər Akademiyamız var, orada da dəqiq elm sahələrində çoxlu dəyərli alimlərimiz fəaliyyət göstərirlər. Elmi axtarışlarımız indi də davam etdirilməkdədir. Bütün bunlara kifayət qədər vəsait də ayrılır. Amma di gəl, üzərində “Made in Azerbaijan” sözü yazılmış elmi tutumlu məhsula rast gəlinmir ki gəlinmir. Elə bu səbəbdən də bir şey lazım olan kimi Qərbə boylanırıq. Axı nə vaxta qədər belə olacaq?
Orta məktəbdə Sadıq müəllim adlı bir riyaziyyat müəllimimiz var idi. Məsələ, misal həllində yaxşı oxuyan şagirdlər zəiflərə kömək etmək istəməyəndə o rəhmətlik həmişə belə deyərdi: “Ay bala, onlara da kömək edin. Unutmayın ki, bir zaman gələcək onlar sizin müdiriniz olacaqlar”. Onda yaxşı oxuyanlar soruşardılar: “Müəllim, bu savadla?” Sadıq müəllim də gülə-gülə deyərdi: “Hə, elə bu savadla”.
İndi çox yerlərə elə həmin savadla belələri rəhbərlik edirlər. Elə bu səbəbdən onlar işlərinin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Di gəl, kimsə onlara güldən ağır söz demir. Axı nə vaxta qədər belə olacaq?
Yox, məni narahat edən təkcə bunlar deyil. Onların sayı çoxdur. Onlardan gələn dəfə də yaza bilərəm. Amma qorxuram oxucularım soruşarlar ki, axı bu nə vaxta qədər?
q.mehebbetoğlu@zaman.az