“Avtomobillərin texniki baxışı formal xarakter daşıyır”

0
403

Nicat İntiqam
“Azərbaycanda avtomobillərin texniki baxışını ləğv etmək lazımdır. Özü də tez bir zamanda. Nə üçün, hansı səbəbdən, izah edim. Bu, tək mənim yox, ölkəsinin gələcəyini, düşdüyümüz çətin iqtisadi durumdan çıxmaq istəyən, ağlı başında olan hər kəsin fikridir, həm də tək Azərbaycanda deyil, dünya təcrübəsində sınanmış addımdır”. Bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılovun öz “feysbuk” səhifəsində paylaşdığı statusdandır. Hüquqşünas yazır ki, bir çox insanların yazdıqları müraciətlərdən bəlli olur ki, bu gün Azərbaycanda “Texniki baxış” adı altında kütləvi korrupsiya faktları baş verir: “İnsanlardan mənasız olaraq 2-3 qat rəsmi rüsumdan artıq rüşvət alınır və üstəlik, minnət də qoyulur. Əks halda isə süründürməçiliklə üzləşirlər. Ölkəmizdə baş verən bugünkü maddi sıxıntılar dövrü insanların bu cür dələduzluqla soyulması artıq bütün əsəblərin sıradan çıxarılmasına qulluq edir. Antikrizis tədbirləri deyəndə birinci növbədə bu cür insanlara birbaşa toxunan korrupsiya nöqtələri aradan götürülməlidir. Bu addımdan udan bütöv Azərbaycan xalqı, uduzan isə bir qrup korrupsioner məmur olacaq. Seçim isə ölkə rəhbərliyinindir”.
“İşləməyən maşını belə…”
Mövzu ilə bağlı fikrini öyrəndiyimiz sürücü Sarvan İbrahimov (ad-soyad şərtidir) dedi ki, texniki baxışın ləğv olunmasının tərəfdarıdır: “92-ci ildən bu yana avtomobil idarə edirəm. Azərbaycanda işləməyən maşını belə, texniki baxışdan keçirmək olur. Maşın xarab olanda düzəltdiririk, təbii ki, heç kim xarab maşınla yola çıxmaz. Azərbaycanda avtomobillərin texniki baxışı formaldır. Texniki baxışdan keçirdiyin avtomobili bir-iki ay sonra satası olsan, təkrar texniki baxışdan keçirirsən. Bəs bu nəyə lazımdır? Alqı-satqı zamanı maşını texniki baxışdan keçirəndə mütləq bir bəhanə tapırlar”.
“Dünyanın bir çox ölkələrində texniki baxış yoxdur”
Nəqliyyat üzrə tanınmış ekspert Azər Allahverənovun isə Azərbaycanda texniki baxışın ləğvi təklifinə münasibəti belə oldu: “Məsələyə bir neçə konteksdən yanaşmaq lazımdır. Mən hüquqşünasla həmrəyəm, o baxımdan ki, dünyanın bir çox ölkələrində texniki baxış yoxdur və bu könüllü xarakter daşıyan bir məsələdir. Azərbaycanda isə həmin ölkələrdən fərqli olaraq, bu, icbari xarakter daşıyır. Buna görə də nəqliyyat vasitələri bir qayda olaraq texniki baxışdan keçməlidirlər. Əks halda, bu cür sürücülərə qarşı cərimə sanksiyaları və s. tərtib olunur. Amma burada reallıqdan çıxış eləsək, nə baş verir: reallıq belədir ki, Azərbaycanda əvvəllər texniki baxışla bağlı daha sərt qaydalar mövcud idi. Bu sərt qaydalar həm texniki baxışda nəzərdə tutulan xərclərlə bağlı idi, həm də hər il icbari şəkildə nəqliyyat vasitələri texniki baxışdan keçməli idilər. Artıq Azərbaycanda bir qədər yüngülləşdirilib bu proses. Yüngülləşdirilməsi onunla bağlı oldu ki, texniki baxış üçün müayinə haqqı 20 manat məbləğində müəyyən edildi. Digər tərəfdən də, yüngülləşmə oldu avtomobilin ilinə görə. Təbii ki, 15 il, 20 il bundan əvvəl istehsal olunmuş maşınla 3 il, 5 il bundan əvvəl istehsal edilmiş avtomobil arasında fərqlər çoxdur. Buna görə də istehsal tarixi 4 il olan avtomobillər texniki baxışdan keçirilmir. 4 ildən sonra isə 10 ilə qədər hər 2 ildən bir texniki baxışdan keçirilir. Yalnız istehsal tarixi 10 ildən çox olduqda avtomobil hər il texniki baxışdan keçirilir. Yəni fikir versəniz, texniki baxışla bağlı şərtlər Azərbaycanda yumşaldılıb. Texniki baxış tam ləğv olunmasa da, sürücülərin işi bir qədər yüngülləşib.
“Formal texniki baxışlar araşdırılmalıdır”
Bir məqamı da qeyd etmək yerinə düşər. Bizim sürücülərdə çox maraqlı bir yanaşma var. Məsələn, qadağan edici nişan varsa, çalışacaqlar ki, əməl eləsinlər. Şəhərin bir çox küçələrində əsas yollarda sürət həddi saatda 60 kilometrdir. Fikir verin, harada bu nişan varsa, sürücülərin çoxu qaydanı pozmur. Harada o nişan yoxdursa, sürücülər arxayın olurlar ki, mən maşını burada 80 və ya 90-la da sürə bilərəm. Halbuki şəhərdaxili yollarda sürət həddi saatda 60 kilometr, məhəlləarası yollarda saatda 20 kilometrdir. Qısası, bizim sürücülər daha çox icbari xarakter daşıyan, səciyyə daşıyan məsələlərə daha uyğun davranmağa meyilli olurlar. Məsələn, sığortanı götürək. İcbari sığorta bizdə icbaridir, məcburidir. Sürücülər nəqliyyat vasitəsini bir il müddətinə sığortalandıqdan sonra avtomobillərini rahat şəkildə sürə bilərlər. Texniki baxış zamanı aşkar olunur ki, bir çox avtomobillərin sığortası yoxdur. Deməli, texniki baxış da icbari xarakterli olduğu üçün sürücülər avtomobilləri yoxlamaya aparırlar”.
Formal texniki baxış məsələlərinə gəldikdə isə, təbii ki, bu bir qüsurdur, araşdırılmalıdır, üzə çıxarılmalıdır. Buna görə cavabdehlik, məsuliyyət daşımalıdırlar ki, nə üçün bu formal keçirilir.
Xaricdəki sürücülər belə yanaşırlar məsələyə: bu mənim maşınımdır, bunu təhlükəsiz şəkildə idarə eləmək qabiliyyətinə malik olmalıyam, texniki cəhətdən saz vəziyyətdə, istismara yararlı olmalıdır. Bunun üçün də xaricdəki sürücülər aparırlar maşınlarını texniki müayinədən keçirirlər və potensial bir təhlükə olarsa, onu aradan qaldırırlar.
Bizdə isə necədir: dişimiz ağrıyır boş veririk, dərman atırıq və bir də pis vəziyyətə düşəndən sonra gedirik həkimin yanına. Bıçaq sümüyə dirənəndə, ölümcül vəziyyətə düşəndə qaçırıq həkimə. Halbuki normal şəkildə bunu vaxtında etmək də olar. Necə ki, öz səhhətimizə laqeyd yanaşırıq, eləcə də öz maşınımıza o cür yanaşırıq, həmin maşınla daşıdığımız insanların həyatı ilə də oynamış oluruq. Ona görə də hökumət icbari şəkildə edir ki, heç olmasa (formal texniki baxışdan keçənləri nəzərdə tutmuram), sürücülər bu yolla avtomobillərini texniki baxışdan keçirsinlər.
“Mənə dedilər pulun artıqlıq edir?”
Mən düşünürəm bizim müvafiq icra qurumları görsələr ki, bizim sürücülər, həqiqətən də, məsuliyyətlidirlər, sürdükləri maşının texniki baxışına və digər məsələlərə laqeyd deyillər, əminəm ki, gec və ya tez, bizdə də dünyanın qabaqcıl ölkələrində olduğu kimi texniki baxış ləğv olunacaq. Amma buna qədər biz hələ çox yol getməli olacağıq.
Sizə bir misal çəkim: mən öz avtomobilimi az sürürəm. Bir il keçəndən sonra getdim servisə ki, yağını dəyişim. Servisdən mənə dedilər, sizin avtomobiliniz bu yağla daha bir neçə min kilometr məsafə qət edə bilər. Onlara dedim, avtomobilin zavod kitabçasında da yazılıb ki, hətta avtomobil az sürülsə belə, yağın yararlılıq müddəti bir ildir. Mənim avtomobilimdə bir il tamam olduğu üçün xahiş etdim ki, yağımı dəyişsinlər. Mənə dedilər, pulun artıqlıq edir? Onlara yağın yararlılıq müddəti barədə məlumat verdim və dedim, əgər bu müddət tamam olandan sonra yağ dəyişdirilməsə, mütləq hansısa bir problem yaradacaq. Bunu mən demirəm, bunu nəqliyyat vasitələrini istehsal edən zavod deyir, bunu texniki ədəbiyyat deyir. Hər bir nəqliyyat vasitəsinin özünün pasportu var. Nəhayət, onları başa sala bildim. Yəni bütün bunlar şüur məsələsidir. Mənim kimi avtomobilini az sürənlər varsa, əminəm ki, yağı lap 5 il də dəyişməyəcəklər. Deməli, bunları harada aşkarlamaq mümkündür – ya sürücünün öz yanaşması zamanı, ya da texniki baxış zamanı”.
“Avtomobillərin texniki baxış ilini artırsınlar”
Texniki baxışla bağlı problemlər müvafiq icra qurumlarının məsələyə yanaşmasından irəli gəlir. Daha dəqiq desək, barmaqarası baxmasından irəli gəlir. İstismara yararlı olmayan, amma istismarda olan maşınlar yollarda hərəkət zamanı dərhal saxlanılmalıdır. Onlar texniki baxışdan keçirilməli və yararlı olub-olmaması ilə bağlı qərar çıxarılmalıdır. Bir daha deyirəm, problemlər müvafiq icra orqanlarının məsələyə münasibətindən irəli gələn məsələdir.
Mən təklif edərdim ki, avtomobillərin texniki baxış ilini artırsınlar. Tutaq ki, istehsal ili 10 ilə qədər olan maşınlar məhz 10 ildən sonra icbari şəkildə texniki baxışa cəlb olunsunlar. O ki, qaldı könüllü texniki baxışa – bu mənim özümdən asılı olan bir məsələdir. Mən maraqlı olmalıyam ki, sürdüyüm maşın texniki cəhətdən saz olsun.
“Hər bir avtomobilin kilometraj üzrə sərfiyyat müddəti var”
Hər bir avtomobilin özünün kilometraj üzrə sərfiyyat müddəti var. Məsələn, neçə min kilometrdən sonra tutaq ki, hansısa ehtiyat hissəsi dəyişdirilməlidir. Çox zaman sürücülər bu barədə məlumatlı olmurlar. Mən otururam maşının pasportuna baxıram, ehtiyat hissələrinin sərfiyyat cədvəlinə baxıram. Çoxmu sürücü var, oturub bu sənədlərlə tanış olur, maraqlanır, əməl edir? Nə zamana kimi ki, bu cür sürücülər 3-5 faiz, 10 faiz təşkil edəcək o zamana qədər də texniki baxışın icbari şəkildə həyata keçirilməsi davam edəcək. Nə zaman ki, texniki baxışa əhəmiyyət verməyən sürücülərin sayı 3-5 faizdən az olacaq, bax onda texniki baxış ləğv oluna bilər.