Avtobusların gəliş vaxtı düz göstərilmir

416

Bakı şəhərində bir neçə xətt üzrə avtobuslar vahid kart ödəmə sisteminə keçdi. Bir müddət sonra bütün marşrut avtobuslarının vahid kart sisteminə keçəcəyi bildirilsə də, bu baş vermədi. Yəni hələ də nağd ödəmə sistemi ilə işləyən marşrut avtobusları kifayət qədərdir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mayis Ağayev “Yeniavaz.com”a açıqlamasında hazırda Bakı şəhərində 17 marşrut xətti üzrə avtobuslarda vahid kart ödəmə sisteminə keçildiyini dedi. Onun sözlərinə görə, digər avtobuslar da yaxın vaxtlarda kart sisteminə keçəcəklər: “Bəzi texniki məsələlər var ki, onları həll etmək lazımdır. Bakı Nəqliyyat Agentliyi bu məsələ üzrə işlər aparır ki, bütün avtobuslar tez bir zamanda vahid kart sisteminə keçsinlər”.
Qurum rəsmisi həmçinin dayanacaqlarda quraşdırılan monitorların əksəriyyətinin işləməməsi, ya da yanlış məlumat verməsi məsələsinə də münasibət bildirdi. Onun sözlərinə görə, problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin də məlumatı var: “Bir şeyi unutmaq lazım deyil ki, BNA-i bir ildir ki, fəaliyyət göstərir. Ancaq həmin terminallar əvvəllər quraşdırılıb, yəni bizdən əvvəl bu sahəyə aid olan qurum quraşdırıb. BNA yarandığı gündən həmin terminalların təyinatı üzrə işləməsi və nəzərdə tutulan xidmətin göstərilməsinə nail olması üçün işlərə başlayıb. Onu da qeyd edim ki, tərəfimizdən bəzi dayanacaqlarda quraşdırılan monitorlar işlək vəziyyətinə gətirilib və dəqiq işləyir. Yəni sistem test rejimində işləyir. Bir müddətdən sonra bütün quraşdırılmış monitorlar dəqiq işləyəcək, inanıram ki, gözlənilən nəticəni verəcək”.
Ruzbeh Məmməd