Avtomobillərin qiyməti nə qədər ucuzlaşıb?

0
533

Son vaxtlar avtomobillərin qiymətinin aşağı düşməsi maşın almaq istəyənlərin ürəyincədir. Bəs, görəsən, avtomobillərin qiyməti nə qədər aşağı düşüb? Əgər qiymət azalması varsa, bunun səbəbi nələrdir? Bütün bunlara cavab tapmaq üçün bu mövzuda təcrübəsi olanlara müraciət etdik.

“Məcbur qalaraq aşağı
qiymət təklif edirlər”
Avtomobil alqı-satğısı ilə bağlı 18 illik təcrübəsi olan Ceyhun Vəliyevin sözlərinə görə, ölkəmizdə maşın qiymətlərinin aşağı düşməsi əsasən dolların bahalaşması ilə oldu: “Amma dolları manata çevirəndə elə də qiymət ucuzlaşması olmadığı görünür. Son dövrlərdə maşın bazarında alıcı qıtlığı var. Bəziləri bunu bildikləri üçün avtomobili təklif edilən qiymətə satmağa məcbur olur. Bu baxımdan ucuzlaşma müşahidə olunur”.
Ceyhun Vəliyev dedi ki, bir çox insanların məcbur qalaraq maşınlarını satmalarının səbəbi kredit borclarının olmasıdır: “Reallıq isə odur ki, bazarda alıcı azalıb”.
Müsahibimiz bildirdi ki, Rusiya istehsalı və “Avro 4” standartlarına uyğun olan avtomobillərin satışında bəzi fərqlər var: “Məsələn, “İnomarka” dediyimiz, buraxılış ili 1999-cu il olan bir avtomobili bazara çıxarıb, 8000 ABŞ dolları qiymət qoysaq, çox az alıcı maraqlanacaq. Amma Rusiya istehsalı olan normal səviyyədə maşını 4000 ABŞ dollarına almaq mümkündür. Bu baxımdan “İnomarka” satanlar, maşın almaq istəyənlərdə maraq yaratmaq üçün məcbur qalaraq aşağı qiymət təklif edirlər. Bu, əslində Rusiya istehsalı olan VAZ 2106 və 2107 markalı maşınlara da aiddir. Məsələn, 2002-ci il istehsalı olan VAZ 2107-ni əvvəllər 2500-3000 dollara almaq mümkün olurdu, amma indi 1200-1500 dollara da almaq olar. Amma bu, o demək deyil ki, 1500 dollar pulu olan bazara gedib maşın ala bilər. Kimsə alıcı qıtlığından məcbur qalaraq satırsa, bu, bütün maşınlara aid deyil”.
Sonda həmsöhbətimiz qeyd etdi ki, əvvəllər 10 min dollara satılan maşınları indi 5500, 6000, 7000 dollara almaq mümkündür.

“İlin sonuna qədər qiymət
azalmaları davam edəcək”
Bazarda avtomobil satışında durğunluq olmasından danışan iqtisadçı Vüqar Bayramov mövcud vəziyyəti belə şərh etdi: “Apardığımız monitorinqlər göstərir ki, bəzi avtomobil şirkətlərinin satış həcmi yarıbayarı azalıb. Bu da alıcıların və tələbatın azalması ilə bağlıdır. Qiymət azalması təkcə yeni maşınlara yox, ili köhnə olanlara da aiddir. Bu baxımdan müxtəlif sektorlar üzrə tələb təklif dəyişib. Tələbin ən çox azalması xüsusən, ili köhnə olan avtomobillərdə müşahidə olunur. Buraxılış ili köhnə olan minik vasitələrini əsasən Rusiyada yaşayan azərbaycanlılar öz qohumlarına alırdılar. Rusiyadakı iqtisadi böhranın da az təsiri olmayıb. İli köhnə olan avtomobillərdə il ərzində 10% qiymət azalması müşahidə edilib. Digər azalma müşahidə olunan maşınlar isə ili 2005-2010 intervalında olanlara aiddir. Əslində bu maşınlara təklif artıb, amma tələb dəyişmədiyi üçün bu da qiymət azalmasına gətirib çıxarıb. Həmin kateqoriyada olan maşınların qiymətində 7% azalma müşahidə edilib”.
Yeni avtomobillərdə də qiymət azalması olduğunu dilə gətirən iqtisadçı qeyd etdi ki, tələbin azalması burada da qiymətə təsir göstərib: “Güman olunur ki, ilin sonuna qədər qiymət azalmaları davam edəcək. 2015-ci ilin növbəti aylarında da avtomobillərin qiymətinin aşağı olacağı proqnozlaşdırılır”.

Rasim Məmmədli